waplog

Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi təkmilləşdirilir


Azərbaycanın bitki genetik ehtiyatları (BGE) üzrə informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.
 
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, AMEA Rəyasət Heyətinin iclasında Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov və şöbə müdiri Afiq Məmmədov "Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi” mövzusunda məruzə il çıxış ediblər.
 
Bildirilib ki, Azərbaycan Respublikasının “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanununda məlumat bazalarının yaradılması mühüm vəzifə kimi qeyd edilir:
 
“Akademik Cəlal Əliyevin elmi rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq, BGE üzrə informasiya məkanının əsasları hazırlanıb, yeni informasiya axtarış sistemi yaradılıb və onun bazasında milli inventarlaşdırma həyata keçirilib. Müvafiq proqram təminatından istifadə edərək morfoloji, botaniki və ekoloji informasiya, bir sıra növ, qrup, ekosistem müxtəlifliyi haqqında məlumatlar toplanıb və təhlil edilib”.
 
İnformasiya sistemi çərçivəsində mədəni bitkilərin və onların yabanı əcdadlarının milli genetik fonduna daxil olan 118 fəsilə, 432 cins, 847 növə aid 11000-ə qədər qiymətli bitki nümunəsi haqqında informasiya toplanaraq hərtərəfli təhlil olunub, toplanma və bərpa fəaliyyətləri üçün tövsiyələr hazırlanıb.
 
Məruzə Rəyasət Heyəti tərəfindən bəyənilmiş, tədqiqatların genişləndirilməsi tövsiyə olunub. Tam informasiya sisteminin və üçölçülü interaktiv xəritələrin yaradılması, ölkədə biomüxtəlifliyin etibarlı mühafizəsi və səmərəli istifadəsi istiqamətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin AMEA Aqrar Elmlər Bölməsi ilə birgə tədqiqatların aparılması qərara alınıb.
 
 
Həqiqət İSABALAYEVA


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL