waplog

Unikal “Online fikir bankı”na təqdim edilən ideyaların sayı artır


 "İKT ili"ndə başlayan unikal "Online fikir bankı"na təqdim edilən layihələrin sayı artır. Artıq banka müxtəlif kateqoriyalar, o cümlədən "Rabitə və telekommunikasiya" üzrə 4, "Tibb və sağlamlıq" üzrə 3, "Ətraf mühit" üzrə 7, "Nəqliyyat" üzrə 9 ideya təqdim edilib.

Həmçinin veb-saytda yerləşdirilən fikir və ideyalar sırasında "Sosial xidmətlər" üzrə 8, "İqtisadiyyat" üzrə 4, "Təhsil" üzrə 16, "Əyləncə" üzrə 5, "Media" üzrə 4, "Milli-mədəni irs" üzrə 2, "Turizm" üzrə 1, "Mədəniyyət" üzrə 1 ideya yer alıb. Qeyd edək ki, "Online fikir bankı" layihəsinin əsas məqsədi ölkənin inkişafı yönümündə gənclər tərəfindən irəli sürülən fikir və ideyaları bir yerə toplamaq, gənclərin ölkə daxilində daha da inkişaf etdirmək istədikləri sahələri müəyyənləşdirmək, onların fikir və ideyalarını düzgün istiqamətləndirərək mümkün inkişaflarına zəmin yaratmaq, yeni, innovativ fikir və ideyalara malik gəncləri və bu fikir və ideyaların axtarışında olan potensial investorları (dövlət, beynəlxalq təşkilatlar və özəl) bir araya gətirmək, ölkəmizdə gənclərin fəallığının artırılmasına, onların cəmiyyətdə mövqelərinin möhkəmlənməsinə zəmin yaratmaqdan ibarətdir.

Layihə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na müvafiq olaraq həyata keçirilir. Dövlət Proqramının 6.3.8 - "Azərbaycanın "online fikir bankı"nın yaradılması" bəndinin icrası məqsədilə artıq Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə "www.fikirbanki.az" saytı yaradılıb və istifadəçilərə təqdim edilib.

Bu bənd informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədini daşıyır. Gənclərin irəli sürdükləri fikir və ideyalar açıq istifadə üçün saytda yerləşdirilir. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana biləcəklər. Bu da öz növbəsində həm gənclərin, həm də bütün cəmiyyətin həyat keyfiyyətinin daha da artırılmasına səbəb olacaq. Veb-saytda "Ayın qalibi" adlı xüsusi bölmə də yaradılıb və qaliblər Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. Artıq ilk ayın qalibinin mükafatlandırılması həyata keçirilib.

Azərbaycan gəncliyinin vətənpərvər, istedadlı və innovativ düşüncəyə malik olduğunu nəzərə alaraq, ekspertlərin rəylərinə əsasən, belə bir layihə günün tələblərinə tam uyğundur və uğurla nəticələnəcək. "Online fikir bankı" layihəsi gənclərin müzakirələr aparmaları üçün əlverişli platforma rolunu oynayacaq və cəmiyyətdə gənclərin mövqelərinin möhkəmlənməsinə şərait yaradacaq. "Hər şey ideyadan başlayır" devizi altında fəaliyyət göstərən fikir bankına – veb-sayta 14 yaşından başlayaraq Azərbaycan Respublikasının vətəndaşı olan yeniyetmə və gənclər öz fikir və ideyalarını göndərə bilər.

İstifadəçilər tərəfindən göndərilən fikir və ideyalar təmənnasız xarakter daşıyır. Başqa sözlə, istifadəçilər öz fikir və ideyalarını təmənnasız olaraq bölüşürlər. Veb-sayt sosial xidmətlər, iqtisadiyyat, təhsil, milli-mədəni irs, turizm, mədəniyyət, əyləncə, nəqliyyat, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit kimi kateqoriyalar üzrə fikir və ideyaları qəbul edir. "www.fikirbanki.az" veb-saytında yalnız qeydiyyatdan keçən gənclər öz fikir və ideyalarını bölüşə, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilər isə istənilən fikir və ideyaya münasibətlərini bildirə bilərlər.

İstənilən kateqoriyadan birini əhatə edən fikir və ideyalar "www.fikirbanki.az" veb-saytı vasitəsilə, müvafiq formanı dolduraraq və ya DOC, PPT, PDF, AVİ sənəd formasında (DOC və PDF sənəd - A4, 12 şrift, ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir. Veb-sayta göndərilən fikir və ideya ilk növbədə xüsusi Ekspert Şurası tərəfindən nəzərdən keçirilir və öz təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir. Sayta daxil edilən fikir və ideya Ekspert Şurası tərəfindən 1-6 gün ərzində yoxlanıla bilər.

Ekspert Şurası tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq veb-saytda yerləşdirilməyən fikir və ideyanın qəbul olunmaması səbəbləri müəllifə açıqlanmaya bilər.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL