waplog

“TASİM” layihəsi üzrə prinsipial razılaşma müqaviləsi bu ilin birinci yarısında imzalanacaq


"Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsi çərçivəsində operatorlar arasında prinsipial razılaşma müqaviləsi bu ilin birinci yarısında imzalanacaq.

"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda artıq bu razılaşma üzərində işlər başlanıb.

"Bildiyiniz kimi, ötən ilin dekabr ayında Avrasiya Rabitə Alyansının strukturu "TASİM" layihəsinin həyata keçirilməsi üzrə memorandum imzalayıb. Bu memoranduma əsasən layihəni birbaşa həyata keçirəcək operatorlar altı ay ərzində prinsipial razılaşma müqaviləsini imzalamalıdırlar. Bu müddət ərzində operatorlar hazırlanmış sənəd ilə tanış olacaqlar, öz rəy və təkliflərini bildirəcəklər və sonda bu sənəd imzalanacaq. İlkin məlumatlara əsasən, layihənin ümumi dəyəri 100 milyon dollar təşkil edəcək",- deyə o bildirib.
Dekabr ayında imzalanan memorandum layihəyə daxil olan 5 ölkənin mobil rabitə operatorları tərəfindən imzalanıb. Bu ölkələrə Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Çin daxildir.

Sözügedən memorandumda "TASİM" layihəsi üzrə iştirakçı operatorların vəzifə və səlahiyyətləri, maliyyə öhdəlikləri və hüquqi statusları əks olunub. "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsi üzrə regional təşəbbüsdür.  Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.

BMT-nin "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş  sessiyasında Azərbaycan tərəfindən "TASİM" layihəsinin həyata keçirilməsini daha da sürətləndirmək məqsədi ilə Avrasiya Rabitə Alyansının yaradılması təşəbbüsü irəli sürülüb.

Beynəlxalq ekspertlərin hesablamalarına əsasən, Avropa ilə Asiya arasında tranzit trafiki bazarının həcmi pul vahidi ilə ölçüldükdə 2012-ci ildə 295 milyon dollar təşkil edib. Bu göstəricinin 2016-cı ilədək  358 milyon dollaradək artacağı gözlənilir. Qeyd edilən marşruta uyğun trafik həcmi 2012-ci ildə 1139 Gbit/s təşkil edib, 2013-cü ildə 1619 Gbit/s, 2016-cı ildə isə 4663 Gbit/s proqnozlaşdırılır. Ekspertlər hesab edirlər ki, Avropa hazırda Asiya ilə etibarlı rabitə kanalı və alternativ marşrutların yaradılmasında maraqlıdır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL