waplog

BMT: 2017-ci ilə kimi dünyada elektron tullantıların həcmi 33 faiz yüksələcək


Dünya bu gün daha bir problemlə üzləşib. Belə ki, rəqəmlər elektron tullantıların təhlükəli həddə çatdığını göstərir. Birləşmiş Millətlər Təşkilatının qiymətləndirmələrinə görə, 2017-ci ilə kimi dünyada elektron tullantıların həcmi 33 faiz yüksələcək. BMT-nin elektron tullantıların probleminin həllinə yönəlmiş hesabatında qeyd edilir ki, həmin ilə qədər elektron məhsulların tullantısı hər il 65,4 milyon ton artacaq. Tullantılar üzrə ən böyük artım isə inkişaf etməkdə olan ölkələrdə qeydə alınacaq.
 
Elektron tullantı təhdidləri ilə üz-üzə
 
Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumlarının və ayrı-ayrı təşkilatların təqdim etdikləri statistikaya əsasən, 2013-cü ildə satışa çıxarılan elektron məhsullarının həcminə görə ilk yeri Çin bazarı tutur. Bu siyahıda ikinci yerdə isə ABŞ gəlir. Araşdırmalara görə, keçid iqtisadiyyatı dövrünü yaşayan və inkişaf etməkdə olan ölkələr birlikdə inkişaf etmiş ölkələr qədər elektron tullantı istehsal edirlər. Elektron tullantıların ətraf mühit və insanlar üçün yaratdığı fəsadları əsas tutan hesabatın müəllifləri ölkələri elektron tullantılar üzərində nəzarət sisteminin təkmilləşdirilməsinə çağırırlar. Onların fikrinə görə, məhz tullantıların düzgün idarə edilməməsi, bəzi ölkələrin bu istiqamətdə strategiyaya malik olmaması dünyanı bu gün elektron tullantı təhdidləri ilə üz-üzə qoyur.
 
Mobil telefonlar sürətlə artan tullantı növləri arasındadır
 
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə yaradılan "Təmiz şəhər" ASC-nin elektron tullantılarla bağlı təqdim etdiyi maraqlı faktlara əsasən, mobil telefonlar sürətlə artan tullantı növləri arasındadır: "Məsələn, orta statistik Şimali amerikalı hər 18-24 aydan bir yeni mobil telefon əldə edir ki, bununla da onlar əksəriyyətinin tərkibində qurğuşun, civə, kadmium, bromlu, yanğınadavamlı vasitələr və zəhərli qeyri-metal elementləri kimi təhlükəli materiallar olan öz köhnə mobil telefonlarını ölkə ərazisində sürətlə artan tullantı növünə çevirirlər. ABŞ-ın Ətraf Mühit Agentliyinin verdiyi məlumata görə, amerikalılar hər il 125 milyon ədəd telefon atır ki, bu da 65.000 ton tullantının yaranmasına səbəb olur". Digər məlumata görə isə hər bir orta ailə hər il 21 batareya istifadə edir: "Bir çox batareyaların tərkibində ağır metallar olur ki, yandırıldığı zaman toksik hava çirklənməsinə səbəb olur. Bu metalların çoxu bərpa və ya təkrar emal vasitəsilə təkrar istifadə oluna bilər".
 
Tullantılar üzrə dünya lideri – Çin
 
Dünya üzrə ən çox tullantı isə məhz elektron məhsullar bazarına liderlik edən Çində yaranır. Hələ 1980-ci illərin sonundan bu ölkəyə digər ölkələrdən böyük həcmdə elektron tullantı idxal edilərək, tullantılar demontaj olunur. Guiyuda 30 000-dən çox insan elektron tullantıların emal prosesinə cəlb edilib. Yerli hökumətin rəsmi saytlarının təqdimatlarına görə, şəhər illik gəliri təxminən 75 milyon dollar təşkil edən 1,5 milyon ton elektron məhsul emal edir. Təkrar emal üçün texnikanın 80 faizdən çoxu isə məhz xaricdən gətirilir.
 
Tullantıdan istehsal olunan elektrik gəlir mənbəyinə çevrilib
 
Eyni zamanda bu ölkə zibilin yaratdığı faydadan da istifadə etməyi qarşıya məqsəd qoyub. Ümumiyyətlə, Çinin 2,000 kv.km-dən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan artıq üst-üstə yığılıb qalmış tullantı qalağı var. Tullantıların yandırılması bu çətin problemi həll etməyin ən səmərəli üsuluna çevrilib və son bir neçə il ərzində bu sənaye ölkədə çox sürətlə inkişaf etməyə başlayıb. Sözügedən üsul torpaqlara qənaət etməklə yanaşı, tullantıları 75%-dən artıq azaldır və nisbətən az çirklənməyə səbəb olur. Bundan əlavə, yandırmadan əmələ gələn kalori dəyəri istilik təchizatı və enerji istehsalı üçün istifadə oluna bilər. Hal-hazırda Çində tullantıların təxminən cəmi 15-20%-i yandırma yolu ilə zərərsizləşdirilir. Sənaye analitiklərinin sözlərinə görə, bu göstəricinin 2015-ci ilə qədər 30%-ə, 2020-ci ilə qədər isə 40%-ə qədər artması gözlənilir. Tullantıların idarəolunması Çinə hər il 30 milyard yuana başa gəlir. Əgər tullantı səmərəli şəkildə idarə olunsa, illik birbaşa iqtisadi gəlir 250 milyard yuan təşkil edə bilər. Hesab edilir ki, böyük investisiyanın tələb olunmasına baxmayaraq, tullantıdan istehsal olunan elektrik çoxlu miqdarda gəlir gətirməyə davam edəcək. Çində tullantıdan alınan enerjinin qiymətinə gəlincə, Çinin baş iqtisadi planlaşdırıcısı və qiymət tənzimləyicisi olan Milli İnkişaf və Reformasiya Komissiyası tullantıdan alınan enerjinin qiyməti ilə əlaqədar qeydi hələ 2 il əvvəl ictimaiyyətin diqqətinə təqdim edib. Belə ki, 2012-ci il aprel ayının 1-dən etibarən qiymət vergi də daxil olmaqla, təxminən hər kVt/saat üçün 0.65 yuan olaraq müəyyənləşdirilib.
 
İsveçrə təcrübəsi - elektrik və elektron tullantılara vergi
 
Elektron tullantıların idarə edilməsi ilə bağlı İsveçrə təcrübəsi də diqqət çəkir. Belə ki, 1998-ci ildə ölkədə istismar müddətini başa vurmuş elektrik və elektron qurğuların adi zibil yeşiyinə atılmasını qadağan edən qanun qəbul edilib. Həmin tarixdən mağazalarda satılan bütün cihazlara tullantıların utilizasiyası məqsədilə sosial vergi tətbiq edilir. Beləliklə, qoyulan vergi cihazın dəyərində özünü əks etdirir. Eyni zamanda mağazalar da utilizasiya obyektinə çevriliblər. Belə ki, istehlakçılar köhnə kompüter, TV, soyuducu, tozsoran və digər cihazları mağazaya geri qaytara və ya köhnə cihazların ayrıca toplama məntəqəsinə təhvil verə bilərlər. Anbarlara yığılan bu cihazların hissələri təkrar emal prosesindən keçirilərək, istifadəyə yararlı hala gətirilir.
İsveçrə tətbiq etdiyi qadağanın xeyrini də görməkdədir. Verginin tətbiqi nəticəsində təkcə 2003-ci ildə istismar müddətini başa vurmuş 35.000 ton məişət cihazları, 30 000 ton elektrik məhsulları emal edilib ki, bu da yaradılan illik elektron tullantıların 80-93 faizini təşkil edir.
 
ABŞ-da GPS texnologiyaları ilə zibillərə nəzarət təcrübəsi
 
Tullantıların idarəçiliyində daha bir maraqlı məqam ABŞ-la bağlıdır. "Təmiz şəhər" ASC-nin növbəti məlumatına görə, Amerikanın Lamar qraflığında zibildaşıyan maşınlar GPS sistemi vasitəsilə izlənilir. Belə ki, Missisipi ştatında yerləşən qraflıqda munisepal avtonəqliyyatın GPS naviqasiya sistemi vasitəsilə  izlənilməsi tətbiq olunub, peyk kontrolu altına birinci düşən nəqliyyat da zibildaşıyan maşınlar olub. Peyk nəzarət sistemi və nəqliyyat üçün cihazlar 41 min ABŞ dollarına başa gəlib. Lakin bu rəqəm yerli hakimiyyət orqanlarını heç də qorxutmur. Onlar düşünürlər ki, GPS texnologiyalarından istifadənin iqtisadi effekti bu sistemin əldə olunması üçün xərclənən bütün vəsaiti üstələyəcək: "GPS sisteminin üstünlüklərini ilk öncə zibildaşıyan maşınlar öz üzərində sınaqdan keçirdilər. İndi bütün yığma məntəqələrində sürücü xüsusi düyməni basmaqla vaxtı, tarixi və koordinatları dispetçerə göndərir. Nəticədə, hər növbənin sonunda zibildaşıyan maşınların işi haqda tam məlumat mövcud olur. Hakimiyyət orqanları ümid edirlər ki, GPS sisteminin istifadəsi nəticəsində təxminən 120 min dollar qənaət etmək mümkündür".
 
Azərbaycan elektrik və elektron tullantıların təkrar emalı üçün Türkiyə təcrübəsinə üz tutub
 
Azərbaycan təcrübəsinə gəlincə, İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik strategiya layihəsi və toplama sisteminin təkmilləşdirilməsi planı hazırlanıb, ölkədə bərk məişət tullantılarının idarəçiliyi üzrə ilkin araşdırmalar aparılıb. Həmçinin regionda ilk çeşidləmə zavodu olan Balaxanı Bərk Məişət Tullantıları Zavodu fəaliyyət göstərir. "Təmiz Şəhər" ASC-nin məlumatına görə, Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır. Bu istiqamətdə ASC qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədilə Türkiyədə tullantıların emalı sahəsində böyük təcrübəyə malik "Exitcom Recycling" şirkəti ilə anlaşma memorandumu imzalayıb. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur. Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq "Azercell Telekom" MMC, "PAŞA Holding" MMC kimi böyük şirkətlərlə danışıqlar aparılıb. Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılıb. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.
 
Təkrar Emal Birjası elektron portalı - görüş meydanı
 
Amma təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin rastlaşdığı ən böyük əngəl xammal təchizatçıların tapılmasıdır. Bu problemin həlli məqsədi ilə "Təmiz Şəhər" ASC-nin dəstəyi ilə elektron portal - Təkrar Emal Birjası (TEB) yaradılıb: "Hər hansı bir müəssisə və ya şəxs üçün lazımsız hesab edilən təkrar emala yararlı tullantılar təkrar emal sənayeləri üçün qiymətli xammaldır. Portalın məqsədi bir şirkətə və ya şəxsə lazım olmayan təkrar emala yararlı tullantılar, bu tullantılarda ehtiyac duyan alıcıya təqdim edərək, görüş meydanı və tullantıların alqı-satqısı üçün şəffaf şərait yaratmaqdır. Bir çox hallarda bu cür prosesdə vasitəçilər iştirak edir ki, bu da təkrar emal müəssisələri üçün xammalın dəyərini artırmış, satıcı üçün isə qiymətin aşağı salınmasına gətirib çıxarır. Bu isə bu sahəyə iqtisadi marağı azaltmış olur. Portalda həm alıcı, həm satıcı asanlıqla qeydiyyatdan keçib TEB-də şəffaf şəraitdə alqı-satqı münasibətlərində iştirak edə bilər".
 
Lazımsız əşyalara virtual məkanda yeni həyat
 
ASC tullantıların idarəçiliyində digər layihə üzərində də işləyir. Belə ki, "www.tulantim.az" internet səhifəsi də hazırlanmaqdadır: "Portalın əsas məqsədi evlərimizdə olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir. "Bir şəxs üçün lazımsız olan əşya, digəri üçün gərəkli ola bilər" şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcək".
 
 
Elektrik və elektron tullantıların emalı "yaşıl iqtisadiyyat"ın inkişafına təkan verəcək
 
Beləliklə, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığını azaltmaqla ölkədə "yaşıl iqtisadiyyat"ın inkişafına təkan verəcək, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq. 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL