waplog

Kərəm Həsənov rəhbərlik etdiyi komitənin göstərdiyi elektron xidmətlərdən danışıb


“Şəffaflıq və səmərəliliyin gücləndirilməsi məqsədilə müasir effektiv mexanizmlərin və optimal elektron xidmətlərin tətbiqi genişləndirilib”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov komitənin 2013-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə söyləyib. O qeyd edib ki, ötən ildə prosedurların sadələşdirilməsi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ciddi işlər görülüb.
 
 
Müşavirədə qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi öz fəaliyyətində bütün səylərini mükəmməl elektron əmlak idarəçiliyi sisteminin qurulmasına yönəldib. Bunun üçün müasir informasiya texnologiyaları aktiv tətbiq edilir, vahid korporativ kompüter idarəetmə şəbəkəsi qurulur və bu istiqamətdə işlər sürətlə genişləndirilir. Eyni zamanda, bu sistemin hüquqi əsasını təmin edəcək qanunvericilik bazası təkmilləşdirilir.
 
Vurğulanıb ki, elektron əmlak idarəçiliyi sisteminin qurulması və inkişafı ölkəmizin həyata keçirdiyi şəffaflıq və antikorrupsiya xəttini birbaşa təmin edən faktorlardan biridir. Əmlak Məsələləri Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi bütün işlər həmin şəffaflıq və ictimai məmnunluq siyasətinə xidmət edir.
 
 
Qeyd olunub ki, komitə 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb. Ötən il isə belə xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılıb. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən komitənin portalı istifadəyə verilib. Artıq bu xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsilə onlayn müraciət etmək mümkündür. Portalın istifadəyə verilməsi əhaliyə daha şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.
 
 
Qeyd olunan elektron xidmətlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi interaktiv və informativ xidmətlər daxildir.
 
Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Artıq bu xidmətlər vasitəsilə Bakı və respublikanın müxtəlif bölgələrindən 8800-ə yaxın müraciət daxil olub. Hazırda elektron xidmətlərin sayının artırılması üzərində işlər aparılır:
 
“2013-cü ildə mülkiyyət hüquqlarının qeydiyyatı sisteminin sürətli inkişafı əsaslı uğurlardan biri hesab olunur. Əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir informasiya texnologiyalarının və korporativ idarəetmənin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsi yolu ilə vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəltməkdir. Görülən işlər nəticəsində qeydiyyat prosesi xeyli sadələşib. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra artıq vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə digər arayışları isə 1 günə əldə edirlər. Məlum olduğu kimi, Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” həyata keçirilir. Layihə icra olunduğu müddətdə qeydiyyat sahəsində bir sıra səmərəli nəticələr əldə edilib. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb”.
 
 
Müşavirədə bildirilib ki, hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.
 
 
O da vurğulanıb ki, Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər görülüb: “Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib. Bakı şəhəri üzrə 1235 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib”.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL