waplog

Sərt hava şəraiti rabitə xidmətlərinin göstərilməsinə mane olmayıb


Son günlər ölkədə müşahidə edilən sərt hava şəraitinə baxmayaraq əhalinin rabitə xidmətləri və eləcə də internetlə təminatında heç bir problem yaşanmayıb. Bu barədə "ICTnews" xəbər xidmətinə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev məlumat verib.

O bildirib ki, Bakı Telefon Rabitəsi İB tərəfindən qış hazırlığı yüksək səviyyədə görülüb, ATS-lər generatorlarla təmin edilib: "Ola bilər ki, hansısa ərazidə elektrik enerjisinin verilməsi kəsilsin. Belə olanda dərhal generatorlar işə salınacaq və əhali rabitə xidmətlərindən fasiləsiz şəkildə istifadə edəcək. Generatorları işə salmaq üçün ATS-lər lazım olan bütün avadanlıqla, eləcə də yanacaqla təmin olunub. Ötən gecə bəzi ərazilərdə işıqlar sönsə də, əhali rabitə xidmətlərini almaqda çətinlik çəkmədi.  Ona görə də demək istəyirəm ki, sərt hava şəraiti bizim işimizə maneə törədə bilməyəcək".
Bu vaxta qədər abonentlər tərəfindən hər hansı bir şikayətin daxil olmadığını vurğulayan  Xankişi Kişiyev birliyin 24 saat fəaliyyət göstərən dispetçer xidmətinin olduğunu xatırladıb: "Bizim dispetçer xidmətimiz də hər an iş başındadır. Bura məlumat daxil olduğu təqdirdə dərhal araşdırılır və problemin həllinə nail olunur. Lakin qeyd edim ki, indiyə kimi hər hansı bir ciddi narahatlıq doğuran şikayət daxil olmayıb".


Sərt hava şəraiti "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinə də təsir göstərməyib. Cəmiyyətin baş direktor müavini Sübhan Kazımov bildirib ki, əvvəlcədən qışa lazımi hazırlıq görülüb: "Qarın yağmasına baxmayaraq daşımalar həyata keçirilir və heç bir problemimiz yoxdur. Avtomobillər qışa, qarlı havalar üçün hazır vəziyyətə gətirilib. Ona görə  bundan sonra da daşımalarda hər hansı bir problem olmayacaq".


Güclü qar "Aztelekom"  İB-nin də fəaliyyətinə təsir etməyib. İB-nin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayıl  bununla bağlı bildirib ki, qışla bağlı əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb: "Hazırda fəaliyyət sahəsində hansısa bir problemlə qarşılaşmamışıq. Sərt hava şəraitinə baxmayaraq yüksək səviyyədə fəaliyyət göstəririk".
 
 
Seymur Qasımbəyli 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL