waplog

Azərbaycanın İT şirkəti dövlət büdcəsinin idarə edilməsi həlli üzrə təcrübəsini Qırğızıstanla bölüşür


Maliyyə Nazirliyi və yerli İT şirkəti olan “SINAM” ölkənin dövlət büdcəsinin idarəedilməsi üzrə kompleks həlli sahəsində mövcud təcrübəsini Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi ilə bölüşüb.
 
Qırğızıstanda təşkil olunmuş rəsmi görüşdə Azərbaycan nümayəndə heyəti ölkəmizin “Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi”ni (TIMS) və “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sistemini (FARABI)  təqdim edib.
 
İKT İnformasiya Mərkəzindən qeyd edilib ki, görüş zamanı Azərbaycan Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev iştirakçılara “Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi” (TIMS), həmçinin yeni texnologiyaların gündəlik fəaliyyətdə istifadəsinin üstünlükləri haqqında ətraflı danışıb. Görüş iştirakçılarına, həmçinin Azərbaycan büdcəsinin strukturu, tətbiq edilən beynəlxalq standartlar və büdcədən maliyyələşən təşkilatlarda vahid mühasibatlıq uçotu sisteminin tətbiqi sahəsində istifadə olunan innovasiyalar, xəzinadarlıq və mühasibat hesablarının inteqrasiyası sahəsində müvəffəqiyyətlə aparılmış işlər haqqında məlumat təqdim olunub.
“Xəzinadarlığın idarə edilməsinin informasiya sistemi” Azərbaycan ərazisində maliyyələşdirmədən başlayaraq real zaman rejimində hesabatların alınmasınadək, yəni həyata keçirilən bütün xəzinadarlıq əməliyyatlarının, həmçinin “IPSAS” əsasında işlənib hazırlanmış milli standartlara uyğun mühasibatlıq uçotu əməliyyatlarının aparılması təmin edir.
 
Təqdimat zamanı “SINAM” şirkətinin prezidenti Elçin Əliyev dövlət büdcəsinin idarə edilməsi üzrə kompleks həlli və “FARABI” sistemi haqqında ətraflı məlumat verib, eyni zamanda hazırda Azərbaycanda tətbiq olunan “FARABI” sistemin üstünlükləri təqdim edilib.
 
 
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edən “FARABI” sistemi Azərbaycanın maliyyə sistemində “SINAM” şirkəti tərəfindən tətbiq olunur.
 
Layihə çərçivəsində bütün sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır. Görüş zamanı Qırğızıstan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri Azərbaycan və Qırğızıstanın həm büdcə sistemlərinin, həm də həmin sistemlərin təkmilləşdirilməsi məqsədi ilə atılan addımların olduqca oxşar olduqlarını qeyd ediblər. Bu, Azərbaycan informasiya sistemlərinin tətbiqi sahəsindəki təcrübəsini Qırğızıstanın maliyyə sistemində də istifadə edilməsi üçün perspektivlər açır.
Səfər zamanı Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev Qırğızıstanın maliyyə nazirinin vəzifəsini icra edən Almaz Baketayevlə də görüş keçirib: “Görüş zamanı A.Baketayev ölkənin maliyyə sistemində həyata keçiriləcək islahatlar haqqında qısa məlumat verib. Azərbaycan nümayəndəsi isə qeyd edib ki, Azərbaycan tərəfi Qırğızıstanın Maliyyə Nazirliyi və Xəzinadarlığı ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etməyə hazırdır. Tərəflər gələcək əməkdaşlığa hazır olduqlarını vurğulayıblar”.
 
 
Xatırladaq ki, artıq bir neçə ildir ki, Qırğızıstanın dövlət qurumları ölkənin elektron hökumət sahəsində müxtəlif miqyaslı informasiya sistemlərini tətbiq edən Azərbaycanın “SİNAM” şirkəti ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL