waplog

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Sağlamlıq-2014” Respublika Spartakiadasının təntənəli açılışı olub


Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil  Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin «Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçirilib.
 
Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA)  keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.
 
 "ABU Arena"  idman sarayında keçirilən tədbirdə bildirilib ki, bu dəfəki yarışda 18 komanda olmaqla 700 nəfərdən çox iştirakçı öz gücünü sınayacaq.  
 
Açılış mərasimində qeyd olunub ki, rabitə müəssisələrində çalışan işçilərin 2000-dən çoxu idmanla məşğul olur. 
 
İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada "Aztelekom" İB, BTRİB, "Azərkosmos" ASC,  "Teleradio" İB , "Azərpoçt" MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM), Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi,  Məlumat Hesablama Mərkəzi və özəl şirkətlərin nümayəndələri iştirak edir.
 
Bu il keçirilən spartakiadanın Azərbaycan telefon rabitəsinin yaradılmasının 133-cü il dönümünə həsr olunduğu vurğulanara       q bildirilib ki, ölkəmizdə rabitə sahəsinin təşəkkülü uzun tarixi yol keçib.
 
Açılış mərasimində çıxış edən Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov idmançılara nazir Əli Abbasovun salamlarını çatdıraraq, onları idman bayramı münasibəti ilə təbrik edib. 
 
Azərbaycanda telefonlaşma prosesinin genişləndirilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən İ.Məmmədov qeyd edib ki, ulu öndərin yenidən hakimiyyətə qayıdışından  sonra bu proses daha da geniş vüsət alıb. Onun xüsusi diqqət və qayğısı sayəsində ölkə infrastrukturunun mühüm tərkib hissələrindən biri olan rabitə sahəsi dirçəliş və tərəqqi mərhələsinə qədəm qoyub. Bu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən layiqlə davam etdirildiyini qeyd edən nazir müavini bildirib ki, dövlət başçısının düşünülmüş addımlarının nəticəsi olaraq bu gün Azərbaycan rabitə və informasiya kommunikasiya texnologiyaları sahəsində də dünya üzrə öncül yer tutur:
 
 "Ölkədə sahənin inkişafını müəyyən edən  dövlət proqramları qəbul edilib, sektorun fəaliyyətini tənzimləyən onlarla normativ sənəd hazırlanaraq hüquqi baza möhkəmləndirilib".
 
Azərbaycanın günü-gündən inkişaf etdiyini, müxtəlif beynəlxalq tədbirlərə, eyni zamanda idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan İ.Məmmədov ölkəyə gələn qonaqların da təşkilatçılıq işlərindən, rabitə və internet xidmətlərindən məmnun qaldıqlarını bildirib.
 
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da idmançılara uğurlar arzulayaraq bildirib ki, ölkədə idmana göstərilən diqqətin və qayğının nəticəsi olaraq dünyanın ən məşhur meydanlarında Azərbaycan bayrağı dalğalandırılır və himnimiz səsləndirilir.
 
Rabitə işçilərinin idmana diqqət ayırmasının əhəmiyyətindən danışan nazir müavini bildirib ki, bu spartakiadanın idmanın kütləviləşməsində çox böyük rolu var.
 
Bundan sonra spartakiada açıq elan edilib və yarışlara start verilib.
 
Yarışlar oktyabr ayının 25-dən noyabr ayının 26-na kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.

  Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL