waplog

Azərbaycan alimləri: “Nüvə, info, bio, nano və s. kimi yüksək texnologiyalara dair araşdırmalar ölkəmizdə də aparılmalıdır”


Beynəlxalq elmi təcrübənin mənimsənilməsi, xüsusən yüksək texnologiyalara (nüvə, info, bio, nano və s.) dair araşdırmaların ölkəmizdə də aparılmasının təmin edilməsi, həmçinin Azərbaycan elminin nailiyyətlərinin xarici ölkələrdə tanıdılması baxımından beynəlxalq elmi əlaqələrin inkişafı olduqca zəruri hesab olunur. Həmçinin bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi vacibdir.
 
Bu barədə Azərbaycan alimlərinin I Qurultayında qəbul olunmuş Bəyannamədə bildirilib.
 
Qeyd edilib ki, elm müasir dünyada ekoloji və sosial sistemlərin tarazlığını qoruyub saxlayan mühüm  qüvvə kimi çıxış edir, eyni zamanda elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ fəaliyyətin cəmiyyətin mövcudluğu, təhlükəsizliyi və davamlı inkişafını şərtləndirən, dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafını təmin edən amil kimi böyük potensiala malikdir. Bu gün müstəqil Azərbaycan dövlətinin milli maraqlarının qorunması üçün ölkənin intellektual potensialının qloballaşan dünyanın elmi-texnoloji yeniliklərinə və  respublikanın strateji inkişaf hədəflərinə uyğun formalaşdırılması zərurəti yaranıb.
 
Bu baxımdan, Azərbaycanın tükənməz milli sərvəti olan elmi potensialın qorunması və  inkişaf etdirilməsi  dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Ölkə üçün mühüm əhəmiyyətli bir çox taleyüklü problemlərin həllində isə Azərbaycan alimləri yaxından iştirak edirlər:
 
“Azərbaycan Respublikası Prezidentinin  fərmanı ilə təsdiq  edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq müəyyənləşdirildiyini dəstəkləyərək; konsepsiyanın Azərbaycan alimləri qarşısında biliklər cəmiyyətinin qurulmasında  yaxından iştirak,  mövcud elmi potensialın müasir tələblərə uyğun səfərbər edilməsi, bununla bağlı effektiv təşkilati tədbirlərin və yeni innovativ idarəetmə üsullarının tətbiqi,  bütövlükdə müstəqil Azərbaycan dövlətinin elmi strategiyasının hazırlanması kimi zəruri vəzifələr qoyduğunu vurğulayaraq, Azərbaycanda dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarında aparılan elmi araşdırmalarda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasının müddəalarından irəli gələn vəzifələrin rəhbər tutulmasını bəyan edirik.

Eyni zamanda fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin enerji, informasiya, ərzaq və iqtisadi təhlükəsizliyinin qorunmasında, müdafiə qüdrətinin gücləndirilməsində elmin yaxından iştirakının təmin edilməsi, azərbaycançılıq ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı ictimai və humanitar elmlər sahəsində araşdırmaların daha da genişləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsini zəruri sayırıq”.
 
Alimlər müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün  elm və təhsilin vahid sosial institut kimi inkişafının vacibliyini qeyd edib, onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səyləri birləşdirməyə çağırıblar:
 
 “Son illər respublikanın müxtəlif sosial-iqtisadi sferalarında İKT-nin geniş tətbiq olunduğunu və ölkəmizdə informasiya cəmiyyətinin müvəffəqiyyətlə formalaşdığını  qeyd edir, bu sahədəki işlərin daha da inkişaf etdirilməsi üçün ölkə üzrə elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya  resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin böyük hesablama və yaddaş resurslarına olan tələbatının ödənilməsi və s. kimi istiqamətlər üzrə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini vurğulayırıq. “Azərbaycan  2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasının həyata keçirilməsində yaradıcı və innovativ təfəkkürə malik intellektual gəncliyin strateji əhəmiyyət daşıdığını diqqətə çatdırır, belə bir hədəfə çatmaq üçün Azərbaycan gəncliyinin rəqabətqabiliyyətli elmi biliklər əldə etməyə və yeni texnologiyalar yaratmağa qadir fəaliyyət enerjisinin, intellektual və mənəvi resurslarının  səfərbər edilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini özümüzə borc bilirik”.

Bəyannamədə elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin  bundan sonra da davam etdirilməsinin zəruriliyi  qeyd edilib: “Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı imzaladığı günün - 15 may tarixinin respublikada  “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılmasını məqsədəmüvafiq hesab edirik. Elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi zərurətini qeyd edərək “Elm haqqında” qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanması zərurətini diqqətə çatdırırıq. Fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsini, elmi metodologiya məsələləri ilə bağlı araşdırmaların gücləndirilməsini, elmşünaslığın prioritet elm sahəsi kimi inkişafına hər cür dəstək verilməsini  məqsədəmüvafiq hesab edirik. Elmin populyarlaşdırılması və elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması istiqamətində tədbirlərin daha da gücləndirilməsini tövsiyə edirik”.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL