waplog

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib


Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib.
 
Tədbiri giriş nitqi ilə açan Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, ölkəmizin son 10 ildə qazandığı uğurlar, əldə edilən tərəqqi, sürətli inkişaf birbaşa respublika prezidentinin adı ilə bağlıdır:
 
 “Hesab edirəm ki, ölkəmizin son 10 ildə nail olduğu əzəmətli inkişafın birbaşa Prezident İlham Əliyevin adı ilə bağlı olmasını hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir. Mən bu inkişafı XXI əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırardım: bu müddət ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb”.
 
Ötən illər ərzində respublikanın ciddi dəyişikliklərə məruz qaldığını deyən Ə.Əhmədov Azərbaycanın möhtəşəm müasirləşmə, inkişaf dövrü yaşadığını dıqqətə çatdırıb:
 
“Dövlət başçısının səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənib. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlib və bu dəyişikliklər hər birimizin gözü önündə baş verib. Artıq bu gün insanlar sabaha daha ümidlə baxır, özlərinə daha çox inanırlar.” Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna diqqət çəkib:
 
“Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin ciddi regional əhəmiyyətə malikdir”.
 
 
İnkişafın 10 ilindən söz açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni bir inkişaf dövrünə qədəm qoyduğunu qeyd edərək, 2003-cü ilin dekabrında Cenevrədə keçirilən  İnformasiya Cəmiyyəti məsələləri üzrə Ümumdünya Sammitinə diqqət çəkib. Həmin sammitdə Azərbaycan prezidentinin “Qara qızılı insan kapitalına çevirək” tezisini səsləndirdiyini vurğulayan nazir ölkə başçısının rəhbərliyi ilə növbəti illərdə həyata keçirilən inkişaf siyasətində bu çağırışın mühüm amilə çevrildiyini bildirib. Eyni zamanda 2003-cü ilin fevralında ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” rabitə sahəsində 10 illik inkişafın əsasında dayanaraq, əsas xəritə yolunu təşkil edib:
 
 “Bu xəritə yolunun həyata keçirilməsində prezident İlham Əliyevin misilsiz rolu var və bu strategiya birbaşa onun rəhbərliyi altında həyata keçirilib”.
 
10 ilin makroiqtisadi göstəricilərindən də söz açan rabitə və yüksək texnologiyalar naziri qeyd edib ki, 2004-2014-cü illər ərzində 2008-ci ilə qədər hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-2009-cü illərdən sonra isə 15-20 faiz olub. Bu isə İKT sektorunun iqtisadi potensialının təxminən hər 3 ildə 3 dəfə genişlənməsi, eyni zamanda bununla da ümumdünya orta göstəricisinin təxminən 2-2,5 dəfə üstələnməsi deməkdir. Digər göstəriciləri də xatırladan nazirin sözlərinə görə, MDB ölkələri arasında 2008-ci ildə ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdrılması, həmçinin 2010-cu ildə bütün telekommunikasiya sisteminin elektronlaşdırılması inkişafa bariz nümunədir:
 
 “4G texnologiyasının tətbiqinə başlanması üzrə Azərbaycan Avropada 9, dünyada 37-ci  ölkədir. Bu gün respublikamızın adı dünyada “3G” texnologiyasının ölkə üzərində əhatə dərəcəsini 100 faiz təmin etmiş 20 ölkə sırasında sadalanır”.
 
Ə.Abbasov bildirib ki, ölkəmizdə İKT sektorunun sürətli inkişafı fonunda beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməkdədir. Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Həmçinin  ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. 10 ilin inkişaf göstəriciləri arasında kosmik sənayenin özünəməxsus yer tutduğunu da vurğulayan nazir 2013-cü ilin fevralında “Azerspace-1” telekommunikasiya peykinin orbitə çıxarıldığını, 2014-cü ilin 2 dekabrında isə prezident İlham Əliyevin iştirakı ilə yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peykinin istifadəyə verildiyini bildirib. Hər iki peykin yüksək rentabelliyə, 90 faizlik ixrac potensialına malik olduğunu da qeyd edən nazirin sözlərinə görə, peyklər göstərdikləri xidmətlərlə ölkəmizin təhlükəsizliyinə böyük töhfə verməkdədirlər. Növbəti illər üçün inkişaf məqsədlərinə də toxunan nazir gələcək hədəflərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı çağırışlara əsaslandığını bildirib.
 
 
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev respublika prezidentinin birbaşa rəhbərliyi ilə 2004-2014-cü illərdə əldə edilmiş sosial-iqtisadi nailiyyətlərə toxunaraq, bu uğurlarda dövlət proqramlarının rolunu qeyd edib:
 
“Son 10 ildə 174 Dövlət Proqramı təsdiq edilib”. Proqramların icrası nəticəsində ölkəmizdə güclü özəl sektorun formalaşdığını, müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisənin fəaliyyətə başladığını diqqətə çatdıran Ş.Mustafayev yerli sahibkarların xarici bazarlara uğurlu çıxışını da qeyd edib.
 
Onun sözlərinə görə, 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib. Ümumdaxili məhsulda (ÜDM) özəl sektorun xüsusi çəkisi isə 82,5 faizə çatıb:
 
“Son 10 il ərzində respublikamızın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılır”. Belə ki, “Fitch Ratings”, “Standart & Poor's” , “Moody's” kimi əsas agentliklər hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya  reytinqi veriblər. Eyni zamanda “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci sırada yer alıb:
 
“Azərbaycan artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir. Bununla yanaşı, ölkəmiz adambaşına düşən ümumi milli gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, İnsan İnkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib”.
 
Respublikamızın qazandığı uğurlarla kifayətlənmədiyini də vurğulayan nazirin sözlərinə görə, davamlı, dayanıqlı inkişafın təmin edilməsi üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas inkişaf xətti müəyyənləşdirilib. Belə ki, konsepsiyada 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına  ÜDM-in iki dəfə artırılması əsas hədəf olaraq götürülür.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov də respublika prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən dövrdə Azərbaycanın güclü inkişaf yolu keçdiyini qeyd edib. Onun sözlərinə görə, ölkəmizdə ictimai-siyasi sabitliyin ilbəil möhkəmlənməsi, respublikanın dünya birliyində mövqeyinin güclənməsi sayəsində Azərbaycanda gələcək inkişaf perspektivləri üçün etibarlı əsas rolunu oynayan dolğun iqtisadi potensial formalaşdırılıb və dinamik artım təmin edilib.
Energetika naziri Natiq Əliyev də ulu öndər Heydər Əliyevin siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini,  bu gün Azərbaycanın tam müstəqil siyasət yürüdən ölkəyə çevrildiyini vurğulayıb. 
 
Neft sənayesinin ölkənin iqtisadi inkişafının özəyi sayıldığını da qeyd edən nazirin sözlərinə görə, Azərbaycan keçid dövrünü ən uğurla  başa çatdıran ölkələrdən biridir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL