waplog

İndiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib


Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunması, vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi işi diqqət mərkəzində saxlanılır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) xüsusi təbəqədən olan insanlara daşınmaz əmlakın qeydiyyatı sahəsində ünvanlarda mobil ofislər vasitəsilə xidmətlərin göstərilməsinə start verib.
 
2014-cü il aprel ayından etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac qalmayıb.
 
 
Komitədən qeyd edilib ki, bu məqsədlə, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri  alınıb. Bu xidmətlər bütün şəhər sakinlərinə, xüsusilə əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud, yaşayış yeri uzaqda yerləşən və ərazi idarələrinə gedə bilməyən insanlara son dərəcə əlverişlidir. Həmçinin yerindəcə göstərilən xidmətlər əlavə vaxt itkisinin qarşısının alınmasında xüsusilə faydalıdır: “Ünvanlarda qeydiyyat  xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 2100 məntəqədə 15000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”. Eyni zamanda komitə tərəfindən Dünya Bankının dəstəyi ilə “Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi həyata keçirilir.
 
Layihənin əsas məqsədi daşınmaz əmlak bazarının inkişafına və dövlətə məxsus daşınmaz əmlakın idarə edilməsi və istifadəsi üçün münasib sistemlərin təmin edilməsinə şərait yaratmaq, daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyat sisteminin formalaşmasına yardım göstərməkdir. 2014-cü il mart ayının 3-dən etibarən “Daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (Forma 1-lərin) real vaxt rejimində (onlayn) notariuslara verilməsi ilə bağlı ilk onlayn xidmət istifadəyə verilib.
 
Ötən müddətdə 100 minə yaxın daşınmaz əmlakla bağlı əməliyyatlar onlayn şəkildə məhz bu xidmət vasitəsilə həyata keçirilib. Eyni zamanda, ötən il digər yeni onlayn xidmət də istifadəyə verilib. Bu, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını onlayn əldə edirlər.
 
 
 
 Həqiqət İSABALAYEVA
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL