waplog

“VAİS-Poçtdaşımaları” sistemi poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsini asanlaşdırıb


Poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən bəyan edilməsi prosesi asanlaşdırılıb. Bu məqsədlə “VAİS-Poçtdaşımaları” altsistemi hazırlanaraq istismara verilib. Altsistem poçtdaşımaları ilə məşğul olan şirkətlərə Dövlət Gömrük Komitəsinin (DGK) internet saytında yaradılmış “XİF iştirakçısının şəxsi kabineti”nə daxil olmaqla poçtla ölkəyə gətirəcəkləri malları əvvəlcədən bəyan etməyə imkan verir.
 
Komitədən bildirilib ki, son illər Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilir. Ötən il “Gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında “bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə texnoloji sxem”ə uyğun olaraq Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) təkmilləşdirmələr aparılıb:
 
“Gömrük-sərhəd buraxılış məntəqələrində yerləşən gömrük postlarından keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi - VAİS-RİSK sistemi tətbiq edilib. Bu sistem əsasında gömrük-sərhəd buraxılış məntəqəsindən keçirilən mal və nəqliyyat vasitələrinin və onların sənədlərinin yoxlanılmasının dərəcəsini müəyyən etmək üçün Risklərin İdarə Edilməsi metoduna əsaslanaraq avtomatik olaraq risklər təhlil olunur”.
 
 
Bundan başqa, Ümumdünya Gömrük Təşkilatının “Malların buraxılış vaxtının ölçülməsi üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan istifadə etməklə respublikanın gömrük-sərhəd buraxılış məntəqələrində “Sərhədkeçmə vaxtının ölçülməsi (TRS)” layihəsi işlənilib, layihənin proqram təminatı hazırlanıb və VAİS-ə inteqrasiyası təmin edilib:
 
 “Layihə Astara Gömrük İdarəsində, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında tətbiq olunub.  Layihənin icrası mal və nəqliyyat vasitələrinin sərhəddən keçidinə, buraxılışına və sərhəd keçidindən buraxılışına qədər keçən vaxtları müəyyən etməyə imkan verir ki, bununla da toplanan statistik məlumatların təhlili mal və nəqliyyat vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli idarə olunmasına yardım edəcək”.
 
 
DGK ilə Almaniyanın “SMİTHS HEİMANN” şirkəti arasında imzalanmış müqavilə əsasında dövlət sərhəd buraxılış məntəqələrində iri həcmli yüklərə sürətli və yüksək keyfiyyətli gömrük nəzarətinin həyata keçirilməsi üçün Astara, Biləsuvar, Şahtaxtı, Sədərək və Culfa Gömrük idarələrində, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” və Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postlarında  “X-REY” rentgen avadanlıqları quraşdırılaraq istifadəyə verilib və Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası təmin edilib. “X-REY SMİT Heymann” rentgen avadanlığı dünyanın az sayda inkişaf etmiş  ölkəsində tətbiq olunan ən müasir müayinə sistemidir:
 
“Müxtəlif növ yük avtomobillərinin 3 dəqiqə ərzində tam şəkildə rentgen müayinəsini aparan bu avadanlıq son illərin istehsalıdır. Təbii ki, belə yüksək texnologiyalı avadanlığın Azərbaycan gömrük orqanları tərəfindən əldə olunaraq ölkəmizə gətirilməsi və onun tətbiqi qaçaqmalçılıq hallarının qarşısının alınmasında da əhəmiyyətli rol oynayır”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL