waplog

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı olub


Bu gün Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı keçirilib.  
 
Açılış mərasimində Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Koreyanın Azərbaycandakı səlahiyyətli səfiri Çoi Suk İn, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov, BMT-nin  Bakı Ofisinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCO) rəhbərləri və  KİV nümayəndələri iştirak edib.
 
İlk olaraq mərkəzin otaqlarına baxış keçirilib, təlim otaqlarında quraşdırılan müasir texniki avadanlıqlarla tanışlıq olub.




 


Bildirilib ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 3.5-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın 10.2.11-ci bəndindən irəli gələn tapşırıqların icrasına xidmət edir.
 
Vurğulanıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 aprel 2013-cü il 80 nömrəli Sərəncamı ilə Qrant Razılaşmasını Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilib və 18 aprel 2013-cü il tarixində RYTN və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair Qrant Razılaşması”  imzalanıb.
 
Adıçəkilən Razılaşma Nazirlər Kabineti tərəfindən 1 may 2013-cü il tarixində 104 nömrəli Sərəncam ilə təsdiq edilib. Qrant Razılaşmasında layihənin icra müddəti 24 ay nəzərdə tutulub.
 
Layihənin icrasına əsasən 2013-cü ilin sentyabrından başlanılıb. Tərəflərdən işçi qruplar təşkil edilib, tələblər müəyyənləşdirilib. 2014-cü ildə yaradılacaq mərkəzlərin təmir-hazırlıq işləri həyata keçirilib, 19 aprel-3 may tarixlərində Azərbaycan üzrə layihə işçi qrupunun 5 üzvü Koreyada təlim kurslarında iştirak ediblər. 2014-cü ilin may ayından isə təchiz edilmiş avadanlıqların quraşdırılmasına başlanılıb.
 
 
Qrant Razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan,  Şərur, Sumqayıt, Mingəçevir, Göyçay, Qəbələ, Şəki, Zaqatala, Bərdə, Qazax, Qusar, Şamaxı, Şirvan, İmişli, Lənkəran) ümumilikdə 17 mərkəz yaradılıb. Regionlardakı hər sinif 16 kompüter və ləvazimatlarla təmin edilib. Bakı şəhərində yerləşən mərkəzdə 3 tədris otağı, virtual studiya, server otağı qurulub. Bütün mərkəzlər yüksəksürətli internet əlaqəsi ilə vahid şəbəkədə birləşdirilib.
 
Qeyd edilib ki, mərkəzin portalı “e-training.az” hazırlanıb və onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə real zaman, off-layn və onlayn rejimlərində təlimlərin keçirilməsi mümkündür. Hazırda bu mərkəz ölkəmizdə regionları əhatə edən və müasir avadanlıqlarla təchiz edilmiş yeganə mərkəzdir. Onun mövcud potensialından istifadə edərək ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin inkişafı, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və s. həyata keçiriləcəkdir.
 
O da vurğulanıb ki, digər dövlət qurumları və aidiyyəti təşkilatlarla əməkdaşlıq planlaşdırılır. Mərkəzdə aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcəkdir.
 
Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Çoi Suk İn Azərbaycanın İKT sahəsində sürətli inkişaf tempi əldə etdiyini vurğulayaraq Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Koreyanın informasiya-kommunikasiya texnologiyaları istiqamətində qazandığı bilik və təcrübələri Azərbaycanla bölüşməkdə maraqlı olduğunu qeyd edən səfir bildirib ki, hər iki ölkə arasında elektron hökumət üzrə qurulan əməkdaşlıq yüksələn xətlə davam etdirilir. Onun sözlərinə görə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi də e-hökumət əməkdaşlığında mühüm rol oynayır: “Dövlət orqanlarında kağızsız onlayn mühitin formalaşdırılması çox böyük faydalar verəcək. Mərkəzdə dövlət orqanı əməkdaşları üçün veriləcək təlimlər mühüm əhəmiyyət kəsb edir”.
 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov da bildirib ki, dövlət orqanlarının əməkdaşlarının e-hökumət istiqamətində bilik və bacarıqlarının artırılması əhəmiyyətli məsələlərdən biridir. Azərbaycanda bu səpkidə müsbət nəticələrin əldə olunduğunu qeyd edən komissiya sədrinin sözlərinə görə, belə tədris mərkəzlərinin yaradılması ilə nəzərdə tutulan məqsədlərə daha tez nail ola bilərik. B.Xəlilov vurğulayıb ki, Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası da bu istiqamətdə RYTN-lə uğurlu əməkdaşlıq edəcək.
 
Tədbirdə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, son zamanlar Azərbaycanın əldə etdiyi inkişaf və gələcək inkişafı istiqamətində aparılan işlər, şəxsən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin üfüqləri artıq hamımıza məlumdur. Müəyyənləşdirilən hədəflərin 2012-ci ilin dekabrında cənab Prezidentin fərmanı ilə təsdiq olunan “Azərbaycan–-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapdığını qeyd edən nazirin sözlərinə görə, hazırda qarşıda duran əsas məqsədlərdən biri Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, insan inkişafı, neftdən asılılığın daha da minimuma endirilməsidir ki, bunun nəticəsində də ölkəmizin gələcək inkişafı təmin ediləcəkdir:
 
“Strategiyaya diqqət etsək görərik ki,  burada yeni texnologiyaların, yeni infrastrukturun inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin daha da irəli aparılması, bu istiqamətdə cəmiyyətin aktivliyinin artırılması nəzərdə tutulub. Bu aktivlik müxtəlif sahələrdə olduğu kimi, həmçinin də, kiçik və orta biznesin, işgüzarlığın inkişafında xüsusi yer alır. Belə bir inkişaf hədəflərimizi, çağırışları qarşılamaq üçün ən yaxşı vasitələrdən biri olan, Azərbaycanda artıq 2004-cü ildən həyata keçirilən elektron hökumət layihəsi, xidmətlərin elektronlaşdırılmasıdır. Bu da son zamanlar xüsusi bir aktivlik fazasına keçmişdir. Elektron hökumət layihəsi vətəndaşların aktivliyinin artırılması, dövlət xidmətlərinin alınmasında əhalinin rahatlığının təmin edilməsi, digər tərəfdən isə iqtisadi subyektlərin inkişafı üçün verilən xidmətlərin keyfiyyətinin artırılması və bununla əlaqədar olaraq məmur-vətəndaş münasibətlərinin yaxşılaşdırılması, həmçinin hökumətin cəmiyyət üçün açıq olması, iqtisadi inkişaf üçün mane ola biləcək amillərlə mübarizə, o cümlədən korrupsiyaya qarşı aparılan işlərdə, digər iqtisadi problemlərin həlli istiqamətində çox böyük vasitədir”.
 
Azərbaycanın artıq 2 ildir ki, Açıq hökumət təşəbbüsünə qoşulduğunu və Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Tədbirlər Planının işlənib hazırlandığını vurğulayan nazir deyib ki, açıq hökumətdə elektron hökumət layihəsi mühüm yer tutur:
 
“Lakin e-hökumət layihəsini həyata keçirmək heç də asan məsələ deyil. Son illərə qədər müəyyən bir geriləmələr də hiss olunurdu. Lakin ötən il BMT-nin elektron hökumət indeksi üzrə səyahət hesabatına nəzər saldıqda burada bizi fərəhləndirən göstəriciləri görə bilərik. Belə ki, hesabata görə, 2013-cü ilə nisbətən 2014-cü ildə Azərbaycanın e-hökumət indeksi üzrə reytinq mövqeyi 28 dəfə irəliləyərək 68-ci yerdə qərarlaşıb. Əgər hesab etsək ki, bu gün biz İKT-nin inkişafı üzrə dünyanın təxminən 50 ölkəsi arasındayıq, deməli, e-hökumət üzrə hələ də müəyyən qədər gerilik var. Bu geriliyi də aradan qaldırmaq üçün Azərbaycan hökuməti, şəxsən Prezident İlham Əliyevin xüsusi diqqəti çərçivəsində müəyyən işlər həyata keçirilir. O cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması da ümumi xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan biridir.
 
Bütün bunlarla bərabər, Azərbaycan cəmiyyəti inkişaf edir. Yəqin ki, zaman gələcək ki, artıq heç bir vətəndaş və yaxud iqtisadi subyekt müəyyən xidməti almaq üçün hökuməti görməyəcək. Çünki fəaliyyətin hər sahəsi elektron xidmətlərlə həyata keçiriləcək. Bu, bir tərəfdən xidmətlərin elektronlaşması, digər tərəfdən isə əhalinin internet vasitəsi ilə xidmətlərə çıxışının təmin olunmasıdır. Bu istiqamətdə də hökumət, həmçinin  genişzolaqlı optik internet infrastrukturunun genişləndirilməsi üzrə layihəni həyata keçirir”.
 
Nazir Əli Abbasov qeyd edib ki, elektron hökumət layihəsini həyata keçirərkən beynəlxalq aləmdə irəlidə olan dövlətlərin təcrübəsini öyrənmək, onların təcrübələrindən istifadə etmək, ortaq layihələr həyata keçirmək çox böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın ən yaxın partnyoru Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyidir: “ Koreya Respublikasının təcrübəsi müsbət model kimi tanınır. Çünki Koreya İKT üzrə ən irəli gedən ölkələrdən biridir. Elektron hökumət sahəsində də bir çox hesabatlarda I yeri tutur. Bu da bizə örnək verir ki, əməkdaşlığımızı davam etdirək. Koreya II Dünya müharibəsindən sonra, 50-60 il içərisində ən yoxsul ölkədən ən varlı ölkələr sırasına qədər gəlib çıxa bilib. Ona görə də Koreyanın inkişaf modeli dünyanın bir çox ölkələri tərəfindən öyrənilir”.
Azərbaycanın da özünün inkişaf modelini qurduğunu və bu istiqamətdə davamlı, düşünülmüş addımlar atıldığını vurğulayan Əli Abbasov bildirib ki, qarşımızda duran məsələlərdən biri də ölkəmizi İnkişaf Etmiş Ölkələr sırasına daxil etməkdir. Bu istiqamətdə müasir elektron hökumət sisteminin həyata keçirilməsinin böyük rol oynayacağını söyləyən nazir yaxın zamanlarda arzulanan mövqelərə gəlib çatacağımıza əminliyini ifadə edib.
 
Nazir əlavə edib ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzi elektron şəbəkə modeli üzrə qurulan sistemdir. Onun sözlərinə görə, mərkəz nəzərdə tutulan fəaliyyətlə yanaşı, həm də İKT-nin əhali arasında populyarlaşması, müəyyən tədbirlərin keçirilməsi istiqamətində də böyük rol oynayacaq.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL