waplog

Azərbaycan alimlərinin nailiyyətləri beynəlxalq məlumat bazasına daxil ediləcək


Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətlərlə bağlı məlumatlar “Elsevier” tərəfindən hazırlanmış məlumat bazasında yer alacaq. Bununla bağlı təklif AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Elsevier” beynəlxalq elmi bazasının Türkiyə və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Ayhan Akanay Saracoğlu və Rusiya, Ukrayna və Belarus üzrə nümayəndəsi Marat Fatkhoulline ilə keçirilən görüşdə səsləndirilib.
 
 İTİ-dən qeyd edilib ki, görüşdə Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynayan elmi məqalələrin dünyanın nüfuzlu, yüksək indeksli jurnallarında dərcinin təşkili və əməkdaşlıq əlaqələri üzrə müzakirələr aparılıb. “Elsevier”in fəaliyyəti haqqında ətraflı məlumat verən A.Saraçoğlu bildirib ki, dünyanın ən qədim nəşriyyatı səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış informasiya resurslarını təklif edir.
 
A.Saracoğlu bu kimi elektron kitabxanaların təklif etdiyi imkanları önə çəkərək şirkətin dünya üzrə akademiya, universitet və elmi müəssisələrin fəaliyyətini, onların beynəlxalq elmi mühitdə mövqeyini müqayisəli təhlil edən ilk və ən böyük sistem olduğunu qeyd edib.
 
 
“Elsevier”in elmi fəaliyyətin effektiv idarə olunması və qiymətləndirilməsi məqsədilə hazırlanmış yeni layihəsi haqqında məlumat verən A.Saracoğlu elmi tədqiqatların effektiv qiymətləndirilməsi və inkişaf strategiyasının hazırlanması üçün analitik platforma olan “SciVal” və elmi tədqiqatlar prosesinin effektiv idarə olunması üçün “Pure” adlı vasitələrin üstünlüklərindən danışıb.
 
 
M.Fatkhoulline isə “Elsevier”in təklif etdiyi xidmətlər haqqında məlumat verib:
 
“Elsevier”in “Science Direct” xidməti dünya üzrə elm, texnologiya və tibb sahəsində mövcud olan tam mətnli (full text) məqalələrin böyük bir hissəsini əhatə edir. Ən böyük istinad bazası olan “Scopus”a isə müxtəlif elmi nəşrlər, o cümlədən konfrans materialları daxildir. Azərbaycanın elm və təhsil müəssisələrinin “Elsevier”in xidmətlərindən daha səmərəli istifadəsini təmin etmək əsas hədəflərimizdən biridir”.
 
 
Görüşdə şirkət nümayəndələri Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətləri özündə əks etdirən və onların “Scopus” elmi bazasında olan məlumatları əsasında “Elsevier” tərəfindən hazırlanmış bir məlumat bazasının yaradılması təklifini irəli sürüblər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL