waplog

“Çalışırıq ki, yaxın gələcəkdə YTP Azərbaycanda yüksək texnologiyalar sahəsində yüksəksəviyyəli mütəxəssislərin sayının artmasına səbəb olacaq bir platformaya çevrilsin”



Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) qarşısında duran əsas vəzifələrdən biri də ölkədə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatlar aparılması və yüksək texnologiyaların işlənilməsi məqsədilə yaradılan Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilidir. "Rabitə dünyası" ilə söhbətində "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC-nin direktoru Seymur Ağayev bu istiqamətdə aparılan işlərlə bağlı bütün maraqlı məqamlara toxunub.


 
İlk mərhələdə "showroom" kimi istismara veriləcək bina gələcəkdə YTP tərəfindən həm də inzibati - təsərrüfat obyekti kimi istifadə olunacaq
 
 
- "Yüksək Texnologiyalar Parkı"nın yaradılması üzrə işlər hazırda hansı mərhələdədir?
 
- Hal-hazırda Yüksək Texnologiyalar Parkının (YTP) tikintisi məqsədi ilə ayrılmış ərazinin yararlı vəziyyətə gətirilməsi və tikintiyə hazırlıq işləri davam etdirilməkdədir. Bu işlər çərçivəsində ərazi hasarlanmış, müəyyən torpaq işləri görülüb, ərazidə olan tullantılar və artıq torpaq daşınıb. Həmçinin Yüksək Texnologiyalar Parkında tikiləcək binaları əks etdirən müxtəlif banerlər yerləşdirilib.









Yüksək Texnologiyalar Parkının infrastrukturunun qurulması üçün  layihələndirmə işləri memar şirkət ilə birlikdə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilməkdədir. Ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanıb. Hal-hazırda birinci faza üzrə tikiləcək binaların eskiz layihələrinə baxış keçirilməkdədir. Bütün əlavə və düzəlişlər edildikdən sonra, birinci faza üzrə tikiləcək binaların işçi layihələrinin hazırlanması işləri davam etdiriləcək. Eyni zamanda ərazidən keçən mövcud kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində də işlər həyata keçirilir.
Biz artıq kiçik də olsa birinci binanın inşasına başlamışıq. İlk mərhələdə "showroom" kimi istismara veriləcək bu bina gələcəkdə YTP tərəfindən həm də inzibati - təsərrüfat obyekti kimi istifadə olunacaq. Həmçinin məlumat üçün qeyd etmək istərdim ki, yaxın zamanda YTP-nin baş planının təsdiq edilməsindən sonra birinci fazaya daxil olan əsas binaların təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub. Bundan sonra isə texnoparka ilk potensial investor rezidentlərin qəbuluna başlanacaq.
 



 
 



Azərbaycanda yüksək texnologiyalar ekosisteminin  gələcək inkişafı üçün bir sıra yeni təşəbbüslərin tətbiq olunması ilə əlaqədar təkliflər hazırlanıb

- Parkın infrastrukturunun qurulması məqsədilə aparılan proseslərdə hansı məsləhətçi şirkətlər iştirak edib və onların iştirakı ilə hansı işlər yerinə yetirilib?
 
 - YTP infrastrukturunun qurulması prosesinə bir neçə xarici şirkət cəlb olunub. Onlar arasında BƏƏ-də qərarlaşan "Commit Network" şirkəti bir il ərzində YTP-yə konsaltinq xidmətləri göstərməklə yanaşı, YTP komandası üçün bir sıra təlim və tədbir təşkilatçılığında yaxından iştirak edib və ən əsası sözügedən dövrdə YTP üçün Biznes Plan və Biznes Modeli tərtib edib. Həmçinin əlavə etmək istərdim ki, "Commit Network" şirkətinin nümayəndələri ilə birgə xaricə bir sıra səfərlərimiz olub, xarici texnoparkların təcrübəsi yaxından öyrənilib və müvafiq araşdırmalara əsaslanaraq, Azərbaycanda yüksək texnologiyalar ekosisteminin  gələcək inkişafı üçün bir sıra yeni təşəbbüslərin ölkəmizdə tətbiq olunması ilə əlaqədar təkliflər hazırlanıb. Hal-hazırda həmin təşəbbüslərin həyata keçirilməsi ilə bağlı işlər aparırıq.  Bundan başqa, Pirallahı adasında tikiləcək Yüksək Texnologiyalar Parkının baş planının təsdiqinə qədər olan mərhələdə konsept-dizaynın, baş planın və ümumi inşaat layihəsinin hazırlanması üçün layihəçi şirkətin cəlb edilməsi ilə bağlı texniki məsləhətçi olaraq Kanadanın "Hill İnternational" şirkəti ilə müqavilə imzalanıb. Şirkətlə işlədiyimiz dövrdə "Hill İnternational" dizayn layihənin planlaşdırılması, tender şərtlərinin və tender təklifinin hazırlanması işlərində bizə dəstək göstərmiş və həmçinin ümumi proseslərlə bağlı məsləhətlərin verilməsi, Parkın dizaynı ilə məşğul olacaq şirkətin texniki tərəfdən dəyərləndirilməsi istiqamətində işlər görüb.
 





 



Mərkəz sadəcə "startup"lara yönələn yox, eyni zamanda bu sahəyə yaxın olan gənclərin inkişafına istiqamətlənən işlər də  görməkdədir
 
 
-"YT Park"-ın "PiCampus" Biznes İnkubasiya Mərkəzində həyata keçirilən fəaliyyət haqqında nə demək olar?

 -"YT Park"-ın "PiCampus" Biznes İnkubasiya Mərkəzində həyata keçirilən fəaliyyəti bir neçə fərqli istiqamətlərdən sadalamaq olar. Bunlardan mərkəzdə fəaliyyət göstərən "startup" layihələr, şirkətlər və bir neçə təlim kursları və seminarları qeyd etmək olar. Mərkəz sadəcə "startup"lara yönələn yox, eyni zamanda bu sahəyə yaxın olan gənclərin inkişafına istiqamətlənən işlər də  görməkdədir. Mərkəzin hər gün 100 nəfərdən çox istifadəçisi var. Hal-hazırda 31 layihə mərkəzdə öz fəaliyyətini davam etdirməkdədir. Fəaliyyət dövründə ehtiyac gördüyümüz kadr çatışmazlığını da yeni fəaliyyətə başlamış "Code Academy" şirkəti ilə birgə doldurmağa çalışırıq. "Code Academy" 12 həftəlik intensiv proqramlaşdırma təlimlərindən ibarətdir. Artıq 18 nəfər ilk proqram üçün seçilmiş və dərslərə başlayıb. "Code Academy"-yə növbəti qəbul isə sentyabr ayında olacaq və bu barədə  də yaxın müddətdə  ətraflı  məlumat veriləcək. Təkcə bu il ərzində 39 layihə bizə müraciət edib və onlardan 12-si artıq mərkəzin istifadəsinə çevrilib. Beləliklə, bu gün İnkubasiya mərkəzimizdə fəaliyyət göstərən layihələrin sayı 31-ə çatıb. Ümumiyyətlə, inkubasiya mərkəzdən öz ilk fəaliyyətləri dövründə geniş istifadə etmiş, sonradan isə daha da böyüyüb təkmilləşərək başqa ofislərə keçən "startup" şirkətlər də var. Onu da qeyd edim ki, mərkəzdən istifadə "startup"lar üçün tamamilə ödənişsizdir. Mütəmadi olaraq, istifadə üçün "startup"lar öncədən "www.picampus.az" saytı vasitəsi ilə öz layihələri barədə məlumat göndərməli və daxili komissiyadan keçməlidirlər. Eyni zamanda mərkəzdə hər ay bir çox  təlimlər keçirilir. Bu təlimlərin əksəriyyəti ödənişsiz qaydada təşkil olunur. İKT sahəsində bir çox beynəlxalq tədbirlər də YTP-nın  Biznes İnkubasiya Mərkəzində mütəmadi olaraq keçirilməkdədir. 
 

 







"Yaxın günlərdə rezident olmaq istəyən şirkətlərin təkliflərinin qəbulunu elan edəcəyik"
 
- Bəs bu gün Mingəçevir Yüksək Texnologiyalar Parkında hansı işlər həyata keçirilir?
 
-Cənab Prezidentin 26 fevral 2015-ci il tarixli 481 saylı fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Bu qərara əsasən  Mingəçevir şəhərində 1,3 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazinin idarəetməsi isə  RYTN-in tabeliyində "Yüksək Texnologiyalar Parkı – "YT Park" MMC -yə tapşırılıb. Biz idarəedici təşkilat olaraq, orada mövcud infrastruktur imkanlarını nəzərə alaraq, yaxın günlərdə rezident olmaq istəyən şirkətlərin təkliflərinin qəbulunu elan edəcəyik. Rezidentlərin qəbulu Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək və həmin layihələr Ekspertlər şurası tərəfindən qiymətləndiriləcək.
 
 
 "Məhz buna görə də layihəyə maraq göstərən xarici investorlarla birgə qoyula biləcək sərmayənin əsasında infrastruktur fondunun yaradılması istiqamətində aktiv danışıqlar aparırıq"

- "YT Park" MMC-nin gələcək İnkişaf Planında hansı hədəf və məqsədlər yer almaqdadır?
 
- Hal-hazırda biz məsləhətçi şirkətlə birgə hazırladığımız üç əməkdaşlıq modelinin üstündə intensiv iş aparmağa çalışırıq. Bu modellərdən biri İnfrastruktur fondunun qurulmasıdır. Bildiyiniz kimi, cənab Prezident tərəfindən imzalanmış müvafiq fərmana əsasən texnoparkın tikintisi üçün 50 ha torpaq sahəsi ayrılmışdır və bu ərazidə onlarla kommersiya binasının tikintisi planlaşdırılmışdır. Qeyd etmək istərdim ki,  tikiləcək binaların həm konsepsiya, həm də təyinatını nəzərə alaraq biz inşaat prosesini 4 mərhələyə bölmüşük. Birinci mərhələ dediyimiz ekosistemin yaradılması üçün əsas obyektlərdən ibarət olan tədris mərkəzi, ümumi istifadə üçün nəzərdə tutulmuş bir kommersiya mərkəzi binası və təbii ki, inzibati bina və inkubator mərkəzinin tikilməsi planlaşdırılıb. Birinci mərhələyə aid bu obyektlərin inşaatı dövlət büdcəsi hesabına  nəzərdə tutulub. Ərazinin bir hissəsinin fərdi ofislər məhəlləsi kimi yaradılması, yığma-istehsalat sahələri və sosial-yaşayış obyektlərinin tikintisi kimi digər mərhələlərdə isə işlərin görülməsi potensial investorların cəlb edilməsi vasitəsi ilə nəzərdə tutulub. Məhz buna görə biz hal-hazırda layihəyə maraq göstərən xarici investorlarla birgə qoyula biləcək sərmayənin əsasında infrastruktur fondunun yaradılması istiqamətində aktiv danışıqlar aparırıq. Tərəfimizdən hazırlanan biznes model onu göstərir ki,  belə bir kapital qoyuluşları investorlar üçün kifayət qədər cəlbedici ola bilər.
      Burada qeyd etmək istərdim ki, həm intellektual məhsulu istehsal edən şirkət və "startup"lar üçün, həm də fiziki məhsulu istehsal etmək istəyən şirkətlər üçün nəticədə iki opsional təklif təqdim olunacaq. Onlardan biri, həmin şirkətlərin  öz sərmayəsi hesabına öz ofislərini ofis məhəlləsində tikmələri, istehsalatı isə istehsalat zonasında qurmalarıdır.  Digər təklifimiz isə biz və ya dediyimiz infrastruktur fondu tərəfindən bu infrastrukturun yaradılması və həmin şirkətlərə icarə əsasında verilməsidir.
Bundan başqa, bildiyiniz kimi, keçən il "Bakutel" sərgisində bizim stendimizdə bir çox xarici şirkətlərin innovativ texnologiyaları təqdim olunub. Hal-hazırda bu və digər potensialı olan şirkətlərlə danışıqlar davam etdirilməkdədir. Bu proseslərin bir az da sürətləndirilməsi üçün tərəfimizdən potensial layihələr üçün digər əməkdaşlıq modeli də hazırlanıb. Bu model  Texnologiyaların Transferi Mərkəzinin yaradılmasından ibarətdir ki, özündə xaricdən ən innovativ ideyaların və texnologiyaların ölkəmizə cəlb olunması üçün hazır investisiya mexanizmlərinin yaradılmasını nəzərdə tutur.
Məsələn, belə  mexanizmlərin ən uğurlu olanlarından biri Sinqapur dövləti tərəfindən həyata keçilən "Bumeranq" mexanizmidir. Bu mexanizm vasitəsi ilə dövlətin marağında olan sahələrə xaricdə sərmayə qoyulur və layihə qarşısında sadəcə bir şərt qoyulur ki, o da həmin "startup"ın və ya biznesin Sinqapurda həyata keçirilməsi təşkil olunsun. Buna oxşar mexanizmlər dünyada çoxdur və biz bunların araşdırılıb daha da təkmilləşmiş modellərinin ölkəmizdə tətbiq edilməsi istiqamətində müəyyən işlər görürük.
Biz çalışırıq ki, yaxın gələcəkdə YTP iddialı innovativ ideyaların həyata keçirilməsi, biznes əlaqələrinin genişləndirilməsi və Azərbaycanda yüksək texnologiyalar sahəsində yüksəksəviyyəli mütəxəssislərin sayının artmasına səbəb olacaq bir platformaya çevrilsin. Bizim əsas məqsədlərimizdən biri Azərbaycanın regionda yüksək texnologiya mərkəzinə çevrilməsidir. Qeyd etmək istərdim ki, hal-hazırda Azərbaycanda vençur kapitalı bazarının inkişafına da böyük ehtiyac vardır. Bu da bizim üçüncü prioritet istiqamətimizdir ki, biz bu istiqamətdə müəyyən işlərin həyata keçirilməsi üçün xarici partnyorlarımızla aktiv şəkildə danışıqlar aparırıq. Ümid edirik ki, bizim Parkın qurulması və gələcək fəaliyyəti bu prosesə öz töhfəsini verəcək. Bütün bu sadalanan işlər həm dövlət, həm də özəl yerli və xarici qurumların iştirakı ilə (PPP – Public Private Partnership modeli əsasına) planlaşdırılır. Həmçinin inanırıq ki, hal-hazırda hazırlanma mərhələsində olan yeni qanunvericilik təşəbbüsləri xarici investor və startaplar üçün daha da əlverişli şəraitin yaradılmasını təmin edəcək və biz bu məsələ ilə bağlı işlərimizi davam etdirməkdəyik. Əsas hədəfimiz isə "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında nəzərdə tutulduğu kimi qeyri-neft sektorunun ən böyük payının məhz İKT olacağını nəzərə alaraq  YTP-nın iqtisadiyyatımızda rolunun daha da artmasıdır.
 

 







"YT Park"-dan startapların inkişafı ilə bağlı təkliflər
 
 - Bu yaxınlarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir Əli Abbasov startapçılarla görüşüb onların fikirlərini dinlədi. Görüşün iştirakçısı olaraq, startapçılar, eləcə də digər nümayəndələr tərəfindən səsləndirilən təkliflərə sizin münasibətinizi də öyrənmək maraqlı olardı.
 

- Qeyd etdiyiniz bu görüşdə, bir çox məsələlər ətrafında maraqlı müzakirələr aparıldı, xüsusən nazir Əli Abbasovun dəyərli fikirləri dinlənildi.  Mən də fürsətdən istifadə edib bəzi təkliflərimizi sizinlə bölüşmək istərdim. Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, texnoparkların səmərəli fəaliyyəti, ixracyönümlü məhsullarının istehsalı, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənməsi üçün texnoparklarda stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi vacibdir. Bu baxımdan, cənab prezidentin müvafiq fərmanına əsasən vergi sahəsində bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Həmçinin, qabaqcıl təcrübənin ölkəmizdə tətbiq edilməsi üçün məsləhətçi şirkətlə birlikdə araşdırmalar aparılıb, qanunvericiliklə bağlı bir necə yeni təşəbbüslər hazırlanıb və hal-hazırda bunların bəziləri İqtisadiyyat və Sənaye Nazirliyi ilə müzakirə olunmaqdadır. Bundan başqa, yüksəksəviyyəli mütəxəssislərin hazırlanması üçün biz artıq öz tərəfimizdən dünyadakı bir necə yüksək texnologiyalar və biznes menecment ixtisaslaşmış professional məktəblərlə danışıqlar aparırıq ki, yaradılacaq ekosistemin təməl prosesləri ərazidə öz əksini tapsın və inanırıq ki, bu proseslər də gələcəkdə həmin mütəxəssislərin hazırlanmasında öz töhfəsini verəcək. Bununla yanaşı, biz yerli tədris proqramlarının hazırlanmasında  öz dəstəyimizi və məsləhətlərimizi verməyə hazır olduğumuzu bildiririk. Buna misal, yenicə fəaliyyətə başlanmış yerli "Code Academy" şirkəti tərəfindən başlanmış intensiv İT intensiv təlimləri ola bilər. YT Park olaraq biz həm metodologiya, həm də məruzəcilərin seçilməsində yaxından iştirak etmişik və inanırıq ki, bu məktəb yaxın vaxt ərzində özünü doğruldacaq. Bundan başqa, tərəfimizdən yeni investisiya mexanizmlərinin yaradılması istiqamətində  də müəyyən işlər aparılmaqdadır. Təbii ki, hər bir innovativ ideyanın reallaşması üçün müəyyən tədqiqatlar və araşdırmalar, mütəxəssislərin cəlb olunması, prototiplərin hazırlanması və istehsalı   olmalıdır ki, o da maliyyə imkanları ilə bağlı olan proseslərdir. Bu da bizim marağımızdadır ki, belə innovativ layihələr tam işlənib ərazimizdə tətbiq olunsun və nəticədə "Made in Azərbaycan" etiketli istər beyin, istərsə də fiziki məhsulların istehsalının daha da çoxalmasına səbəb olsun.
Eyni zamanda görüşdə səsləndirilən avadanlıq və qurğulara olan ehtiyaclar da tərəfimizdən dəyərləndirilib baxılacaqdır. Bu araşdırmalar artıq başlanılıb və deyə bilərəm ki Mingəçevir Yüksək Texnologiyalar Parkında mövcud olan infrastrukturu nəzərə almaqla avadanlıqların bəzilərinin orada yerləşdirilməsini mümkün hesab edirik. İnanıram ki bu da həmin Texnoparkın fəaliyyətinin başlanmasına təkan verəcək.
Bir daha bildirmək istərdim ki, bizim qapılarımız hər bir maraqlı layihəyə və ya təşəbbüsə acıqdır. Sadəcə, nəzərə almalıyıq ki, dünyanın innovasiya mərkəzi hesab olunan  Silikon Vadisi 60 ilə əmələ gəlib, biz isə bu istiqamətdə yeni-yeni addımlar atmağa başlamışıq. Biz qabaqcıl təcrübəni öyrənərək onun yaxın müddətdə ölkəmizdə tətbiq edilməsi üçün aktiv işlər görürük ki, növbəti 5 il ərzində həmin ərazidə 3 minə yaxın insan innovativ sahədə fəaliyyət göstərsin. 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL