waplog

“Ağıllı” eynək beyin impulslarını hesablayacaq


“Dior”, “Fendi” və “Hugo Boss” kimi məşhur brendlər üçün çərçivələr yaradan “Safilo Group SpA” şirkəti özünü “ağıllı” eynəklər seqmentində sınamaq qərarına gəlib. Belə ki, İtaliya şirkəti növbəti ay internetə qoşulan eynək təqdim etməyə hazırlaşır. Klassik eynək görkəmində olacaq “Safilo” eynəkləri ötən il fəaliyyəti dayandırılan “Google Glass” layihəsindən fərqli olaraq kamera və displeylə təchiz edilməyəcək.  
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni məhsul əvvəlcə məhdud funksiyalar dəstinə malik olacaq. Eynək beyin impulslarını qiymətləndirərək sonradan bu məlumatları smartfon və ya planşet proqramlarına göndərə biləcək. Əsas ideya insanlara əhval-ruhiyyəni izləməyə, rahatlanmanın və düşünməyin nə vaxt lazım olmasını bilməyə imkan verməkdən ibarətdir. Şirkətin baş icraçı direktoru Luiza Delqadonun sözlərinə görə, “ağıllı” eynəyə yeni funksiyalar sonradan əlavə ediləcək.

Məlumata görə, gündəlik istifadə üçün nəzərdə tutulan “Safilo” eynəklərinin növbəti ilin yazında şirkət üçün ən böyük bazar hesab edilən ABŞ-da internet vasitəsilə satışa çıxarılması planlaşdırılır. Dizayn, rənglər və qiymət barədə ətraflı məlumat yanvarda keçiriləcək “CES 2017” sərgisində təqdim ediləcək. Eynəklərin tam potensialının əvvəlcə gündən qorunma, daha sonra görməni korrektə edən eynəklərdə tətbiq ediləcəyi gözlənilir.

“Safilo Group SpA” eynək sənayesində “Luxottica” və “Essilor” şirkətlərindən sonra üçüncü istehsalçıdır. Yeni texnologiyaların ona bazarda rəqiblərini geridə qoymağa kömək edəcəyi ehtimal olunur.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL