waplog

Smartfonlar bazarında artım davam edəcək


“IDC” analitik şirkəti beşillik dövrün sonunadək dünya smartfonlar bazarında müsbət dinamikanın saxlanılacağını proqnozlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə smartfonların tədarükü 2016-cı ildəki 1,47 milyarddan 1,7 milyardadək artacaq, hesabat dövründə sahədə ortaillik artım tempi isə 3,3 faizə bərabər olacaq.

Şirkətin 2017-ci il üçün proqnozunda smartfon istehsalçılarının 1,49 milyarddan çox qurğu buraxaraq ötən ilin göstəricisinin 1,7 faiz yaxşılaşdırılması nəzərdə tutulur.

Məlumata görə, 2016-cı ildə dünya smartfonlar bazarında ilk dəfə birrəqəmli artımın (2015-ci ilə nisbətdə artım 2,5 faiz təşkil edib) qeydə alınmasına baxmayaraq mütəxəssislər gələcək artım üçün çoxlu imkanlar görərək ötən ilin sonuna olan vəziyyətə görə dünya əhalisinin 50 faizinin smartfon istifadəçisi olmasını vurğulayırlar. Bundan başqa, Şimali Amerika, Qərbi Avropa, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş bazarlarda smartfonların nüfuzetmə səviyyəsi yüksək olsa da, əksər istifadəçilər qurğuları iki ildə bir dəfə yeniləyir. Analitiklərin fikrincə, bu tendensiya növbəti bir neçə ildə də davam edəcək.

Əməliyyat sistemləri arasında qüvvələr nisbətinə gəldikdə isə, burada böyük dəyişikliklər gözlənilmir. İki il əvvəl olduğu kimi, “Android” əməliyyat sistemi bazarın çox hissəsinə nəzarət etməkdə davam edəcək, “iOS” sisteminin payı isə 14-15 faiz arasında dəyişəcək.

“IDC” mütəxəssislərinin qənaətinə görə, 2017-ci ildə dünya bazarına 1,27 milyard “Android” qurğusu və 218,7 milyon “Apple” smartfonu çıxarılacaq ki, bu da müvafiq olaraq 85,2 və 14,6 faizlik bazar payına uyğun olacaq. Digər platformaların payı 2,7 milyon qurğu və ya ümumi göstəricinin 0,2 faizini təşkil edəcək. 2021-ci ilədək “Android” sisteminin payının 85,5 faizədək yüksələcəyi, “iOS” platformasının 14,4 faizədək azalacağı gözlənilir. Digər əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların payı minimuma enəcək: onların payı 0,1 faizədək azalacaq.

Vəziyyəti mədaxil baxımından nəzərdən keçirən ekspertlər qeyd edib ki, 2021-ci ilədək “Apple” qurğuları 180 milyard dollar və ya pul ifadəsində bazarın ümumi həcminin 36 faizini təmin edəcəklər. Bu məbləğ “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar buraxan istehsalçıların ümumi mədaxilinin yarısından çoxunu təşkil edəcək.

Analitiklər yüksək sinfə aid smartfonlar seqmentində zəifləmə əlamətlərini görmürlər. Bunu nəzərə alaraq 2017-ci ildə qurğuların orta qiymətinin 7 faizdən çox bahalaşması gözlənilir. Artımın arxasında dayanan əsas qüvvə nümayiş olunan “Samsung Note 8” modeli və buraxılışı gözlənilən yeni qurğular - “iPhone 8”, “LG V30” və “Google Pixel 2” daxil olmaqla qabaqcıl smartfonlar olacaq. “IDC” nümayəndələri əlavə edib ki, bu il ekran diaqonalı 5,5 düymdən böyük smartfonların bazar payı 40 faiz təşkil edəcək, 2021-ci ilədək isə 51 faizi üstələyəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL