waplog

İspaniyada “5G” pilot şəbəkəsi istifadəyə veriləcək


“Telefónica” şirkəti İspaniyanın iki şəhərində “5G” pilot şəbəkə layihəsini işə salmağa hazırlaşır.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, layihə “Nokia” və “Ericsson” şirkətlərinin iştirakı ilə Seqoviya və Talavera-de-la-Reyna şəhərlərində istifadəyə veriləcək. Bununla yanaşı, “Nokia” şirkəti “Telefónica” ilə layihənin Seqoviyada işə salınmasında əməkdaşlıq edəcək, “Ericsson” isə İspaniya operatoruna şəbəkənin Talavera-de-la-Reynada istifadəyə verilməsində kömək edəcək.

Məlumata görə, “Telefónica” şirkəti növbəti 3 il ərzində qeyd olunan şəhərlərdə qabaqcıl texnologiyaların silsilə sınaqlarını keçirməyi planlaşdırır. İlkin mərhələdə “5G” şəbəkəsi üçün kanal tutumlarının ayrılması, daha sonra yeni “5G” şəbəkələrinin quraşdırılması nəzərdə tutulur. Bunun nəticəsində şəbəkələrdən qabaqcıl texnologiyaların üstünlüklərini sınaqdan keçirmək arzusunda olan fiziki və hüquqi şəxslər tərəfindən istifadənin konkret praktiki variantları müəyyənləşdiriləcək.

Şəhərlərdə yaşayan potensial xidmət istifadəçiləri faylları zəif yubanma (1-5 millisaniyə) dərəcəsi ilə 10 Qbit/saniyə sürətində yükləmək imkanı əldə edəcəklər. Bundan əlavə, kanal tutumunun genişləndirilməsi planlaşdırılır. Belə ki, yeni texnologiyadan istifadə simsiz internetə hazırda mümkün olandan 100 dəfə çox qurğu qoşmağa imkan verəcək.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.

Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL