waplog

2017-ci ildə mobil telefon və kompüter elektronikasının tədarükündə azalma qeydə alınıb


2017-ci ildə dünyada mobil telefon və kompüter elektronikasının, o cümlədən fərdi kompüter və planşetlərin tədarükü azalaraq 2,28 milyard ədəd təşkil edib. 2016-cı ildə bu göstərici 2,33 milyard dollara bərabər olub. Bu barədə "Gartner" analitik şirkətinin hesabatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, mütəxəssislər tərəfindən ənənəvi noutbuk və masaüstü kompüterlər, eləcə də "Ultramobile Premium" (Windows 10 əməliyyat sistemi ilə işləyən ultrabuk və hibrid modellər, Apple MacBook Air noutbukları) qurğularının daxil olduğu fərdi kompüter seqmentində azalma qeydə alınıb. Onların tədarükü ümumilikdə 270 milyon ədəddən 262 milyon ədədədək azalıb. Tənəzzülə səbəb kimi tədarük həcmi 220 milyon ədəddən 204 milyon ədədədək azalan ənənəvi fərdi kompüterlər göstərilir.  
 
Mütəxəssislər tərəfindən "Ultramobiles" (Basic and Utility) kimi qeyd olunan planşet seqmentində də mənfi dinamika müşahidə olunub. Onların tədarükündə 169 milyon ədəddən 160 milyon ədədədək azalma müşahidə olunub.
 
Bunu nəzərə alaraq kompüter elektronikası bazarının həcmi natural ifadədə 439 milyon ədəddən 423 milyon ədədədək azalıb.
 
Azalma əvvəllər artımın müşahidə olunduğu mobil telefonlardan da yan keçməyib. 2017-ci ildə qlobal smartfon və adi telefonların tədarükü 1,86 milyard ədəd səviyyəsində olduğu halda 2016-cı ildə analitiklər tərəfindən tədarük həcmi 1,89 milyard ədəd qiymətləndirilib.
 
Lakin 2018-ci ildə "Gartner" bahalı səviyyəli smartfonların, yüksək sinfə aid ultrabuk və hibrid qurğuların populyarlığının artması sayəsində artımın bərpasını proqnozlaşdırır. Mobil telefonların, bütün növ fərdi kompüter və planşetlərin 2,1 faiz artaraq 2,32 milyard ədəd təşkil edəcəyi, 2019-cu ildə isə 2,35 milyard ədədə çatacağı gözlənilir.
 
Eyni zamanda ənənəvi fərdi kompüter və planşet bazarlarında tənəzzülün davam edəcəyi proqnozlaşdırılır: 2018-ci ildə bu qurğuların tədarükü 193 milyon ədəddən 159 milyon ədədədək, 2019-cu ildə isə müvafiq olaraq 187 milyon ədəddən və 156 milyon ədədədək azalacaq.
 
Mobil telefonlar barədə danışan analitiklər əlavə edib ki, onların tədarükü 2,6 faiz artaraq 1,9 milyard ədədə bərabər olacaq. Telefonların ümumi satış həcmində payı 87 faiz təşkil edəcək smartfonlar seqmentində daha nəzərəçarpacaq artım tempi (6,2 faiz) gözlənilir.
 
"Gartner" mütəxəssislərinin qənaətinə görə, smartfon istehsalçıları diqqəti gələcəkdə qurğulara süni intellekt elementləri, fərdi virtual yardımçı funksiyalar və daha rahat istifadəçi interfeysləri əlavə etməklə onların təkmilləşdirilməsinə yönəldəcəklər. Bundan başqa, istehsalçılar qurğuların biometrik funksiyalarını, ekran xüsusiyyətlərini və fotoçəkmə imkanlarını yaxşılaşdırmaqda davam edəcəklər.
 
Sahənin inkişafı üçün daha bir stimul "5G" texnologiyasının tətbiqi olacaq. Şirkətin qiymətləndirməsinə görə, 2021-ci ilədək dünyada satılan smartfonların təxminən 9 faizi bu qabaqcıl rabitə standartını dəstəkləyəcək.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL