waplog

Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Bakı ilə yanaşı, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Şamaxı, Mingəçevir, Gəncə, Lənkəran, Qəbələ və Bərdə regional mərkəzlərində də videokonfrans şəklində təşkil olunub.
Həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər tədbirə videokonfrans vasitəsilə qoşulublar.

Tədbirdə çıxış edənlər internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsinin informasiya əsrinin prioritetlərindən olduğunu qeyd edib.

Məlumat verilib ki, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə, Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “INSAFE” tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Beləliklə, hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilməkdədir. Bu il bu gün üçün müəyyən edilən “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır” şüarı tədbirin mövzusuna daxil edilib.

Bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə 2010-cu ildən həm Təhlükəsiz İnternet Günü, həm də Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir. Bu tədbir də onlardan biridir.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış  ediblər.












NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL