waplog

“Qualcomm” şirkəti “5G” sahəsində smartfon istehsalçıları ilə əməkdaşlıq edəcək


Dünyanın ən böyük mobil modem sxem istehsalçılarından biri olan “Qualcomm” şirkəti bu sahədə daha bir uğura imza atıb. Belə ki, şirkət iri smartfon istehsalçıları ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində onlar “Qualcomm” şirkətinin “5G” modemləri ilə təchiz edilən qurğular buraxmağa hazırlaşırlar.  

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, söhbət “Snapdragon X50 5G NR” çip ailəsindən gedir. “5G NR” (NR - New Radio, “yeni radiorabitə”) hazırda “3GPP” konsorsiumu tərəfindən standartlaşdırılan beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) “bütöv” spesifikasiyasıdır.

“Qualcomm” şirkətinin məlumatında 18 iri smartfon və digər telekommunikasiya avadanlığı istehsalçısı sadalanır. Onlar arasında “HMD” (Nokia smartfonlarının buraxılışı ilə məşğuldur), “Sony”, “Xiaomi”, “Oppo”, “Vivo”, “HTC”, “LG”, “Asus”, “ZTE”, “Sharp”, “Fujitsu” və s. şirkətlər yer alıb. Eyni zamanda siyahıda dünya smartfonlar bazarının 3 liderinə – “Samsung”, “Apple” və “Huawei” şirkətinə rast gəlinmir.

“Huawei” qurğularında “Qualcomm” çiplərindən istifadə olunmasa da, “Apple” və “Samsung” smartfonlarında tətbiq edilir. Lakin şayiələrə görə, “Apple” onlardan imtina edərək analoji “Intel” modem çiplərinə keçmək niyyətindədir. “Samsung” istehsalçısı da “Qualcomm” məhsullarını öz texnologiyaları ilə əvəzləyə bilər.

“Qualcomm”, həmçinin bəyan edib ki, “X50 5G NR” modemlərindən beşinci nəsil mobil rabitə şəbəkələrinin sınaqları zamanı əksər iri rabitə operatorları, o cümlədən “AT&T”, “British Telecom”, “China Mobile”, “Deutsche Telekom”, “Orange”, “SK Telecom”, “Sprint”, “Telstra”, “Verizon” və “Vodafone” istifadə edəcək.  

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL