waplog

Dünyanın ilk pilotsuz hava taksisi istifadəyə hazırdır


Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay səmasında qeyri-adi nəqliyyat vasitəsinin – avtonom (kabinədə insan tərəfindən idarə olunmayan) hava taksisinin istifadəyə verilməsi planlaşdırılır. Layihə effektiv dövlət idarəçiliyi və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr edilən VI illik Ümumdünya Hökumət Sammitində (World Government Summit, WGS 2018) təqdim olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, yeni taksi növünün istifadəyə verilməsinin təşəbbüskarı qismində Almaniyanın “Volocopter” şirkəti ilə əməkdaşlıq edən Dubay Yol və Nəqliyyat İdarəsi çıxış edir.

İdarənin məlumatına görə, hava taksisi yüksək təhlükəsizlik və etibarlılıq standartlarına cavab verəcək. İdarəetmə “GPS” naviqatoru əsasında xüsusi marşrut proqramlaşdırma sistemi vasitəsilə fəaliyyət göstərən avtopilot tərəfindən həyata keçiriləcək. Taksinin hərəkətinə nəzarəti Yerdəki operator edəcək.

Təqdimat materiallarında qeyd olunur ki, elektriklə işləyəcək hava taksisi ekoloji təmiz nəqliyyat növüdür. Layihəyə görə, uçuşun maksimal müddəti 30 dəqiqə, maksimal sürəti 100 km/saat təşkil edəcək.

Bildirilir ki, taksini smartfon vasitəsilə sifariş etmək mümkün olacaq. Daha sonra istifadəçinin qurğusuna uçuşun təsdiqi və marşrutun planı haqqında məlumat göndəriləcək. Layihə müəlliflərinin sözlərinə görə, aparat vaxtında və təyinat məntəqəsinə maksimum yaxın əraziyə eniş edəcək.

Hava taksisinin istismara verilməsini nəzərdə tutan layihə Dubay hökumətinin ən yeni texnologiyaların ictimai həyat və xidmətlər sahəsinə tətbiqi üzrə irimiqyaslı planın tərkib hissəsi olacaq.

Bir müddət əvvəl BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum bəyan edib ki, 2030-cu ilədək şəhərin mobil parkının 25 faizini avtomatik hərəkət edən nəqliyyat vasitələri təşkil edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL