waplog

“5G” texnologiyası operatorlara mədaxili artırmağa kömək edəcək?


“Strategy Analytics” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) böyük perspektivlər açmasına baxmayaraq onun texnologiyanın işə salınacağı ilk illərdə operatorların gəlirlərinə təsirinin zəif olacağını proqnozlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin proqnozlarına görə, 2019-cu ildə dünyada “5G” mobil şəbəkə istifadəçilərinin sayı 5 milyon, 2023-cü ildə isə 577 milyon təşkil edəcək. Lakin belə abunəçilərin operatorların gəlirlərində payı 10 faizə bərabər olacaq.
 
Ekspertlərin sözlərinə görə, mobil rabitə bazarının həcmi pik həddə yaxınlaşır. 2021-ci ildə burada mədaxilin 881 milyard dollar təşkil edərək 2018-ci il üçün proqnozlaşdırılan gəlirlərə nisbətdə 3 faiz artacağı gözlənilir.
 
Bildirilir ki, “5G” servisləri istifadəyə verilənədək “4G LTE” platformaları “LTE-Advanced” və “LTE-Advanced Pro” texnologiyalarında təşəkkül tapacaq. Cari ilin ortalarına dördüncü nəsil mobil rabitə şəbəkələrinə bütün qoşulmaların təxminən yarısı onların payına düşəcək, dekabrın sonunadək isə qoşulmaların sayının 2 milyarda çatacağı proqnozlaşdırılır. “5G” şəbəkəsi yayıldıqdan sonra əksər qurğular “5G” əhatə dairəsindən kənarda “4G” şəbəkə rouminq xidmətindən istifadəni davam etdirəcək. 
 
Hazırda mobil şəbəkələrə qoşulma sayı 7,7 milyarda yaxındır. 2023-cü ilədək bu göstəricinin 9 milyarda çatacağı gözlənilir.
 
“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək.
 
Bundan başqa, müasir kommunikasiyanın bir neçə problemini həll edəcək “5G” insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin “5G” standartı media fayllarından istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL