waplog

Stiv Voznyak internetin təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirib


“Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak “RBC” saytına müsahibədə gələcəkdə kibercinayətlərlə əlaqədar vəziyyətin gərginləşəcəyini bildirərək vəziyyət nəzarət altından çıxmayanadək onların törədilmə imkanlarının məhdudlaşdırılmasının vacibliyini qeyd edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RBC” resursuna istinadən yazır ki, şirkət qurucusu bununla yanaşı, müdaxiləni sıfıra endirməyin qeyri-mümkün olmasını etiraf edərək kibercinayətləri avtomobil oğurluğu ilə müqayisə edib.
 
“Lakin zaman ötdükcə biz, məsələn, istənilən ciddi fəaliyyətin istifadəçilər tərəfindən təsdiq olunmasını tələb edəcək blokçeyn sistemi yarada bilərik. Belə sistemlərə müdaxilə etmək, demək olar, qeyri-mümkün olacaq. Hazırda bunu texniki imkanların məhdud olması səbəbindən etmək mümkün olmasa da, əminəm ki, gec-tez bu imkan yaranacaq. Düzdür, onların işləməsi üçün biz tədricən bütün interneti yenidən qurmalı olacağıq”, - S.Voznyak vurğulayıb.
 
O, həmçinin istifadəçilərin elektron qurğular vasitəsilə izlənilməsini ciddi problem hesab edir. “Mən çox təəssüf edirəm ki, iştirakçısı olduğum kompüterlərin inkişafı əksər insanların ağlına belə gətirmədiyi izləmə vasitələrinin yaranmasına səbəb olub. Mənim xoşuma gəlmir ki, müasir texniki imkanlar qanunun bizə zəmanətlə verdiyini çox asanlıqla pozmağa imkan verir. Bir dəfə insanlar öz hüquqları uğrunda mübarizəyə qalxaraq dövlətə deyəcəklər: belə olmaz”, - o qeyd edib.
 
Bundan əlavə, qeyd olunur ki, texnoloji inkişafın faydası ilə yanaşı, əks tərəfi var. “Cəmiyyət “plastikləşir”: biz getdikcə daha çox bir-birimizə bənzəyirik, bizdə yaradıcılıq, fərdilik, müstəqillik azalır. Hətta yaşadığımız evlər də eynidir və rəqəmli inqilab bizi texnologiyalardan daha çox asılı və eyni edir”, - şirkət yaradıcısı əlavə edib.
 
Qeyd edək ki, “Apple” şirkətinin həmtəsisçisi olan S.Voznyak “Apple Computer” (hazırkı Apple Inc.) şirkətinin səhmlərinin 45 faizinin sahibi olsa da, hazırda bu rəqəm 1 faizə bərabərdir. O, sonralar “Acquicor Technology”, “Fusion-io” və “Primary Data” kimi layihələrdə iştirak edib və onların əksəriyyətində elmi texnologiyalara rəhbərlik edib.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL