waplog

Mobil əlavələrin yüklənmə sayı və satışı üzrə rekord yenilənib


Bu ilin birinci rübündə mobil əlavələrin satışı və yüklənmə sayı üzrə yenidən rekord qeydə alınıb. Bu barədə “App Annie” şirkətinin hesabatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, hesabata görə, 2018-ci ilin yanvar-martında istifadəçilər tərəfindən “Apple App Store” və “Google Play” mağazalarından ümumilikdə təxminən 27,5 milyard proqram və oyun yüklənilib ki, bu da bir il əvvəlki göstəricini 10 faiz üstələyir. Yüklənmə həcmi ən böyük yüklənmə kimi tarixə düşüb.  
 
Bundan başqa, mobil əlavələrin satışından əldə olunan mədaxil üzrə rekord (18,4 milyard dollar) qeydə alınıb. 2017-ci ilin ilk üç ayı ilə müqayisədə artım 22 faiz təşkil edib.
 
“App Annie” statistikasında əlavələrin yüklənilməsi onunla seçilir ki, burada proqram təminatının yenilənməsi və təkrar quraşdırılması nəzərə alınmır. Hesaba yalnız yeni proqram quraşdırmaları alınır.
 
“App Store” əlavələrin satışından əldə olunan mədaxil üzrə lider olaraq qalır: bu ilin ilk rübündə “Apple” şirkətinin mağazası pul göstəricisinə görə “Google Play” mağazasını 85 faiz geridə qoyub. Bununla yanaşı, “Android” kataloqunda 135 faiz çox əlavə yüklənilib və bunda ABŞ bazarının xidməti böyükdür. “App Store” ABŞ, Rusiya və Türkiyədə artıma nail olub.
 
“Google Play” mağazasında mədaxilin əksər hissəsini musiqi və əyləncə əlavələri təşkil edir. “App Store”da öz mövqeyini daha çox sağlamlıq vəziyyətinə və idmanla məşğul olmaya nəzarət əlavələri möhkəmlədib.
 
Martın sonunda “App Store” və “Google Play” mağazalarında əlavələrin ümumi sayı 6,2 milyona bərabər olub.
 
Əlavələr mağazalarında tendensiyaların analizi xidmətlərini təklif edən “AppFigures” servisinin məlumatına görə, 2017-ci ildə “App Store”da proqram və oyunların sayı tarixdə ilk dəfə 5 faiz azalaraq 2,1 milyona enib. Bununla belə, “Google Play” kataloqunun həcmi 30 faiz artaraq 3,6 milyon əlavə təşkil edib.
 
“App Store”da proqram təminatının çeşidinin azalmasını analitiklər “Apple” şirkəti tərəfindən məhsullara tələblərin sərtləşdirilməsi ilə izah edirlər.
 
Bundan əlavə, “Apple” şirkəti “App Store” mağazasından “iOS” sisteminin yeni versiyalarına uyğun yenilənməyən və lazımi şəkildə fəaliyyət göstərməyən köhnəlmiş kontenti ləğv edir.
 
Digər səbəb tərtibatçılar tərəfindən proqramların az yaradılmasıdır. Belə ki, 2017-ci ildə tərtibatçılar “App Store”da 755 min yeni əlavə yerləşdiriblər ki, bu da əvvəlki illə müqayisədə 29 faiz azdır. Bu azalma indiyədək ən böyük azalma kimi yadda qalıb.
 
Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL