waplog

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri müəyyənləşib


17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş "Ali məktəb tələbələri arasında informatika üzrə XIÜmumrespublika Olimpiadası"nın final mərhələsi keçirilib.
 
Qeyd edək ki, təşkilatçıları qismində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun çıxış etdiyi sözügedən bilik yarışının keçirilməsi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsi məqsədini daşıyır.
 
Sözügedən tədbiri giriş sözü ilə AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq müsabiqə ilə bağlı geniş məlumat verib.
 
Onun sözlərinə görə, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ əldə edib. Paytaxt və regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti) ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanıb.
 
R.Əliquliyev cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçının təmsil olunduğunu vurğulayıb.
 
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılmasına xidmət edən bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib.
 
E.Vəlizadə bildirib ki, bu olimpiada ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək üçün hazırlıq xarakteri daşıyır.
 
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Azərbaycanda ölkə rəhbərliyi tərəfindən ixtisas üzrə təhsilin inkişafına xüsusi önəm verildiyini, cari ildən başlayaraq İT ixtisasları üzrə bakalavr pilləsinə qəbulun 1,5 dəfə artırıldığını bildirib .
 
Y.Piriyev çıxışında orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən ən nüfuzlu beynəlxalq yarışın – Beynəlxalq İnformatika Olimpiadasının (International Olympiad in Informatics – IOI) 2019-cu ildə Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb.
 
Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov çıxış edərək Heydər Əliyev Fondunun elm və təhsil sahəsində, o cümlədən müasir dövrün çağırışlarına cavab verən informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrə daim dəstək verdiyini söyləyib.
 
Olimpiadanın Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması və onlara dəstək verilməsi, ölkəmizin intellektual yarışlarda yüksək səviyyədə təmsil olunmasına şəraitin yaradılması baxımından olimpiadanın böyük əhəmiyyətə malik olduğunu deyib.
 
Olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib.
 
Sonda final mərhələsinin nəticələri açıqlanıb. 1-ci yerə Bakı Mühəndislik Universitetinin "BEU Programmers", 2-ci yerə ADA Universitetinin "ADA U1", 3-cü yerə Bakı Dövlət Universitetinin "BSU1", 4-cü yerə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının "Sharper" komandaları layiq görülüblər.
 
Qeyd edək ki, qaliblər (I-IV yerlər) 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə "Nar" operatoru və "BestComp Group" şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.
 










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL