waplog

Süni intellekt denqe qızdırmasını proqnozlaşdıracaq


Mühəndis Renye Mallo Malayziya Tibbi Tədqiqatlar İnstitutu ilə birlikdə denqe qızdırmasının yayılmasını proqnozlaşdıran “AIME” adlı süni intellekt sistemi ixtira edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ixtiraçının sözlərinə görə, “AIME” (tibbi epidemiologiyada süni intellekt) qızdırma ocaqlarının yaranmasına və yayılmasına təsir göstərən çoxlu göstəriciləri analiz edir. Proqnoz üçün məlumatlar kompüterə yükləndikdən sonra sistem hər region üçün fərdi şəkildə epidemiyanın mümkün yayılma yerini göstərir. Neyron şəbəkəsinin proqnozu 3 ay müddətinə nəzərdə tutulur.

Məlumata görə, “AIME” sistemi artıq Filippində və Braziliyada uğurlu sınaqdan keçirilib. Sistem denqe qızdırmasının yaranma ocaqlarını 84 faiz dəqiqliklə proqnozlaşdırıb. Neyroşəbəkə virusun mümkün yaranma yerlərini göstərdikdən sonra sanitar-epidemioloji stansiyanın nümayəndələri ora gedərək ərazini potensial denqe yayıcılarından təmizləyiblər.

Qeyd edək ki, denqe qızdırması Cənub-Şərqi Asiya, Afrika, Okeaniya və Karib hövzəsi ölkələrində yayılan yoluxucu virus xəstəliyidir. Hər il 50 milyon insan xəstəlikdən əziyyət çəkir ki, onun da 13 mini həyatını itirir. Epidemiya ilə mübarizə inkişaf etməkdə olan ölkələrin büdcəsinə ciddi ziyan vurur. Məsələn, Asiya ölkələri qızdırma yayıcıları ilə mübarizəyə ildə təxminən 300 milyon dollar, Cənubi Amerika ölkələri isə 1 milyard dollardan çox vəsait sərf edirlər.

Nizam Nuriyev



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL