waplog

“AzInTelecom” məlumatların rezervlənməsində vaxt və resurslara qənaət etməyə imkan verən bulud xidməti təqdim edir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin "AZCLOUD" bulud provayderi müştərilərinə buludda rezervlənməni tez və asan şəkildə həyata keçirməyə imkan verən  Rezervlənmə xidmətini (Backup as a Service) əlverişli şərtlərlə təklif edir.
 
Məlumat və bulud infrastrukturunun daimi rezervlənməsi məlumat itkisi baş verən zaman onun tez bir zamanda bərpasını təmin edir və müştəri üçün mühüm olan məlumatın qorunub saxlanılmasını asanlaşdırır.
 
"AZCLOUD"-un Rezervlənmə xidməti sayəsində istifadəçilər bulud infrastrukturundakı bütün iş proseslərini asanlıqla şəxsi kabinetindən idarə edə bilər.
 
Təqdim edilən xidmət rezervlənmə sahəsində virtual mühitin monitorinqi üzrə ixtisaslaşmış "Veeam" şirkətinin "Cloud Connect"  texnologiyası əsasında qurulub. Bu texnologiyanın əsas üstünlüklərinə onun 10 dəqiqə ərzində quraşdırılması, qlobal şəbəkələr (WAN, Wide Area Networks) üzərindən "WAN Acceleration" rezervlənmə sürətləndiricisi vasitəsilə 50 qat prosesi daha da sürətləndirməsi və istifadəçilərin kompüter və ziyarət etdikləri sayt arasındakı əlaqənin təhlükəsiz olduğunu təmin edən SSL (SSL, Secure Sockets Layer) təhlükəsizlik protokolu ilə mühafizə olunan bağlantı üzərindən rezervlənmə imkanları aiddir.
 
Bulud üzərindən Rezervlənmə xidmətinin tətbiq edilməsinin digər üstünlükləri "AZCLOUD" istifadəçisinin virtual infrastrukturunun bulud mühitində  tam avtomatlaşdırılmış şəkildə rezervlənməsi, eləcə də, idarə edilməsi və tez bir zamanda bərpası üçün vahid konsolun təqdim edilməsi, mütəxəssislər tərəfindən 24/7 dəstək xidməti və xarici bulud provayderindən 3 dəfə daha sürətli olmasıdır.
 
Məlumat üçün bildirək ki, sürətlə rəqəmsallaşan dünyada şirkətlərə məlumat itkisi nəticəsində dəyən zərər ildən ilə artır. İnformasiya təhlükəsizliyi sahəsində dünya liderlərindən biri olan "McKinsey" şirkətinin 2018-ci ilin mart ayında dərc etdiyi "Digital and Risk" adlı hesabatına əsasən, hər il şirkətlərin informasiya təhlükəsizliyinin təmin edilməsinə 500 milyon dollar xərcləməsinə baxmayaraq, məlumat itkisi nəticəsində onlara 400 milyard dollarlıq ziyan dəyir.
 
"AzInTelecom" haqqında

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən "AzInTelecom" MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşdırıla bilən bulud xidmətlərini təqdim edir. "AzInTelecom" öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. "AzInTelecom" MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:
  1. Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili
  2. Data Mərkəzinin nəzdində "AzCloud" bulud infrastrukturu (IaaS), proqram təminatı xidmətləri (SaaS) və bulud əsaslı xidmətlər
  3. Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması
 
Beynəlxalq səs trafikinin mübadiləsinin təşkili çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsinin yüksək keyfiyyəti və alternativliyi təmin edilir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədi ilə "AzInTelecom" MMC-nin  nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin  təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.

Bulud xidmətləri – ISO 20000, ISO 27001 və "Uptime İnstitute" tərəfindən "TIER III" sertifikatları ilə təltif olunan "AzCloud" bulud provayderi yerli və beynəlxalq qurumlara infrastruktur, proqram təminatı və bulud xidmətləri (virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə, kompleks təhlükəsizlik həlləri və digər) göstərir.

Sertifikatlaşdırma xidmətləri – Telekommunikasiya vasitələri və qurğularının texniki göstəricilərinin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinin və beynəlxalq normativlərin tələblərinə cavab verməsi faktının müəyyən edilərək müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən "uyğunluq" sertifikatının verilməsindən ibarətdir. Bunun nəticəsində də keyfiyyətli, standartlara cavab verən avadanlıqların müəyyən edilməsində konsaltinq xidməti göstərmiş olur, bu isə daxili bazarda sağlam rəqabətin artmasına istehlakçıların hüquqlarının qorunmasına, müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına kömək edir.

"AzInTelecom" və onun xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az  və www.azcloud.az veb-saytlarından istifadə edə bilərsiniz.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL