waplog

Britaniyada hibrid və benzin avtomobillərin satışı qadağan ediləcək


Böyük Britaniyada 2035-ci ildən etibarən hibrid, benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək. Bu barədə ölkə hökumətinin saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, Britaniya hökuməti bundan əvvəl daxili yanma mühərrikli avtomobillərin satışını 2040-cı ildən tam dayandırmağı planlaşdırsa da, indi yeni benzin və hibrid avtomobillərin satışı üçün qadağanın 2035-ci ildən qüvvəyə minəcəyi açıqlanıb.

 

Bildirilir ki, Britaniyada 2050-ci ildən ölkə sakinləri tərəfindən hasil edilən işlənmiş qazların səviyyəsinin sıfıra endirilməsi nəzərdə tutulur. Hazırda dizel və benzinlə işləyən avtomobillər Britaniya bazarında 90 faiz paya sahibdir. Ekspertlərin fikrincə, bu gün Britaniyada elektromobillərin qiyməti çox bahadır, onların enerji ilə doldurulması üçün məntəqələr isə yox səviyyəsindədir.

 

Böyük Britaniya ilə yanaşı, daha bir neçə Avropa ölkəsi daxili yanma mühərrikli avtomobillərin satışını qadağan etməyi planlaşdırır. Məsələn, Norveç 2025-ci ilədək ölkədə işlənmiş qazların səviyyəsini sıfıra endirmək, Danimarka 2030-cu ilədək daxili yanma mühərrikli, 2035-ci ildən isə hibrid avtomobillərin satışını qadağan etmək niyyətindədir. Öz növbəsində Fransada 2040-cı ildən belə avtomobillərin satışı qadağan ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL