waplog

Nazir Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur


Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos”un nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Astronavtika Federasiyasının qlobal kosmik tədqiqat üzrə keçirilən “GLEX 2021” tədbirində iştirak edir.

 

Tədbir kosmonavt Yuri Qaqarinin “bəşəriyyət üçün yeni bir dövr”ün başlanğıc simvolu sayılan kosmik uçuşunun 60-cı ildönümünə həsr olunub.

 

“GLEX 2021”də Azərbaycanın kosmik sənayesinin tarixindən, son 10 ildə ölkəmizin kosmik sahədəki fəaliyyətindən, o cümlədən mədəniyyət və tarixindən, turizm potensialından bəhs edən stend, təqdimat və video roliklər nümayiş olunur.

 

Tədbirin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu ilin aprel ayında cənab Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında yaradılan “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi haqqında danışıb. Nazir bildirib ki, “Azərbaycan Respublikasının Kosmik Agentliyi”nin fəaliyyəti qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırılması, habelə telekommunikasiya və Yer müşahidəsi xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradacaq.

 

Daha sonra Rəşad Nəbiyev 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə, xüsusilə regionda kosmik sahənin inkişafına “yeni nəfəs” gətirəcəyinə əminliyini ifadə edib.

 

“GLEX 2021” platforması vasitəsilə beynəlxalq kosmik ictimaiyyət və tədbirin qonaqları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dəvət olunub.

 

Qeyd edək ki, kosmik ictimaiyyəti bir araya gətirən “GLEX 2021” tədbirində Beynəlxalq Astronavtika Federasiyasına üzv olan dövlətlərin – Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Fransa, Norveç, Belçika, Polşa, Almaniya, İtaliya, Malayziya, Meksikanın kosmik agentlikləri, o cümlədən kosmik missiyaları həyata keçirən kosmonavtların iştirakı ilə plenar və silsilə sessiyalar keçirilir. Bu platforma ölkəmiz üçün kosmik sahə üzrə qlobal səviyyədə yeni əməkdaşlıqların, kosmosdan həm sülh, həm də kommersiya məqsədilə potensial tərəfdaşlarla qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından geniş imkanlar yaradır.

 

“GLEX 2021” tədbiri kosmik sahə üzrə tədqiqatlar və yeni missiyalar mövzularını əhatə edən toplantılarla iyunun 18-nə qədər davam edəcək.

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL