waplog

Səyyar Əmək Birjaları iş axtaranlara yardım göstərəcək


Səyyar Əmək Birjalarının (SƏB) təşkili məqsədilə alınmış və müvafiq texniki imkanlarla təchiz edilmiş nəqliyyat vasitələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən fevralın 10-da baxış keçirilib. Belə ki, bu avtomaşınlar şəhərin müxtəlif yerlərində müvəqqəti iş axtaran insanlara səyyar şəkildə xidmət etmək üçün lazımi texniki avadanlıqlarla təmin edilib.

“İCTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qurumdan qeyd edilib ki, Səyyar Əmək Birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək və onların iş yerləri  ilə təminatına yardım göstərəcək.

Bundan başqa,  SƏB-lər peşəyönümü söhbətlər aparacaq, vətəndaşları peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilən ictimai işlər barədə məlumatlandıracaq. Hüquqi və fiziki şəxslərdən bu və ya digər peşə üzrə müvəqqəti işləri yerinə yetirmək üçün işçi sifarişlərinin qəbulu və müvəqqəti iş üçün müraciət edən vətəndaşlara həmin sifarişlər üzrə peşə və ixtisaslarına uyğun iş yerinin təklif olunması üçün həmin avtomaşınlarda mərkəzi serverlə birbaşa əlaqə imkanı yaradılıb.

Nazirlikdən qeyd edilib ki, 2011-ci il ərzində ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29 299  nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin olunub. Müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb edilənlərin sayı ötən il 4 299 nəfər təşkil edib, 1 568 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Gənclərin gələcək peşə seçiminə kömək məqsədilə 108 922 nəfər peşəyönümü məşğələlərinə cəlb edilib. Bakı, Sumqayıt , Gəncə və Mingəçevir  şəhərlərində fəaliyyət göstərən  Əmək Birjaları tərəfindən 3 938 nəfər müvəqqəti xarakterli iş yerlərinə  göndərilib.

Bu sahədə yeni formatda aktiv məşğulluq tədbiri kimi, Səyyar Əmək Birjalarının təşkili məqsədilə xüsusi hazırlanmış nəqliyyat vasitələrinin alınmasına başlanılıb.
HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL