waplog

Akademik İsmayıl İbrahimov: “Həyatımda yalnız bir dəfə tənəffüs olub”


İnformasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə etmə kimi təklif etdiyi üsullarla tarixin yaddaşına düşən Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, akademik İsmayıl İbrahimov 98 yaşın astanasındadır.

“Bu yaşda nə var, nə yox” deyib, hər il olduğu kimi, bu dəfə də “Rabitə dünyası” yaşı əsrə bərabər rabitəçinin evində qonaq oldu. İsmayıl müəllim söhbətimizə keçmiş günlərdən körpü saldı:
-Həyatımda yalnız bir dəfə tənəffüs olub.

Mən 1970-ci ildən 1978-ci ilə qədər Nazirlər Soveti sədrinin birinci müavini olmuşam. Gördüm ki, bu, mənim ürəyimdən gəlmir. Məni yenidəın məllimliyə qaytarmalarını xahiş etdim və elm-təhsil sahəsinə rektor kimi döndüm.

Əgər bu səkkiz ili də öz işimlə məşğul olsaydım, elə bilin ki, anadan olandan, məktəbə gedəndən bu günə qədər yalnız bir istiqamətdə işləmişəm, istiqamətimi dəyişməmişəm. İndi bu istiqaməti 97 yaşımda da davam etdirirəm. Hazırda Kibernetika İnstitunda,  Rabitə və İnformasiya Texnologiyaları İnstitunda elmi müşavirəm.

Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının nəzdində fəaliyyət göstərən “Kibernetika, informasiya texnologiyaları və texnika” üzrə Problem Şurasının sədriyəm. 1988-ci ildən ictimai əsaslarla işləyən Azərbaycan Uşaq Fondunun sədriyəm. Sovet sistemi dağılandan sonra 12 respublikanın birgə uşaq fondlarını biləşdirən Beynəlxalq Uşaq Fondları Assosiasiyasının vitse-prezidentiyəm.
 
“Sabahkı günü gözləyirəm”
 
-Yəqin ki, hər ad gününüz yaxınlaşdıqca ötən illərinizə, ömür yolunuza bir də nəzər salırsınız. Düçüncələrinizdən nələr keçir?

-Mən daha sabahkı günü gözləyirəm. Bu yaşda hamı haraya gedirsə, mən də oranı gözləyirəm. İndi işləyirəm, Şuranın iclasını aparıram. Bir neçə dəfə müraciət eləmişəm ki, yaşım çoxdur, məni buraxın. Çünki mən indi həm hökumət, həm prezident təqaüdü alıram. Sosialist Əməyi Qəhrəmanı kimi hökumət mənə ayda min manat təqaüd verir. 

Akademiyadan da 1200 manat vəsait alıram, ona görə də ailəmi saxlaya bilirəm. İndi ancaq sabahkı günümü gözləyirəm. Gecə yatanda düşünmürəm ki, səhər duracağam. Çünki 97 yaş az ömür deyil.

Bu, çox mürəkkəb, ağır yaşdır. Xoşbəxtliyim ondadır ki, heç bir xəstəliyim yoxdur.  Sağlamlığımı qorumağa çalışmışam. Çətinliyim yalnız uşaqlıq illərində özünü göstərib. Məndən inciməsinlər, amma sovet dövründə tələbəyə münasibət başqa cür olub. Mən texnikumda oxuyanda direktor çağırdı ki, kimsən, nəçisən. Dedim, yetiməm. Məni laborant kimi işə qəbul elədi. Yeməkxanaya da göstəriş verdi ki, gündə bir dəfə mənə pulsuz nahar verilsin. İndi artıq ağırlqları, çətinlikləri yadımdan çıxarmışam.
 
- Texnikuma yetim uşaq kimi daxil olan İsmayıl orada rəhbərlik tərəfindən çox dəstək görüb. Özünüz rektor kimi çalışdığınız zamanda tələbələrinizə bu dəstəyi verə bilmisinizmi?

- Bu suala bir qədər fərqli formada cavab vermək istəyirəm. Bütün SSRİ-də neft sahəsi üzrə mütəxəssis hazırlayan və bu sektor üzrə fəaliyyət göstərən ali məktəblərin tədris metodik şurasının sədri olmuşam. Ümumilkdə belə 7 ali məktəb olub ki, onlarla bağlı məsələləri biz həll etmişik. Moskvanın qərarı əsasında bizim təcrübəmiz, tələbələrə münasibətimiz, onlarla apardığımız elmi işlər və s. baxımdan SSRİ-nin bütün ali məktəblərinə tətbiq edilib. Bizim institutun təcrübəsi ittifaq miqyasında qəbul olunub. Bu da sualınıza bir növ cavabdır. Əgər mənim rəhbərliyim müddətində ümumi tələbələr arasında aparılan işlər, onların təhsilində inkişaf olmasaydı, təcrübəmiz həm respublika daxilində, həm də ittifaq miqyasında bu qədər geniş yayılmazdı.
 
“Həyatımda əskik olan yeganə məqam dostlarımla bağlıdır”
 
-Vəzifədə olan insanın tutduğu mövqeyi ilə bağlı ətrafında təsadüfi dostları çox olur. Sizin necə, belə dostlarınız olubmu?
 
- Mənim həyatımda əskik olan yeganə məqam dostlarımla bağlıdır. Dostlarımın heç biri həyatda  yoxdur.  Onlar üçün darıxıram. O ki qaldı dostluğa, məktəb dövrlərində oxuduğum yerlərdə uşaqlıq dostlarım olub. Mənim ən yaxın dostum keçmiş Mərkəzi Komitənin birinci katibi Vəli Axundov olub. Biz texnikuma eyni zamanda daxil olmuşuq. Onun da atası mənim də atam çox kasıb olub. Onunla dostluğum mənim böyük fərəhimdir. Təsadüf elə gətirib ki, ümummilli lider Heydər Əliyev komitədə işləyəndə onunla yaxından tanışlığımız olub, yoldaşlıq etmişik. O mənim fəaliyyətimdə böyük rol oynayıb. Məhz onun dövründə mənə Sosialist Əməyi Qəhrımanı adı verilib.

-Həyatın hər çür çətinliyini görmüsünüz. Ən ağır sınağınız nə olub?

- Atamı 2 yaşında itirmişəm. Anam və qardaşımı, eləcə də ən yaxın dostlarımı itirməyim mənə çox pis təsir edib. Qardaşımı  tez itirməyim məni hədsizz təsirləndirib. Bunlardan sonra Vəli Axundov və Heydər Əliyev- bu şəxsiyyətlər mənim dünyada itirdiyim ən ağır itkilərimdir. Onlar mənim hec vaxt yadımdan çıxa bilməz.
 
“Bu işdən ayrılmaq günahdır”
 
-Hazırda yaşlı insanları əksəriyyəti təqaüd yaşlarını səbirsizliklə gözləyirlər ki, işdən istirahət etsinlər. Amma siz bu yaşınızda da fəaliyyətinizi dayandırmağı düşünmürsünüz. Bu, işinizə bağlılıq, dincəlmək istəməməyinizdən irəli gəlir?

-“Kibernetika, informasiya texnologiyaları və texnika” üzrə Problem Şurasının sədri kimi bütün məsələlər mənimlə məsləhətləşmələr aparılır. Sadaladığm iş yerləri ilə yanaşı, digər fəaliyyət dairəm xeyriyyəçilik - Azərbaycan Uşaq Fonduddur. İnsan gərək ömrünün sonuna qədər xeyriyyəçiliklə məşğul olsun.

Mən də 88-ci ildən orada sədrlik edirəm. Varlı təşkilatlara, insanlara müraciət edərək onların ayırdığı vəsait hesabına neçə min uşağa kömək etmişik, müalicəsi ilə məşğul olmuşuq. 97 yaşım olmasına baxmayaraq, bu işimdən ölənə qədər əl çəkmək fikrim yoxdur.

Ola bilməz ki, bir müddət xeyriyyəçilik edib sonra deyəsən ki, “mən daha yoruldum”.  Elmi də son günümə qədər davam etdirəcəm. Çünki elm cəmiyyətin inkişafına xidmət edir. İnsan bu iki istiqaməti ömrünün sonuna qədər davam etdirməlidir.

Xeyriyyəçilikdən uzaqlaşmaq Allah qarşısında günahdır. Elmə gəlincə, ölkəmizdə informasiya cəmiyyəti qurulur və belə bir zamanda mütəxəssis olaraq kənarda dayanmaq, bu işdən azad olmaq, ayrılmaq qəbahətdir. Bu iki böyük işimi mən də ömrümün axırına qədər davam etdirəcəm.

Düzdür, mən hər gün Şuraya-işə gedə bilmirəm. Çünki bu yaşda çətindir. Amma evdə olduğum zamanda da telefon vasitəsilə lazımi göstərişlərimi verirəm. Bunlar insani vəzifələrdir. Bütün ömrümü bunlara həsr etmişəm və həsr eləyəcəyəm.

Dövlət məni 2 yaşımdan böyüdüb akademik, Sosialist Əmyi Qəhrəmanı edib. Bu cür yaxşılıqdan sonra mənim vəzifəm ömrümün sonuna qədər cəmiyyətə kömək etməkdir. Biz də məşğul olmasaq, bununla kim məşğul olacaq? Bunlar mənim dövlət qarşısında vəsifələrimdir.
 
“Mənə onların maddi köməyi lazım deyil”
 
-Bəs övladlarınızın qarşısında valideyn kimi vəsifələrinizi tam yerinə yetirə bilmisiniz?
- Həyat yoldaşım Məryəm xanım tələbəm olub. Hazırda bizim üç övladımız-iki oğlumuz, bir qızımız var. Ailə şəcərəimin bütün üzvlərinə əlimdəın gələni etmişəm. İki oğlum elmlər doktorudur. Biri Türkiyədə, o biri Amerikada professordur. Qızımla gəlinim elmlər namizədidir. Nəvələrim hamısı təhsil alıblar. Nəticələrim də yavaş-yavaş  böyüyürlər. İmkanım olacaqsa, onlara da əlimdən gələni edəcəyəm.
 
-İndi sizin özünüzün daha çox qayğıya ehtiyac hiss etdiyiniz vaxtdır. Uşaqlarınızdan bu qayğını görürsünümzü?
-Onların qayğısı budur ki, uşaqlarım məzuniyyətləri olan kimi bütün vaxtlarını ata-anası ilə keçirmək üçün Bakıya gəlirlər. Diqqət budur. Mənə onların maddi köməyi lazım deyil. Mənə diqqət lazımdır. Onların da diqqətindən çox razıyam.
 
-Neçə ilin rabitəçisi kimi internetdən istifadə edirsiniz?
 
-Hər gün internetdən nəvələrimlə, övladlarımla danışıram. Amma özüm istifadə etmirəm. Qızım saytlardan məlumatları oxuyur, mən də dinləyirəm. Bundan başqa, həmişə üç qəzet gündəlik olaraq evə gətirilir və stolumun üstündə olur. Amma telekanallardakı filmlər məni açmır. Müasir dövrdə keçmişə baxışların analiz olundğu tarixi filmləri izləyirəm. Yeni çıxan tarixi kitabları oxuyuram. Hazırda Adıgözəl Məmmədovun “Psixoqramma Kremlyovskix vojdey” kitabını oxumağa davam edirəm.


HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL