waplog

Ağıllı ofisi necə qurmaq olar?


Müasir, rahat, təhlükəsiz və ən əsası ağıllı ofisinizin olmasını istərdinizmi? Müasir reallıq bunu həyata keçirməyə imkan verir.

Müasir ofisi insanların həyati və iş fəaliyyəti üçün zəruri olan çoxlu sayda mürəkkəb cihazlar və qurğularsız təsəvvür etmək çətindir. Ofis və yaşayış binalarında texniki vasitələrin mürəkkəbləşməsi və onların sayının artması onlardan istifadə ilə bağlı problemlər də yaradır.


İstərdinizmi ofisinizdəki qurğular sizi bir işarədən başa düşsün, sizin istəyinizlə işıqlar sönüb yansın, pərdələr açılıb bağlansın? İstərdinizmi sizin həqiqətən müasir, rahat, təhlükəsiz və ən əsası ağıllı ofisiniz olsun? Azərbaycanda bir çox ixtisaslaşmış şirkətlər binaların intellektual avadanlıqla təchiz edilməsi və adi ofislərin «ağıllı» ofislərə çevrilməsilə bağlı xidmətlər təklif edir. Bu məqalədə «ağıllı ofis» anlayışına nəyin daxil olması, onun müsbət və mənfi cəhətləri, bu sistemi necə əldə etmək, onun qiyməti barədə danışacağıq.

İntellektin əlamətləri

«İntellektual bina» anlayışı ötən əsrin 70-ci illərində Vaşinqtonda İntellektual Bina İnstitutu tərəfindən təklif edilib. İntellektual bina «binanın dörd əsas elementi – strukturu, xidmət və idarəetmə sistemlərinin, həmçinin onlar arasında qarşılıqlı əlaqənin optimallaşdırılması sayəsində iş məkanından məhsuldar və səmərəli istifadəni təmin edən binadır». Beləliklə, intellektual binanın əsas əlaməti vahid məntəqədən kompleks idarəetmə sistemidir.
 

«Ağıllı ev» deyərkən binada baş verən konkret hadisələri ayırd etməyi bacaran və əvvəlcədən hazırlanan alqoritm vasitəsilə müvafiq olaraq onlara reaksiya verə bilən sistem başa düşülməlidir.
 

«Ağıllı» adına layiq görülmək üçün binada bir neçə avtomatlaşdırma komponenti olmalıdır: işıqlandırmanın, rozetlər və məişət cihazlarının idarə edilməsi, su sızmasından müdafiə və kompleks təhlükəsizlik sistemi. Bəzi binalar intellektual «multrum» auido və video sistemlə təchiz edilib. Bu sistem hər otaq üçün seçilən mikroiqlimi təmin edir, telefon və İnternet vasitəsilə idarə oluna bilir. Beləliklə, ağıllı bina bütün mühəndis sistemlərinə nəzarət edir və onları idarə edir: isitmə, elektrik, sərinləşdirmə, mühafizə və təhlükəsizlik sistemləri, su təchizatı.
Universal idarəetmə pultları və bir və ya bir neçə sensor ekranlar bütün sistemləri çevik şəkildə idarə etməyə şərait yaradır.

İş prinsipi necədir?

Belə sistemi idarə etmək heç də çətin deyil. Çünki bir çox texnika yenilikləri, həmçinin «ağıllı bina» sistemi ona görə yaranıb ki, insan dəyərli vaxtını artıq adi və eyni hərəkətlərə sərf etmək istəmir. Ağıllı ofisin işləməsi üçün personalın onu daim idarə etməsinə ehtiyac yoxdur: lazım olan parametrlər bir dəfə quraşdırılır və bundan sonra sistemin işinə qarışmaq lazım gəlmir.
 

Sistemin özəlliyi ondan ibarətdir ki, ona istənilən ssenari yazmaq olar. Hər şey sırf fərdi istəklə bağlıdır. Məsələn, müxtəlif qrup əməkdaşların gəlişinə sistem fərqli reaksiya verə bilər və ya rəhbərlik işçilərinə video və ya audio tapşırıqlar ötürmək imkanına malik olur.
 

Ağıll ofisdə siz qaranlıqda divarda işıqyandıran axtarmayacaqsınız. Çünki otağa daxil olan kimi hərəkət ötürücüləri və ya sizdəki pult vasitəsilə işıq dərhal yanacaq.
 

Ağıllı ofisdə mexanizmlər və cizahların üzərinə çoxlu sayda iş yükləmək olar. Əgər ofis «ağıllı» olarsa, hətta akvariumdakı balıqlar belə personalın olmadığı vaxt qayğı ilə əhatə olunacaqlar. Onlar vaxtında yemlənəcək, akvarium işıqlandırılacaq və oksigen veriləcək.

«Adətən çoxlu sayda idarəetmə panelləri və pultlar istifadə zamanı narahatlıq yaradır, - deyə intellektual sistemlərin inteqrasiyası ilə məşğul olan ATENAU Ltd şirkətinin layihə meneceri Rasim Rəhimov bildirir. – Bu halda yuxarıda sadalanan bütün sistemlərin inteqrasiyasını təmin etmək üçün texniki və sistem həll lazımdır: bura işıqlandırma və iqlimdən tutmuş audio və video aparatlara qədər sistemlərin idarə edilməsi daxildir. Belə avtomatlaşdırma sistemləri brendindən asılı olmayaraq ayrı-ayrı istehsalçıların avadanlıqlarını bir pult, panel altında inteqrasiya etməyə imkan verir».

Rahatlığın qiyməti

Ağıllı bina texnikası elektronikanın son nailiyyətləri əsasında yaradılan yüksək texnologiyalar sahəsinə aiddir və buna görə də onu əlçatan hesab etmək olmaz. Misal üçün sahəsi 80 kv.m olan yalnız konfrans zalının «ağıll bina» prinsipilə avtomatlaşdırılması istifadə edilən avadanlıqdan asılı olaraq həm 20 min, həm də 40 min manata başa gələ bilər. Əgər sizin bütün kompleksi almaq üçün kifayət qədər pulunuz yoxdursa, siz onu mərhələ-mərhələ qura bilərsiniz. Sizin üçün ən vacibindən başlaya və tədricən kompleksi genişləndirmək olar. Burada əsas məsələ layihədə onu gələcəkdə genişləndirmək üçün imkanların nəzərə alınmasıdır. Bundan əlavə az pul tələb edən layihələr də vardır ki, onlar minimal məbləğdə vəsait xərcləməklə ayrı-ayrı sistem növləri qurmağa imkan verir.
 

Avtomatlaşdırma sistemini quraşdırmaq çətin deyil. Əgər sizin ofisdə elektron avadanlıqlar qaydasındadırsa, bəlkə də sizə təmir lazım olmayacaq. Bu işlə məşğul olan tanınmış podratçılardan Muller İnşaat, Smartek, ATENAU Ltd şirkətlərinin adlarını çəkmək olar.

Ağıllı insanlara ağıllı binalar

Bəzi məlumatlara görə, hazırda intellektual sistem və avtomatlaşdırma sistemlərinin dünya üzrə bazarı 14,5 milyard dollardır. Bazarın beşdəbirini Yaponiya, dörddəbirini Şimali Amerika, 40%-dən çoxunu isə Avropa ölkələri tutur. Azərbaycanda isə bu bazar yalnız 2000-ci illərin əvvəllərində formalaşmağa başlayıb və təşəkkül dövrünü yaşayır.
 

«Mənim bildiyimə görə, Bakıda klassik anlayışda intellektual binalar hələ ki yoxdur, - deyə Smartek şirkətinin rəhbəri Teymur Rəşidəlizadə qeyd edir. – Buna baxmayaraq, Chirag Plaza, Yeni Həyat, Port Baku kimi müasir biznes mərkəzlərində intellektual sistemlərin ayrı-ayrı növlərinin inteqrasiyası təcrübəsi var. Məsələn, İSR Plaza kimi premium-klass biznes kompleksində qaz və işıq xətlərinə avtomatik nəzarət sistemi quraşdırılıb ki, bu da qəza zamanı operatora xəbər verir. İnsanın yaxınlaşması ilə yanan işıq sistemləri elektrikə qənaət etməyə imkan yaradır. Binanın əsas təchizat sistemlərinə belə nəzarət sistemi Yeni Həyat komplekslərində də var.
 

Tikilməkdə olan Port Baku və Altes Plaza müasir dəbli komplekslərdə binanın bir çox sistemlərini məsafədən idarəetmə sistemlərinin quraşdırılması nəzərdə tutulub. Ofis sahiblərinin istəyilə məsafədən sərinləşdirmə sistemini işə salmaq, videomüşahidə sisteminə qoşulmaq və s. mümkündür. Roseville yaşayış kompleksində təhlükəsizliyi təmin etməklə yanaşı, ağıllı sistem mobil telefon vasitəsilə otaqlarda işıqlandırmanı azaltmaq və ya çoxaltmağa, texnikanı idarə etməyə imkan verir.
 

Dalğa Plaza restoranında bizim şirkət tərəfindən quraşdırılan sistem işıqlandırmanı həm əllə, həm də avtomatik üsulla idarə etməyə şərait yaradır. Günəş şüalarının düşməsindən, günün saatlarından, ümumən sifarişçinin istədiyi ssenaridən asılı olaraq pəncərə pərdələri vəziyyətini dəyişir. Unibank-ın ofisində konfrans zalı elə təchiz edilib ki, burada bir düyməni basmaqla tələb olunan əməliyyatlar həyata keçirilir. Məsələn, «təqdimat» əməliyyatı seçilərkən avtomatik olaraq işıqlar zəifləyir, video və audio avadanlıq işə düşür, ekran açılır və pərdələr bağlanır, mikrofon və dinamiklər qoşulur və s. Belə sistem bizim tərəfimizdən Azərbaycan Ədliyyə Nazirliyinin iclas zallarında da quraşdırılıb».

biznesinfo.az



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL