12px13px15px17px
Tarix:29/02/12

“DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sistemi” məşğulluq xidmətlərini təkmilləşdirəcək

Azərbaycan hökuməti və Dünya Bankı “Sosial Müdafiənin İnkişafı” layihəsinin icrasını davam etdirir. Layihənin “Əmək bazarında islahatlar” adlı birinci komponentinin tapşırıqlarına uyğun olaraq, “Təkmilləşdirilmiş məşğulluq xidmətləri” və “Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması” istiqamətləri üzrə artıq təlimatlar hazırlanıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qurumdan qeyd edilib ki, sözügedən təlimatların təqdimatında Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov layihənin modern islahatların aparılmasında mühüm rol oynadığını bildirib: ”Bu komponentlər üzrə tapşırıqların icrası, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində sosial sahədə aparılan islahatlar indiki mərhələdə daha çox aktiv xarakterli sosial müdafiə tədbirlərini, o cümlədən aktiv məşğulluq tədbirlərini əhatə edir.

Bu, bir həqiqətdir ki, davamlı və yüksək templi iqtisadi artımın təmin edilməsində əmək ehtiyatlarının keyfiyyətcə yüksəldilməsi vacib faktordur. Aparılan islahatlar da bu sahədə önəmli olmaqla, nəticə etibarilə ölkədə həyata keçirilən siyasətin əsas hədəflərindən biri olan insan kapitalının inkişafına nail olunmasında xüsusi əhəmiyyət kəsb edir”. Bu sahədə nazirliklə Böyük Britaniyanın “MHC İnternational” təşkilatı arasında müqavilə imzalanıb.

Müqaviləyə görə, “Təkmilləşdirilmiş məşğulluq xidmətləri” və “DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması” tapşırıqlarını yerinə yetirmək, aktiv əmək bazarı proqramlarının, o cümlədən bu sahədə qanunvericilik və institusional bazanın təkmilləşdirilməsi üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə (DMX) texniki yardım göstəriləcək.

Tapşırıqların icrasına müvafiq sahə üzrə böyük təcrübəyə malik beynəlxalq ekspertlər - Maykl Hopkins, Con Lorans, Uilyam Ceyms Haus cəlb olunub. İcra prosesinə rəhbərliyi isə professor, uzun illər Beynəlxalq Əmək Təşkilatında çalışmış, Dünya Bankının bir çox layihələrinə rəhbərlik etmiş, dünyanın bir sıra nüfuzlu universitetlərində iqtisadiyyat və əmək bazarı üzrə mühazirələr oxuyan beynəlxalq ekspert Maykl Hopkins həyata keçirir.

“Təkmilləşdirilmiş məşğulluq xidmətləri” və “DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin yaradılması” üzrə tapşırıqların əsas məqsədi iş axtarışına yardım, əmək yarmarkaları, işəgötürənlər ilə əlaqələr, kiçik biznes məsləhət xidmətləri və s. kimi məşğulluq xidmətlərinin təkmilləşdirilməsidir. Həmçinin, bu sahədə görülən işlər nazirliyin və DMX-nin institusional potensialının gücləndirilməsi vasitəsilə işsiz vətəndaşların qısa zamanda əmək bazarına yenidən daxil olmasına yardım göstərəcək.

Eləcə də bununla ölkə üzrə yeni və səmərəli dövlət məşğulluq xidmətlərinin hazırlanması və həyata keçirilməsi reallaşacaq. Müvafiq tapşırıqlar üzrə təlimatların, həmçinin hazırlanacaq proqramların Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda sınaq işlərinin aparılması və DMX-nin əməkdaşlarının təlimə cəlb edilməsi nəzərdə tutulur.

Qeyd olunan tapşırıqlar çərçivəsində 2010-cu ilin iyul ayından bu günə kimi məşğulluq sahəsində qabaqcıl beynəlxalq təcrübə və strategiyalar təhlil edilib. Onların Azərbaycanda tətbiqi imkanları üzrə müvafiq hesabat hazırlanıb, müxtəlif Avropa ölkələrinə təlim səfərləri təşkil edilib, işaxtaran və işsiz şəxslər üçün təlimat kitabçaları tərtib olunub.

Eyni zamanda, əmək yarmarkalarının planlaşdırılması, təşkili, həyata keçirilməsi və qiymətləndirilməsi, işəgötürənlərlə DMX arasında əməkdaşlığın gücləndirilməsi, kiçik biznes məsləhət xidmətlərinin təşkili və həyata keçirilməsi üzrə təlimatlar hazırlanıb.

Digər işlər sırasında əlillərin əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədi ilə Konsepsiya, Fəaliyyət Planı və “Sosial müəssisələr haqqında”  qanunun layihə variantları, qanunvericilik bazasının və institusional çərçivənin təkmilləşdirilməsi üçün təkliflər, o cümlədən DMX-də yeni xidmət modelinin tətbiqi üçün konsepsiya, DMX-nin fəaliyyəti üzrə informasiya və idarəetmə sisteminin modeli də yer alıb.
 
HƏQİQƏT




Baxış sayı: 1221

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024