12px13px15px17px
Tarix:27/03/12

İnternetdə pulu necə qazanıb necə xərcləmək olar?

Həm qazananlar, həm də xərcləyənlər üçün "qızıl qaydalar" mövcuddur
 
İnternet yalnız əyləncə, maraqların bölüşməsi, yeni ünsiyyətlər üçün əsrarəngiz məkan deyil, bu gün o, həm də insanlara qazanc gətirə bilən əsas vasitələrdən sayılır. "Bəs internetdə necə pul qazanmaq olar" sualı üzərində düşünüb "baş sındıranlar" arasında xeyrə aparan yolu tapanlar da olub, qeyri-məchulluqlar labirintində dolaşığa düşüb bu "sevda"dan vaz keçənlər də.

Elə ondan başlayaq ki, "Ümumdünya hörümçək toru"ndan istifadə edən hər bir istifadəçi, heç olmasa, bir dəfə də olsa, internetdən musiqi, oyun, müxtəlif proqramlar və s. yükləyib.

Bu zaman yalnız 30-60 saniyə davam edən reklamdan sonra yükləmə linkini verən uploadbox, deposit files, letitbit kimi servislərlə qarşılaşmaq çoxlarına tanış səhnədir. Məhz bu servislər istifadəçilərə pul qazandıra bilər.
 
Hər şey bu qədər sadədir?
 
Hər şey isə çox sadədir. Bunun üçün sizin xüsusi sayt yaratmanıza ehtiyac yoxdur. Belə ki, faylları serverə yükləyərkən sizə onlardan hər birinə şəxsi link verilir.  Sonra bu linkləri ziyarətçilərin daha çox daxil olduğu resurslarda yerləşdirməlisiniz ki, digər istifadəçilər yükləmə imkanlarından istifadə etsinlər. İstifadəçilər sizin linkdə verilən pulsuz fayllarını nə qədər çox yükləyərsə, bir o qədər də sizə pul qazandırmış olar.

Tariflərə gəlincə, məsələn, "uploadbox" üzrə min dəfə yüklənən fayllar1 Mb ölçüsündə 5 dollar, 30 Mb ölçüsündə 7 dollar,  50 Mb ölçüsündə 10 dollar, 100 Mb ölçüsündə 12 dollar,  200 Mb ölçüsündə 15 dollar,  500 Mb ölçüsündə isə 20 dollara başa gəlir. Qazanılmış gəlirdən minimal ödəniş təxminən 25 dollar təşkil edir. Ödəniş "Z" pulkisəsi ilə yalnız "Webmoney" sistemində edilir. " letitbit" üzrə isə min dəfə yüklənən fayllar 5 dollardan 15 dollara qədər qazandıra bilər. Amma burada ziyarətçilərin hansı ölkədən olması da əhəmiyyətlidir.

Belə ki, daha çox ABŞ və Rusiyadan edilən yükləmələrə görə ödəmələr daha çox olur. "Depositfiles" üzrə isə min dəfə yüklənən fayllar1 Mb ölçüsündə 2 dollar, 5 Mb ölçüsündə 3 dollar,  10 Mb ölçüsündə 5 dollar, 50 Mb ölçüsündə 6 dollar,  100 Mb ölçüsündə 8 dollar,  250 Mb ölçüsündə isə 10 dollar qazandıra bilər. Burada da minimal ödəniş 10 dollar olmaqla, "PayPal" ilə "Webmoney" sistemində aparılır. Ümumiyyətlə, internetdən pul qazanmağı məqsədə çevirənlər və buna doğru gedənlər ilk növbədə fayl-hostinqlərdə qeydiyyatdan keçməlidirlər.

Daha sonra internet istifadəçilərinin tələbatına uyğun olaraq daha məşhur faylların-musiqi, film, oyun, proqramlar, ədəbiyyat və s. axtarışı başlayır. İstənilən portaldan seçilən bu fayllara keyfiyyətli təsvir düşünərək onları sonradan başqa xəbər portallarında yerləşdiririk.
 
Cəhdlərinizi boşa çıxaran təkliflər də gözlənilir
 
Amma faylları serverə daxil etməzdən əvvəl onları arxivləşdirmək vacibdir. Bu, fayl-hostinqin başlıca şərtidir, əks halda, serverdə faylları əlavə etmək mümkün olmaz. Daha çox ziyarətçinin daxil olduğu saytda yüksək keyfiyyətli nəşr faylın gün ərzində 30-40 dəfə yüklənməsinə imkan verəcək. İnternetdə pul qazanmağın yollarını araşdıran ekspertlər düşünürlər ki, həftədə bir dəfə yeni informasiyanın yerləşdirilməsi daha məqsədəuygundur. Tutaq ki, siz filminizi 10 məşhur saytda yerləşdirə bilmisiniz.

Minimum göstəricilərlə baxsaq, bu zaman 10 saytdan 30 yükləmə gün əzrində 300 yükləməyə imkan verir. Ay ərzində isə bu, 9 min yükləmə deməkdir. Nəticədə min yükləməni 5 dollardan nəzərə alsaq, 9 min yükləməyə görə 45 dollar qazanmış olacaqsınız. İnternetdə pul qazanmağın yollarından biri də şəxsi saytların yaradılmasıdır ki, burada da əsasən "copywriting and rewriting" məsləhət görülür.

Amma internetdə klik, poçtların və sorğuların oxunmasına vaxt sərf etməklə pul qazanmaq məsləhət deyil. Bu cəhdləriniz sadəcə itirilmiş zamanla yadda qalacaq. Bundan başqa, şirnikləşdirici təkliflərdən də uzaq qaçmaq tövsiyə olunur. Çünki az iş və çoxlu pul vəd edən belə aldadıcı təkliflər yalnız firıldaq tələsidir.
 
İnternet və mobil bankçılıq xidmətlərinin ümumi xərcləri azaldılır
 
İnternetdə pul qazanmaq istəyənlərlə yanaşı, pul xərcləmək istəyənlər də az deyil. Amma qazananlardan fərqli olaraq, xərcləyənlər üçün də müəyyən "qızıl qaydalar"mövcuddur. Azərbaycanın Mərkəzi Bankı da internet və mobil bankçılıq xidmətlərinin üstünlüyünu xüsusi vurğulayır. Belə ki, bu proses vaxta qənaət etməklə ümumi xərclərin azaldılması, ölkədə və ölkədənkənar istənilən yerdə internetə daxil olaraq sistemlə sərbəst interfeysin yaradılması imkanı verir.

Bundan başqa, bu üstünlüklərə xidmətdən istifadənin əlverişliliyi, bu xidmətlərdən yararlanaraq fiziki olaraq banka getmək stresindən, növbələr gözləmək və bürokratik əngəllərdən uzaqlaşmaq imkanı da daxildir. Amma bütün üstünlüklərinə baxmayaraq, istənilən işdə risk amilləri də özünü göstərir. Buna görə də MB internet mağazasında ödəniş apararkən bir sıra məsələlərdə diqqətli olmağı tövsiyə edir.
 
Elektron ünvan http://-lə deyil, "https://" ilə başlayarsa...
 
Belə ki, istifadəçi-alıcının məhsul və xidmətləri əldə edəcəyi internet mağazası etibarlı reputasiyaya malik olmalıdır. İnternet mağazası real ünvana və telefon nömrəsinə malik olmalı, orada məhsulun çatdırılması şərtləri, zəmanət müddəti, malın geri qaytarılması imkanı, əlavə xərclər və s. haqqında təklif və məlumatların tam və həqiqiliyinə əmin olunmalıdır. İnternet mağazasının veb- səhifəsində müştərilər haqqında məlumatların ötürülməsi və bu məlumatların necə qorunması üzrə təhlükəsizlik məlumatları öz əksini tapmalıdır. Xidmətlərindən istifadə edilən internet mağazasının məlumat təhlükəsizliyi sistemindən istifadə etməsindən əmin olunmalıdır.

Belə ki, ekranda göndərilən məlumatların göndərilmə zamanı qorunacağını, məsələn, aşağıda açar simvolu görə bilərsiniz" kimi məlumatları görmək lazımdır. Həmçinin, səhifənin elektron ünvanı http://-lə deyil, məhz "https://" ilə başlamalıdır. Əgər bu qoruyucu işarələrdən heç biri mövcud deyilsə, kart barəsində məlumat daxil edilməməlidir.
 
İnternet üzərindən əməliyyatlar zamanı hansı təhlükəsizlik tədbirləri vacibdir?
 
Bəs internet bankçılıq vasitəsi ilə hansı əməliyyatlar həyata keçirilə bilər? Mərkəzi bankdan bildirilib ki, bu zaman hesab üzrə balansın yoxlanılması, digər kart hesabına pul vəsaitinin köçürülməsi, kommunal xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi, həyata keçirilən əməliyyatlar haqqında çıxarışın əldə edilməsi, sığorta xidməti üzrə ödənişlərin aparılması, mobil telefon operatorları üzrə ödənişlərin aparılması və s. kimi əməliyyatların reallaşması mümkündür.

İnternet üzərindən əməliyyatlar həyata keçirilərkən təhlükəsizlik tədbirləri kimi şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı haqqında məlumatlar məsələn, PİN-kod, ödəniş kartının istifadə müddəti, kredit limiti və s. haqqında məlumatlar açıqlanmamalıdır.

Bundan başqa, internet üzərindən əməliyyat həyata keçirilərkən emitent internet mağazasının məxfilik haqqında siyasəti ilə tanış olunmalıdır. PİN-kod və hesab nömrəsi haqqında məlumatların internet mağazasının satıcılarına açıqlanması yolverilməzdir.

Yayılması narahatçılıq yarada biləcək məlumat, eləcə də  həyata keçirilən ödənişlə əlaqəsi olmayan şəxsi məlumat açıqlanmamalıdır. Parollar, həmçinin hesab üzrə məsafəli xidmət sisteminə qoşulmaq üçün istifadə olunan parol digər şəxslərə verilməməlidir.

Elektron poçtun təhlükəsiz kommunikasiya vasitəsi olmadığını və baş verə biləcək fırıldaqçılıq hallarının qarşısının alınmasını nəzərə alaraq, hesab nömrəsi və ya maliyyə vəsaitləri ilə əlaqədar məlumatlar elektron poçt vasitəsi ilə göndərilməməlidir. İnternetdə həyata keçirilən əməliyyatlar haqqında bütün məlumatların surətləri çıxardılaraq etibarlı yerdə saxlanılmalıdır. Şəbəkədə ödənişlər aparmaq üçün böyük məbləğə malik ödəniş kartlarından deyil, hesabında ediləcək ödənişin məbləği qədər vəsait olan ayrıca kartdan istifadə etmək məqsədəuyğundur.
 
Ödəniş kartı, şəxsi identifikasiya məlumatlarının açıqlanması tələbinə şübhə ilə yanaşılmalıdır
 
Bundan başqa, əməliyyatların həyata keçirilməsi zamanı ancaq bu məqsəd üçün nəzərdə tutulmuş müəyyən limitə malik olan ödəniş kartlarının (məsələn, virtual kartlar) istifadə edilməsi məqsədəuyğundur.

Təqdim etdiyi xidmətlər baxımından artıq tanınmış olan və təhlükəsiz hesab olunan təşkilatların internet səhifələrindən istifadə edilməlidir. Xidmətlərindən istifadə olunan internet səhifələrin həqiqiliyindən əmin olunmalıdı, çünki fırıldaqçılıq əməliyyatlarının həyata keçirilməsi üçün oxşar səhifələr yaradıla bilər.

Bankın tövsiyəsinə görə, ödəniş kartı və ya şəxsi identifikasiya haqqında məlumatların açıqlanmasını tələb edən e-mail və zənglərə, hətta bankdan və ya polisdən olduqlarını təkid etsələr belə, yüksək şübhə ilə yanaşılmalıdır: "Bu cür məktublarda qeyd edilmiş veb-səhifələrə daxil olunmamalıdır. Çünki onlar heç bir zaman bu məlumatları bu üsulla almırlar.

Şəxsi identifikasiya məlumatlarının, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməliyyatlar şəxsi kompyuter vasitəsilə həyata keçirilməlidir". İnternet şəbəkəsi ilə əməliyyatlar digər kompyuter vasitəsilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra şəxsi identifikasiya məlumatları, bank hesabı və ya ödəniş kartı ilə bağlı məlumatların yaddaşda saxlanılmaması təmin edilməlidir. Bundan başqa, səlahiyyətsiz əməliyyatlar nəticəsində bank hesabı üzrə pul vəsaitlərinin azalmasında şübhə yarandığı zaman emitent dərhal məlumatlandırılmalıdır.

Beləliklə, "Ümumdünya hörümçək toru"nda doğrudan da tora düşmək istəmirsinizsə, o zaman internetdə həm pul qazanmağa, həm də xərcləməyə hazırlaşanlar "qızıl qaydalar"ı da unutmamalıdırlar.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 6753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024