12px13px15px17px
Tarix:04/04/12

İTİ-də treninq-seminar keçirilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Azərbaycanda nəşr olunan elmi jurnalların dünya standartlarına uyğunlaşdırılmasına dəstək" mövzusunda treninq-seminar keçirilib. "Azərbaycanda elmə Tomson Reyters Agentliyi tərəfindən baxış" mövzusunun davamı olan tədbirdə AMEA-nın müxtəlif elmi müəssisələrinin alim və mütəxəssisləri iştirak edibilər.

Thomson Reuters Agentliyinin Mərkəzi və Şərqi Avropa üzrə səhiyyə və elm məsələlərinə dair meneceri Devid Horki və Türkiyənin MİKRO Bilgi Kayıt və Dağıtım A.Ş. şirkətinin layihə və beynəlxalq satış üzrə direktoru Metin Tunçun iştirakı ilə aparılan seminar Azərbaycanda elmi məqalələrin Thomson reyestrində öz əksini tapması, elmi jurnalların agentliyin Impact Factor-unu alması, veb-biliklərdən səmərəli istifadə qaydalarının aşılanması, ümumiyyətlə bu sahədə mövcud təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.

Məlumat üçün bildirək ki, Thomson Reuters Agentliyi dünyada intellektual informasiyanın ən iri aparıcı provayderidir. Elmi informasiya mənbəyi olan agentlik qabaqcıl texnologiyalarla təcrübənin vəhdəti sayəsində elm, tibb, maliyyə, hüquq və s. sahələr üzrə obyektiv informasiya təqdim edir. Thomson Reuters şirkətində dünyanın 93 ölkəsindən 50 min insan çalışır.

Şirkətin mənzil-qərargahı Nyu-Yorkda, əsas ofisləri isə London və İqanda (Minnesot ştatı) yerləşir. Thomson Reuters-in səhmləri Nyu-York (NYSE: TRI), Toronto (TSX: TRI), London (LSE: TRIL) və NASDAQ (NASDAQ: TRIN) kimi nüfuzlu fond birjalarında dövriyyədədir. Əldə edilən innovativ elmi nəticələrin təbliğatının aparılmasında agentliyin yaratdığı imkanlardan söhbət açan M.Tunç elmi məqalələrin beynəlxalq aləmdə vüsət alması üçün məhz nüfuzlu jurnallarda dərcinin önəmliyini bildirdi.

"Elmi kəşflərinizi dünyaya tanıdın. Ən böyük təbligat vasitəsi - elmi jurnallardır" – söyləyən mütəxəssis Reuters-in böyük layihələrdə iştirak etmək, patent və qrantlar almaq kimi geniş imkanlar yaratdığını bildirib. M.Tunç elmi jurnalların beynəlxalq aləmdə tanınmasının önəmliyini vurğulayaraq dərgilərin dünya standartlarına uyğunlaşdırılmasının strateji əhəmiyyətini qeyd etdi, bu işlərin yüksək səviyyədə təşkilinin alimlərin beynəlxalq elm mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Veb-biliklərdən səmərəli istifadə, məqalə və istinadların axtarışı qaydaları, istinad indeksinin əhəmiyyəti, verilənlər bazası ilə işləmə prinsipi və s. haqqında ətraflı məlumat verən qonaq elmi nəşrlərin universal referativ verilənlər bazası olan Web of Knowledge (Veb-elm) platformasından istifadənin üstünlüklərindən danışıb. Web of Knowledge-də 23 min elmi jurnalın, 23 min patentin, son 100 ilin arxivinin öz əksini tapdığını bildirib.

Burada 50 milyondan artıq mənbənin və 70 milyondan çox istinadın, dünyanın Çin, Yaponiya, İngiltərə, ABŞ və s. kimi ölkələrinin aparıcı referativ bazalarının olduğunu vurğulayıb. "Tədqiqatçıların tələblərinə cavab vermək üçün baza daim təkmilləşdirilir.

Dünyanın 90 ölkəsindən 20 milyondan artıq tədqiqatçı öz elmi fəaliyyətlərində Web of Knowledge-ə etibar edir". Web of Knowledge-in müasir ideya və aparıcı tendensiyaları əks etdirən yüksək keyfiyyətli məqalələrin hazırlanması, ixtisaslaşdırılmış tərəfdaşların tapılması, məqalələrin daha nüfuzlu jurnallara göndərilməsi, tədqiqatın nəticələrinin vizuallaşdırılması və s. mükəmməl imkanlara malik olduğunu söyləyib.

M.Tunç elmi məqalələrə süni istinadlarla bağlı məsələlərə də toxunaraq bu kimi halların qarşısının alınması üçün mövcud mexanizmlər haqqında da məlumat verib, etik normalara əməl edilməsinin vacib şərtlərdən olduğunu bildirib. O, həmçinin məqalələrin dünyada geniş yayılmış dillərdə verilməsinin məqsədəuyğunluğunu da qeyd edib.

Sonra elmin yüksək templə inkişaf etdiyi müasir dövrdə istənilən fəaliyyət sahəsində elmin rolu və əhəmiyyəti, dünya elminə çıxış, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə əməkdaşlıq əlaqələrinin qurulması haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanın dünyanın elmi informasiya bazasına çıxış imkanlarının artırılmasının elmin innovativ inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğu bildirilib.

Elmi jurnalların reytinqinin qiymətləndirilməsinin vacibliyi qeyd edilərək alimlərin elmi fəaliyyətində innovativ nəticələrin əldə edilməsi, elmi kəşf və innovasiyaların inkişafı baxımından bu kimi işlərin yüksək səviyyədə təşkilinin önəmliyi vurğulanıb. Azərbaycanda elmi məqalələrin Thomson reyestrində öz əksini tapması, elmi jurnalların agentliyin Impact Factor-unu almasının Azərbaycan elmi üçün mühüm göstərici olduğu bildirilib.



Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024