12px13px15px17px
Tarix:03/05/12

“İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində "İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində" mövzusunda tədbir keçirilib. Tədbirdə komitə tərəfindən həyata keçirilən işlərin təqdimatı olub.

Bu barədə "İCTnews " elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov, Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov və digər rəsmi şəxslər iştirak edib.

İclasda komitə sədri Qərib Məmmədov bildirib ki, son vaxtlar ayrı-ayrı ölkələr tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, tarixi, coğrafi adları təhrif olunmaqla, təxribat xarakterli xəritə, atlas və digər materiallar kütləvi informasiya vasitələrində geniş şəkildə yayılmaqdadır: «Bununla belə, təəssüflər olsun ki, ölkə daxilində də heç bir səlahiyyəti və təcrübəsi olmayan təşkilatlar xəritə tərtibatı işləri ilə məşğul olurlar. Nəticədə nəzərdə tutulan məqsədlər üçün tam şəkildə yararsız olan və kartoqrafiyanın tələblərinə cavab verməyən xəritələr ortaya çıxır».

Ölkədə kartoqrafiya fəaliyyəti ilə yanaşı, bu fəaliyyətin əsasını təşkil edən geodeziya və topoqrafiya işlərinin də məhz bilavasitə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilən fəaliyyət  olduğunu önə çəkən Q.Məmmədov deyib ki, 2003-cü ildən etibarən DTXK tərəfindən tərtib olunan xəritələr yalnız elektron formatda hazırlanır: «Elektron xəritə dedikdə ayrı-ayrı laylara (relyef, hidroqrafiya, bitki və torpaq örtüyü, yaşayış məntəqələri, mühəndis-kommunikasiya xətləri və s.) malik olan, eləcə də istifadəsi, yeniləşdirilməsi və dəyişdirilməsi mümkün olan xəritələr nəzərdə tutulur. 

Elektron xəritənin ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, xəritə üzərində istənilən nöqtənin koordinatları məlumdur.

Elektron xəritənin eyni məkan hissəsinin müxtəlif miqyaslı xəritələr toplusu və onların interaktiv olaraq dəyişməyə imkan verən proqram təminatı olmalıdır. İnteraktiv elektron xəritə isə verilənlər bazasındakı məlumatlardan real vaxt rejimində istifadə olunmasına imkan verən xəritədir. "Elektron hökumət"in xidmətlərində interaktiv xəritənin məhz bu funksional imkanları müstəsna əhəmiyyət kəsb edir».

DTXK-nın uzun illərdən bəri geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində üstün təcrübəyə malik olmaqla, bu sahəvi işləri müasir texnologiyanın imkanlarından istifadə etməklə, özünün sahəvi ixtisaslı mütəxəssisləri vasitəsilə həyata keçirdiyini vurğulayan Q.Məmmədov bildirib ki, ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən elektron xidmətlər sahəsində baza kimi məhz komitə tərəfindən tərtib olunan kartoqrafik əsaslardan istifadə edilməlidir: «Nəzərə alınmalıdır ki, komitənin bu sahədəki müstəsna xidmətləri eyni zamanda ölkənin müdafiəsi, təhlükəsizliyi, eləcə də iqtisadiyyatın bütün sahələrində də tətbiq olunur.

Bununla belə, torpaq islahatının birinci mərhələsinin nəticələrindən bu islahatın növbəti mərhələlərində səmərəli şəkildə istifadə olunmasını təmin etmək və nəticə etibarilə bu işdən bütövlükdə həm dövlətin, həm də Azərbaycan xalqının bəhrələnməsi üçün yalnız rəqəmli kartoqrafik bazaya əsaslanan interaktiv elektron xəritələrdən istifadə olunmalıdır».

Q.Məmmədov onu da söyləyib ki, torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq əhalisinin yarısından çoxu torpaq mülkiyyətçisinə çevrilmiş ölkəmizdə bu islahatın nəticələri olan dövlət torpaq kadastrı məlumatları müasir formatda "elektron hökumət" çərçivəsində dövlət və geniş əhali kütləsinə xidmət etməlidir: «Bu istiqamətdə DTXK tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli 425 nömrəli Fərmanına müvafiq olaraq zəruri tədbirlər görülməkdədir.

Bu istiqamətdə görülən işlərin nəticələri olaraq təkcə Abşeron yarımadası üzrə 35 min parselə (torpaq sahəsinə) dair məlumatlar "elektron hökumət portalı"nda yerləşdirilib. Yaxın zamanlarda bu rəqəm 500.000-ə çatdırılacaqdır. Bu işlər eyni zamanda keçmiş Sovetlər İttifaqı dövründə hazırlanmış xəritələrə istinadən aparılmış torpaq islahatının nəticələrinin müasir elektron formatda hazırlanmış xəritələrin üzərinə köçürülməsinə geniş şəkildə imkan yaradıb».

SEYMUR




Baxış sayı: 2076

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024