12px13px15px17px
Tarix:14/05/12

Mərkəzi Asiyada “bir pəncərə” prinsipinin tətbiqi aktuallaşır

Koreyanın Seul şəhərində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində “bir pəncərə” prinsipinin tətbiqi mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan,Tacikistan, Özbəkistan, Monqolustan, Çin, Şri-Lanka, Pakistan, Hindistan və Əfqanıstan respublikalarının gömrük, nəqliyyat və digər xidmətlərinin nümayəndələri iştirak edib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sözügedən konfransda Azərbaycanı Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi Sənan Muxtarov və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin Kommunikasiya və rabitə qurğuları idarəsinin rəisi Azər Abbasov təmsil ediblər.

Tədbirin açılış mərasimi Asiya İnkişaf Bankının İctimai İdarəetmə, Maliyyə Sektoru və Regional Əməkdaşlıq Departamentinin direktoru Yinq Qianın və Ticarətin Asanlaşdırılması bölməsi, Ticarət və İnvestisiyalar Departamenti, BMT “ESCAP”-ın nümayəndəsi Sanqvon Limin iştirakı ilə keçirilib, sonra “bir pəncərə” təşəbbüsü üçün məsləhətlər və tövsiyələr üzrə plenar müzakirələr aparılıb.

Konfransın ikinci və üçüncü günü “bir pəncərə” sisteminin hüquqi aspektlərinə baxış mövzusunda müzakirələr aparılıb. Bu zaman Ümumdünya Gömrük Təşkilatının xüsusi hüquq məsləhətçisi Bill Luddi və hüquq üzrə inspektor və müşavir Luka Kastellani bir sıra qabaqcıl ölkələrdə tətbiq olunan “bir pəncərə” prinsipinin hüquqi bazası, onun tətbiqinin səmərəliliyi, əldə edilmiş nailiyyətlər və bu sahədə mövcud problemlər və boşluqlar, onların aradan qaldırılması yolları barədə ətraflı məlumat veriblər.

Konfransın üçüncü günü Azərbaycan nümayəndə heyəti “bir pəncərə” sistemi üçün əlverişli hüquqi mühit yaratmağa yönəlmiş addımlar” mövzusunda geniş təqdimatla çıxış edib.

Öncə tədbir iştirakçılarına Azərbaycan Gömrük Xidmətində “bir pəncərə” prinsipinin tətbiqini əyani əks etdirən videoçarx nümayiş etdirilib, sonra isə “bir pəncərə” prinsipinin tətbiqinin hüquqi əsasları və onun həyata keçirilməsinin mərhələləri barədə geniş məlumat verilib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən, 2009-cu ilin əvvəlindən respublikanın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallara və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi qərara alınıb. Məqsəd sözügedən sahədə süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılmasıdır.

Qeyd edilib ki, Azərbaycanda “bir pəncərə” prinsipinin tətbiqinin hüquqi bazasının formalaşmasında ilk öncə Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” mühüm rol oynayıb.

Bundan əlavə, bildirilib ki, Azərbaycanda tətbiq olunan “bir pəncərə” prinsipinin hüquqi əsasları 2012-ci il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsində də öz əksini tapıb.
Daha sonra konfrans iştirakçılarına Azərbaycanda həyata keçirilən “bir pəncərə” prinsipinin mərhələləri, icra edilmiş layihələr və gələcəkdə görüləcək işlər, Azərbaycan gömrük xidmətinin infrastrukturu, digər dövlət orqanları ilə məlumat mübadiləsi, “bir pəncərə” prinsipinin texnoloji sxemi, beynəlxalq standartlardan və kriteriyalardan istifadə, eləcə də Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Operativ İdarəetmə Mərkəzi barədə geniş məlumat verilib.

SEYMUR




Baxış sayı: 1047

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024