12px13px15px17px
Tarix:07/06/12

Tullantıların yarımavtomatik çeşidləmə zavodu 2012-ci ilin ortalarında istismara veriləcək

Azərbaycanda təkrar istehsal biznesinin inkişaf etdirilməsi üçün Balaxanı qəsəbəsində illik gücü 200 min tona malik olan bərk məişət tullantılarının yarımavtomatik çeşidləmə zavodunun tikinti-quruculuq işləri tamamlanmaq üzrədir. 2012-ci ilin ortalarında artıq zavodun istismara verilməsi planlaşdırılır.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən məlumat verilib. ASC-dən bildirilib ki, tullantıların idarə edilməsi sahəsində tullantıların çeşidlənməsi və təkrar emalı mühüm utilizasiya üsullarındandır.

Çeşidləmə həm də ucuz xammal bazarı, təbii sərvətlərə, enerjiyə, torpaq ərazilərinə qənaət deməkdir: "Bütün bunlar nəzərə alınaraq, tullantıların çeşidlənməsi "Təmiz Şəhər" ASC-nin tullantılarının idarəedilməsi siyasətinin vacib istiqamətlərindəndir. Sözügedən zavodun qurulması da bu istiqamətə xidmət edir".

Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı materiallar əldə ediləcək ki, bu da tullantıların ümumi həcmini azaldacaq, ucuz xammal bazarı formalaşdıracaq, ölkədə təkrar emal işinin qurulması üçün zəmin yaradacaq: "Bundan əlavə, məişətdə əmələ gələn batareya, akkumulyator və elektron tullantı kimi təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyəti yerlərə göndəriləcək. "Təmiz Şəhər" ASC-yə məxsus çeşidləmə zavodunun istismara verilməsi təbii sərvətlər və enerjiyə qənaəti, ən önəmlisi, ətraf mühitə mənfi təsirin azaldılmasını mümkün edəcək".

Məişət tullantılarının ayrılması və ölkədə təkrar istehsal biznesini inkişaf etdirmək məqsədilə pilot mexaniki və yarımavtomatik çeşidləmə xəttinin qurulduğu bu müəssisədə 100-ə yaxın işçi daimi işlə təmin ediləcək: "Bərk məişət tullantılarının yarımavtomatik çeşidlənməsi zavodunun layihələndirilməsi işini "Aztexlayihə İnşaat" MMC həyata keçirib.

Podratçı şirkət "M-Naf" MMC, təchizatçı şirkət isə "Adelmann" şirkətidir. Ümumiyyətlə, layihənin başlıca faydaları ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin azaldılması, təbii ehtiyatlara və enerjiyə qənaət, təkrar emala yararlı və ucuz xammal bazarı, təkrar emal sənayesinin stimullaşdırılması, son tullantı miqdarının azaldılması, eləcə də yeni iş yerlərinin yaradılmasıdır. Gələcəkdə bu cür çeşidləmə xətlərinin sayının artırılması planlaşdırılır".
 
 
HƏQİQƏT




Baxış sayı: 1282

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024