12px13px15px17px
Tarix:07/06/12

Azərbaycanda dilçiliyin inkişafı ilə bağlı RİTN-in daxil olduğu İşçi Qrupun ilk iclası keçirilib

AMEA Humanitar və İctimai Elmlər Bölməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" imzaladığı sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan İşçi Qrupunun ilk iclası keçirilib.

İşçi qrupuna AMEA, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, AMEA Naxçıvan bölməsi və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, əlaqədar qurumların – Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri daxildir.

"İCTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-dan məlumat verilib. Akademiyadan qeyd edilib ki, bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin sədrliyi ilə keçirilən iclasda İşçi Qrupunun üzvləri akademiklər A.Axundov,V.Məmmədəliyev, AMEA-nın müxbir üzvü T.Hacıyev, filologiya elmləri doktorları F.Veysəlli, M.Mahmudov, A.Məmmədov, S.Məhərrəmova, S.Sadıqova, M.Mirzəliyeva, B.İsmayılov, Q.Udalıx, AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları G.Nəbibəyova və Ə.Qurbanova iştirak ediblər. K.Abdullayev prezident İlham Əliyevin dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizə olan qayğısını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədilə imzaladığı sərəncamı mənəviyyat tariximizdə böyük hadisə kimi qiymətləndirərək, onun mətnini iclas iştirakçılarının nəzərinə çatdırıb. Azərbaycan dili və dilçilik elmi haqqında olan sərəncamı böyük ruh yüksəkliyi ilə qarşılayan iclas iştirakçıları ondan irəli gələn əsas məsələni – Dövlət Proqramı üzərində işləməyə hazır olduqlarını bildiriblər.

K.Abdullayev Humanitar və İctimai Elmlər Bölməsinin iyunun 1-də keçirilən iclasında İşçi Qrupunun dilçilərdən ibarət ilkin tərkibinin təsdiq olunduğunu qeyd edib. Daha sonra həmin qrupa daxil ediləcək digər aidiyyəti qurumların nümayəndələri haqqında təkliflər müzakirə olunub. Dövlət Proqramının hazırlanması prosesinə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurasının İdarə Heyəti və Yazıçılar Birliyinin nümayəndələrinin cəlb edilməsi nəzərdə tutulub. İclasda qrup üzvlərinin Dövlət Proqramının hazırlanmasına dair təkliflərinin Humanitar və İctimai Elmlər Bölməsinə təqdim edilməsi xahiş edilib.

HƏQİQƏT



Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024