12px13px15px17px
Tarix:11/08/12

TEXNOLOJİ KƏŞFLƏR: Kim, nə vaxt və necə?

Əbəs yerə demirlər ki, qloballaşan dünyada texnoloji yeniliklərin inkişaf sürətinə yetişmək mümkün deyil. İnsan zəkasının dinamik inkişafı sayəsində ərsəyə gələn yeniliklər zaman-zaman hər birimizdə təəccüb doğurub. İllər öncə möcüzə hesab edilən bir çox kəşf bu gün gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Təbii ki, hər bir qlobal kəşfin bir səbəbkarı var. Yəni onları ixtira edən şəxslər. Bu yazıda da diqqətimizi çəkən və oxucular üçün də maraqlı olacağını hesab etdiyimiz tarixi kəşflər barədə məlumat verəcəyik.

TELEQRAF: Uilliam Kuke və Carles Uhetston adlı iki ingilis fiziki 1837-ci ildə naqil vasitəsilə elektrik cərəyanı göndərərək mesaj çatdırmağı bacardı. Beləliklə də ilk elektrik teleqraf maşını ortaya çıxdı. Elektrik cərəyanı alıcı cihazın siferblatındakı silsiləvi iynəni hərəkət etdirərək çatdırılacaq mesajın görüntüsünün ekranda meydana çıxmasına kömək olurdu.

MORZE ƏLİFBASI: 1843-cü ildə Samuel teleqraflarda nöqtə və xətlərdən ibarət olan məşhur Morze əlifbasını kəşf etdi. Samuel 60 km uzaqlıqdakı Vaşinqtona bir teleqraf xətti çəkərək, ondan prezident seçkiləri ilə əlaqədar xəbərləri çatdırmaq üçün istifadə etdi.

TELEFON: 1876-cı ildə Aleksandr Qraham Bell və Tomas Uatson adlı iki elektrik mühəndisi telefonu icad etdi. Tarixdəki ilk telefon zəngini 10 mart 1876-cı ildə Bell edib. Deyilənə görə isə Aleksandr Qraham Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. Elə telefonda demək olar ki, hər gün neçə dəfə istifadə etdiyimiz “alo” sözü, əslində onun sevgilisinin qısaldılmış adıdır. Sevgilinin tam adı Allessandra Lolita Osvaldodur. Bu iş yerində telefonla axtaranın Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən Qraham Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Lakin o, zamanla sevgilisinin adını qısaltmağa başladı və sonda ona Alo deməyə başladı. Lakin telefonun kəşfindən başqa bir şey düşünməyən Qraham Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı. Ona görə də o, kimin zəng eləməyindən asılı olmayaraq, hər kəsə “Alo” deyirdi. Bu gün hamımızın istifadə etdiyi “alo” sözü o günlərdən günümüzə qədər gəlib çıxıb. Sevgilisinin onu tərk etməsinə baxmayaraq insanlar onun bu əvəzsiz kəşfini yüksək qiymətləndirmişdilər. Belə ki, 1922-ci ildə yağışlı avqust səhərlərinin birində ABŞ və Kanadada bütün telefonlar bir dəqiqəlik söndürülür.
Amerika Aleksandr Qraham Belli dəfn edirdi, 13 milyon telefon aparatı isə dahi ixtiraçının şərəfinə susurdu.

MOBİL TELEFON- Mobil telefonların ixtirası sabit telefon xətlərinin “yük”ünü nisbətən azaltdı. İndi insanlar ünsiyyət saxlamaq məqsədi ilə istifadə etdikləri mobil telefonların kəşfinə görə Richard H. Frenkiel və Jol S. Engelə minnətdar olmalıdırlar. 1947-ci ildə D.H.Ring simsiz telefonun kəşfinə cəhd etsə də , bu cəhd uğurlu nəticələnməmişdi. Yalnız 1960-cı illərdə Richard H. Frenkiel və Jol S. Engelin kompyuter və elektronikadan istifadə etməsi nəticəsində bu proses uğurlu alınmışdı.

Onu da qeyd edək ki, ilk mobil şəbəkə 1979-cu ildə Yaponiyada yaradılıb. Milyardlarla insanın harda olmalarından asılı olmayaraq, ünsiyyət yaratmaqlarına şərait yaradan Richard H. Frenkiel və Jol S. Engel bu kəşflərinə görə Milli Texnologiya mükafatı ilə təltif olunmuşlar. 2010-cu ildə 53 ölkə arasında aparılmış statistikadan məlum olur ki, ən çox mobil telefon istifadəçisi Çindədir (794,779,000). Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, son il ərzində Azərbaycanda mobil telefon istifadəçilərinin sayı 1,4 milyon və ya 19 faiz artaraq 8,5 milyon nəfər təşkil edib.

Xatırladaq ki, 2009-cu ildə ölkədə mobil telefon istifadəçilərinin artımı 1 milyon 209 min 120 nəfər təşkil edərək ümumi göstərici 7 milyon 757 min 120 nəfər olmuşdur. 2010-cu ilin yanvar ayının 1-nə olan vəziyyətə görə, hər 100 nəfərə 86,2 mobil rabitə abunəçisi düşür. RADİO: 1902-ci də italyan ixtiraçı Quqlelmo Markoni kabel ya da tel olmadan bir yerdən digərlərinə mesaj göndərmənin yolunu kəşf etdi. Beləcə radio meydana gəldi. Markoni ilk dəfə olaraq 9 metr uzaqdan qapının zəngini vurmağı bacara bilmişdi və bunu edərkən hansısa bir naqildən istifadə etməmişdi. O, istifadə etdiyi üsula "elektromaqnit" adını vermişdi. FM RADİO: 1920-ci ilə Eduin Hovard Armstronq, FM radionu inkişaf etdirdi. Elektrik mühəndisi Armstronq FM radionu kəşf edərkən elektromaqnetik ötürüçülərdən istifadə edib.

PEYK: İlk peyk 4 oktyabr 1957-ci ildə SSRİ tərəfindən orbitə göndərilib. "Sputnik" adı verilən dünyanın ilk süni peykinin ağırlığı 82 kq idi. FAKS APARATI: 1980-ci illərdə kəşf olunsa da, belə bir alətin kəşfi üçün cəhdlərin tarixi 19-cu əsrə qədər gedib çıxır. Belə ki, 1843-cü ildə, hələ telefon kəşf edilməmişdən öncə, ingilis Aleksandr Brain, 1862-ci ildə italyan həkim Giovanni Caselli, daha sonra amerikalı Elisha Gray, 1902-ci ildə Artur Korn və nəhayət, 1925-ci ildə Eduard Berlin faks təmayüllü bir sıra maşın kəşf etdilər. 1964-cü ildə isə “Xerox Coorperation” “Uzunməsafəli Surətçıxartma” adlandırdıqları aparatı ictimaiyyətə təqdim etdilər. Bu aparat vasitəsi ilə 6 dəqiqə ərzində bir səhifəlik sənədi bir yerdən başqa yerə ötürmək mümkün olurdu. Bu proses çox ləng getsə də, 1970-ci illərdə yapon şirkətlərinin bazara daxil olması ilə daha asan işləyən, daha sürətli və keyfiyyətli faks maşınlarının istehsalına başladılar.

ÇÖRƏKQIZARTMA MEXANİKİ MAŞINI: 1909-cu ildə “Ceneral Elektrik” şirkəti, ilk elektrikli çörəkqızartma maşınını bazara çıxarıb. Dilimlənmiş çörək elektriklə isidilən bir tel üzərinə qoyulurdu. Nizamlı bir saat vaxt tamam olanda elektriki kəsir və çörəyi çölə tərəf itələyirdi.

MEXANİKİ SAAT: 999-cu ildə Qerbert bəşəriyyətin vaxtı ölçə bilmə arzusuna xidmət etmək üçün yeni bir məhsul ortaya qoydu. Fransız keşiş və sonrasında Papa olan Qerbert ilk mexaniki saatı kəşf etdi.

TİKİŞ MAŞINI: İlk tikiş maşını 1830-cu ildə Bartelemi Timonner tərəfindən icad edilib. Lakin o dövrlərdə bir çox dərzi işini itirəcəyi qorxusuyla bu maşınları sındırırdı.

ELEKTRİK ÜTÜ: 1882-ci ildə Anri Sili elektrik ütünü kəşf edib. Bundan qabaqkı ütülər isə dəmirdən idi və odun üzərində isinirdi.

ELEKTRİK SÜPÜRGƏ: Elektrikli süpürgə 1901-ci ildə Habert Buz tərəfindən icad edilib. Buzun tozsoranı o qədər böyük idi ki, bir yerdən başqa yerə aparmaq üçün atlı avtomobildən istifadə edilirdi. Lakin cihaz yaxşı işləyirdi; belə ki, ingilis kralı VII Eduard öz tacqoyma mərasimindən əvvəl salondakı xalçaların bu süpürgə ilə təmizlənməsini istəmişdi.

ELEKTRİK SOYUDUCU: İlk elektrikli soyuducu Karl Linde tərəfindən 1877-ci ildə kəşf edilib. Lindenin cihazı ilə yeməkləri soyutmaq üçün freon qazı əvəzinə metil adlı son dərəcə partlayıcı bir qazdan istifadə edilirdi. Ona görə də bu soyuducu çox yayılmadı. Freon qazı istifadə edilən ilk soyuducunu isə Balzer Von Platen ilə Karl Munters birgə hazırlayıb.

RƏVAN



Baxış sayı: 14700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024