12px13px15px17px
Tarix:03/09/12

“Rabitə” klubunun Dünya çempionatında rəqibləri müəyyənləşib

Qadın voleybolçular arasında FİVB klublararası Dünya çempionatının püşkatma mərasimi keçirilib. Oktyabrın 13-19-da Qətərin paytaxtı Dohada keçiriləcək mundialda Azərbaycan çempionu “Rabitə”nin rəqibləri müəyyənləşib.
 
Yarışın son qalibi olan Bakı təmsilçisi növbəti titulu uğrunda A qrupunda mübarizə aparacaq. Marçello Abbondanzanın yetirmələri Asiyanın ən güclüsü - Çinin “Tianjin Bridgestone” klubu ilə qarşılaşacaq. Komandamızın ikinci rəqibinin isə qitəsi məlumdur. Bu, Cənubi Amerika təmsilçisi olacaq. Lakin orada çempionat hələ davam etdiyindən klubun adına yekunda aydınlıq gələcək. Çox güman ki, həmin komanda ötən ildə baş tutan mundialda “Rabitə”yə uduzmuş Braziliyanın “Sollis Osasko” klubu  olacaq.
 
Püşkatmaya əsasən, B qrupunda Çempionlar Liqasının son qalibi “Fənərbaxça” (Avropa, Türkiyə), Afrikanın ən güclüsü “Kenya Prisons” (Keniya) və Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələrinin (NORCECA) qalibi “Lançeras de Katano” (Puerto-Rika) münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Reqlamentə görə, qrupda ilk 2 yeri tutacaq klublar yarımfinala yüksələcəklər və çarpaz olaraq bir-biri ilə qarşılaşıb, finalçını müəyyənləşdirəcəklər. Yəni, ilkin mərhələdə cəmi 1 komanda çıxışını dayandıracaq.
 
Müqayisə üçün bildirək ki, ötən il yarış ərəfəsində Dünya Kuboku olduğu üçün bəzi klublar tam heyətlə Qətərə yollana bilməmişdi. Məhz “Rabitə” də həmin zaman 2 amerikalı legionerinin xidmətindən məhrum olmuşdu. Bu dəfə isə heç bir ciddi turnir olmadığından Dünya çempionatı gərgin mübarizə vəd edir.
 
Qeyd edək ki, FİVB “Rabitə”nin mundiala ötən mövsümdə uğurlu çıxışını, voleybolun inkişafı üçün apardığı düzgün siyasəti və komandada qələbə ruhunu əsas götürərək, “wild card”la dəvət edib. “Güzəştli kart”ı Azərbaycan klubunun qazanmasında, həmçinin “Rabitə”nin son analoji yarışın qalibi olması da böyük rol oynayıb.




Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024