12px13px15px17px
Tarix:06/09/12

AzTEST-də radio-texniki mövzu üzrə kurslar keçiriləcək

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzində (AzTEST) standartlaşdırma və metrologiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təlim mərkəzi yaradılıb.

Mərkəzdə 30-a qədər mövzu üzrə kursların keçirilməsi nəzərdə tutulub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, mövzulara radio-texniki, xətalar nəzəriyyəsi, ölçmə nəticələrinin qeyri-müəyyənliyinin hesablanması, təzyiq, temperatur, elektrik, fiziki-kimyəvi, mexaniki, xətti-bucaq, sərf və miqdar, həcm və tutum ölçmə vasitələrinin kalibrlənməsi, müəssisələrdə İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sistemi” standartının tətbiqi və s. aiddir.

Bundan başqa, İSO 14001: 2005 “Ətraf mühitin idarəedilməsi sistemi”, OHSAS 18001:2006 “Əməyin təhlükəsizliyinin idarəedilməsi sistemi”, İSO/İEK 17025 standartının tələblərinin öyrənilməsi, İSO 19011 “İdarəetmə sistemləri üzrə rəhbəredici göstərişlər”, konkret məhsul üçün müəssisələrdə texniki şərtlərin hazırlanması qaydaları, standartların hazırlanması, onlarda dəyişikliklərin edilməsi və onların ləğv olunması, HACCP (Risklərin analizı və kritik nəzarət nöqtələri) sisteminin müəssisələrdə  tətbiqi və s. mövzular üzrə də təlimlər planlaşdırılıb. Kursları bitirənlərə xüsusi vəsiqə və iştirakçı sertifikatı veriləcək. Səriştəlilik və yaxud səlahiyyətlilik sertifikatını almaq üçün isə kursu bitirmiş dinləyicilər attestasiyadan keçəcəklər.

Məlumat üçün bildirək ki, ölkədə məhsulların beynəlxalq standartlar əsasında istehsalı, yüksək keyfiyyətli xidmətlərin göstərilməsi və özəl sektorda ixracın stimullaşdırılması, ixrac mallarının çeşidinin artırılması, həmçinin yerli istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsul, mal və xidmətlərlə təmin edilməsi üçün ilk növbədə bu sahədə çalışan kadr potensialının səriştəliliyini və təcrübəsini gücləndirmək tələb olunur.

Komitənin Təcrübə-Sınaq Mərkəzi tərəfindən təşkil olunan ixtisasartırma kursları və təşkili planlaşdırılan təlim mərkəzinin fəaliyyəti də məhz istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etmək hədəfi daşıyır. Kurslarda iştirak etmək istəyən maraqlı tərəflər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) (Keyfiyyəti idarəetmə şöbəsinə) müraciət edə bilərlər.
 
HƏQİQƏT




Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024