Nazirin ABŞ-a səfəri uğurlu olub
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ABŞ-a işgüzar səfəri başa çatıb.
Mayın 23-də Ə.Abbasov Kaliforniya ştatının San-Fransisko şəhərinin Qlobal Ticarət Şurasında "Azərbaycan Şərqi Avropa və Asiyanın kəsişməsində" mövzusunda iqtisadi brifinqdə iştirak etmişdir.
San-Fransisko Qlobal Ticarət Şurasının prezidenti Barbara Pivniçka brifinqi açaraq bildirmişdir ki, Dünya Bankının göstəricilərinə görə, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Xüsusilə də, ölkənin hər üç ildən bir, iki dəfə artan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru xarici biznes adamları üçün əlverişli imkanlar yaradır. San-Fransisko ərazisi və bütün "Silikon Vadisi"ndə fəaliyyət göstərən texnologiya şirkətlərinə bu baxımdan Azərbaycanın İKT sektoru ilə yaxından tanış olmağa dəyər.
Əli Abbasov ölkəmizin iqtisadiyyatının əsas sahələri və onların ümumi daxili məhsuldakı payı, eləcə də Azərbaycanın idxal və ixrac prioritetləri barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan hökuməti İKT sektorunu diqqətdə saxlayaraq bu sahəyə yerli və xarici iş adamlarının cəlb edilməsi üçün xüsusi proqramlar həyata keçirir. Hesablamalara görə, 2025-ci ilədək İKT sektoru artaraq ölkə iqtisadiyyatının neft və qaz sahəsindən gələn gəlirləri üstələyəcəkdir. Hazırda məqsəd İKT sahəsinin potensialından tam istifadə edəcək yolların tapılması və tətbiq edilməsidir. Azərbaycan xarici şirkətlər üçün tək daxili bazar deyil, bütün bölgənin informasiya texnologiyaları və kommunikasiya üzrə bazarlarına çıxış ola bilər. Nazirlik xüsusilə yerli şirkətlərlə işbirliyi quracaq xarici tərəfdaşlarda maraqlıdır. Hökumət tərəfindən yaradılan müvafiq fond belə işbirliklərinin ilkin kapitalını maliyyələşdirməyə hazırdır. Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanı barədə danışaraq bildirmişdir ki, bu sənəd informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmasının dövlət siyasətinin prioritetlərindən biri olduğunu nümayiş etdirir və bütün sahələrdə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına yönəldilmişdir.
Brifinqdə iştirak edən Qlobal Ticarət Şurasının şirkət-üzvlərinin nümayəndələri Azərbaycanın İKT sahəsində mövcud layihələri, ölkə iqtisadiyyatında müxtəlif qeyri-neft sektorlarının payı və digər məsələlərlə maraqlanmışlar. Şura üzvləri San-Fransisko ərazisində işgüzar dairələrin Azərbaycana artan marağını nəzərə alaraq belə brifinqin daha geniş keçirilməsini təklif etmişlər. Ə.Abbasov onları gələcəkdə virtual brifinqlə Azərbaycanın təhsil, səhiyyə və digər qeyri-neft sektorlarının nümayəndələri ilə tanış olmağa, orada xarici sərmayəçilərə maraqlı ola biləcək layihələri öyrənməyə dəvət etmişdir.
Sonda San-Fransisko meriyasının beynəlxalq ticarət və kommersiya şöbəsinin direktoru Mark Çandler San-Fransisko meri Edvin Linin adından Azərbaycan nazirinə San-Fransiskoya səfəri ilə bağlı fəxrnamə təqdim etmişdir. Fəxrnamədə mer E.Lin San-Fransisko şəhərinə Azərbaycanla möhkəm və qarşılıqlı faydalı iqtisadi əlaqələr qurmaq imkanı verildiyindən məmnunluq duyduğunu ifadə etmişdir. Əli Abbasov San-Fransisko Qlobal Ticarət Şurasına Azərbaycanın qədim tarixini və təbiətini əks etdirən milli poçt toplusunu hədiyyə etmişdir.
Mayın 24-də nazir Əli Abbasov San-Fransisko Dövlət Universitetində "Soft Kompyutinq" üzrə dünya konfransında iştirak etmişdir.
Konfransın birinci hissəsində Azərbaycan naziri dünya şöhrətli alim, qeyri-səlist məntiq nəzəriyyəsinin ixtiraçısı, əslən azərbaycanlı olan professor Lütfi Zadəyə Prezident İlham Əliyevin adından "Dostluq" ordenini təqdim etmişdir. Yüksək mükafatı qəbul edən alim demişdir: "Mənim şərəfimə bu konfransın təşkil edilməsindən böyük məmnunluq duyuram və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dərin minnətdarlığımı bildirirəm. Bu qədər dostla əhatə olunmağım mənə hədsiz sevinc bəxş edir. Mən həmişə demişəm ki, Azərbaycan oğluyam. Azərbaycan Prezidenti İlham Əliyev məni "Dostluq" ordeninə layiq gördüyünə görə təşəkkürümü bildirirəm. Mən onunla görüşlərimdən, İlham Əliyevin müdrikliyi, intellekti və uzaqgörənliyindən çox təəssüratlanmışam. Azərbaycan belə lideri olması ilə fəxr etməlidir".
Sonra konfrans iştirakçılarına Lütfi Zadənin Azərbaycandakı uşaqlıq illəri və sonralar ölkəyə qayıdaraq keçirdiyi görüşlər, xatirələrini əks etdirən film nümayiş etdirilmişdir.
Baxış sayı: 3041
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir