12px13px15px17px
Tarix:13/09/12

700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatları elektron bazaya köçürülür

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, bu sahədə vətəndaşlara, biznes qurumlarına daha çevik və şəffaf mexanizmlər əsasında xidmətlərin göstərilməsi, kadrların peşəkarlıq səviyyəsinin daha da artırılması ilə bağlı davamlı tədbirlər görülür. Bu tədbirlərdən ən mühümü artıq 2012-ci ilin may ayından başlanan daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqidir.

Bu da əmlak bazarında şəffaflığın daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etimadının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə dövlət qeydiyyatından keçirmələrinə imkan yaradır.

Belə ki, artıq vətəndaşlar daha asan və rahat şəraitdə vaxtlarına qənaət edərək, istənilən zaman heç bir ünvana müraciət etmədən komitənin “emdk.gov.az” saytında yaradılmış elektron xidmətlər bölməsi vasitəsi ilə yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi üçün müraciət edirlər.

Eyni zamanda hüquqi və fiziki şəxslər daşınmaz əmlak üzərində hüquqlarının məhdudlaşdırılmasına dair arayışlarının (Forma 1) alınması üçün də eyni qayda ilə komitənin elektron xidmətlərindən istifadə edirlər.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib. Onun sözlərinə görə, komitəyə artıq daşınmaz əmlakla bağlı çıxarışların və arayışların (Forma 1) verilməsi ilə bağlı 200-ə yaxın elektron müraciət daxil olub: “Bu müraciətlər sırasında Bakı şəhəri ilə yanaşı, respublikanın digər regionlarından da müraciətlər mövcuddur.

Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, onlayn rejimində təmin edilib. Bununla yanaşı, komitənin rəsmi internet səhifəsində daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət fəaliyyət göstərir”.

Bu bölmədə elektron xidmətlərin göstərilməsi qaydaları, əmlak qeydiyyatı və hərraclarda iştirak üçün müraciət (ərizə) formaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları, bir sözlə elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan bütün məlumatlar yerləşdirilib. Həmçinin komitənin internet saytı vasitəsi ilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsinə də imkanlar təmin edilib.

Q.Xəlilov bildirib ki, komitəyə daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı daxil olan vətəndaş müraciətlərinə diqqətin artırılması, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində mövcud qaydaların sadələşdirilməsi, sənədlərin təqdimetmə müddətlərinin azaldılması istiqamətində də işlər görülür: “Qeyd olunmalıdır ki, vətəndaşlar tərəfindən əmlakları üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı daxil olan müraciətlərə 20 gündən gec olmayaraq baxılır və əmlakın dövlət qeydiyyatı ilə bağlı müvafiq çıxarışlar təqdim edilir.

Bununla yanaşı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (Forma 1) dair dövlət reyestrindən arayışlar ərazi qeydiyyat idarələri tərəfindən müraciət daxil olduğu gündən 5 iş günündən gec olmayaraq verilir.

Həyata keçirilən işlərin, habelə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsi kimi əhalinin daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakla bağlı digər əməliyyatların aparılması məqsədi ilə komitənin yerli qeydiyyat orqanlarına müraciətləri artmaqda davam edib”. Belə ki, 2012-ci ilin yanvar-avqust aylarında ölkədə 98 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb.

Qeydiyyatdan keçən əmlakların 28 mini ilkin, 70 mini isə təkrar qeydiyyata aiddir. 2012-ci ilin yanvar-avqust ayları ərzində respublika üzrə aparılmış ümumi qeydiyyatın 37 mini (37.4 %) Bakı şəhərinin payına düşüb. 2012-ci ilin yanvar-avqust ayları ərzində 92 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Bu müddət ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 71 minə yaxın məhdudiyyət arayışı verilib. 2012-ci ilin yanvar-avqust ayları ərzində tərtib edilmiş texniki pasportlardan 33 minə yaxını (35.7%), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 27 minə yaxını (37.6 %) Bakı şəhərinin payına düşür.

Bunlarla yanaşı, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri qeydiyyat məlumatlarının elektron arxivin və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları hazırda elektron bazaya köçürülür.

Belə ki, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilir: “Elektron arxivlərin yaradılması və qeydiyyat sənədlərinin elektron formata köçürülməsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin göstərilməsində vaxt itkisinin aradan qaldırılmasına, operativliyin dəfələrlə artırılmasına imkanlar yaranır”.


Həqiqət İSABALAYEVA




Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024