12px13px15px17px
Tarix:15/09/12

«Rabitəçi» sağlamlıq düşərgəsində «Bilik günü» keçirilib

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Göradil qəsəbəsində yerləşən «Rabitəçi» sağlamlıq düşərgəsində məskunlaşan şuşalı qaçqınların birinci sinfə qədəm qoyan fidanları üçün «Bilik günü» keçirilib.

Düşərgədə yerləşən Şuşa rayon 9 saylı məktəbdə düzənlənən tədbirdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, «Aztelekom» İB-nin rəhbərliyi, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Əvvəlcə məktəbdə yeni tikilmiş musiqi sinfi ilə tanışlıq olub. Siniflərdə musiqi dərslərini daha səmərəli keçirmək üçün 2 piano, tar, qarmon və digər musiqi alətləri ilə təmin olunub.

Tədbirdə çıxış edən  məktəbin direktoru Qədim Abdullayev bildirib ki, məktəbdə ildən-ilə şagirdlərin sayı artır. Bu il məzunlardan 6-nın abituriyent olduğunu və onların da 3-nün ali məktəblərə qəbul olunduğunu vurğulayan Q.Abdullayev şagirdlərin ölkə üzrə keçirilən olimpiadalarda birinci yerləri tutduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rəhbərlik etdiyi məktəbin uğurlarının hər il artdığını deyən direktor bu il 15 uşağın birinci sinfə qədəm qoyduğunu söyləyib.

Daha sonra Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov «Bilik günü» münasibəti ilə şagirdləri və müəllimləri təbrik edib. O bildirib ki, Azərbaycan MDB ölkələri arasında şagirdlərin sayının ildən-ilə artmasına görə yeganə ölkədir. Nazir müavininin sözlərinə görə, bu il birinci sinfə gedənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min çoxdur: «Bu uşaqlar Azərbaycanın gələcəyi üçün dəyərli töhfədir. Şagirdlərin sayının artması da bizi sevindirir.

Azərbaycan hökuməti təhsilə böyük diqqət yetirir. Cənab prezident İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində təkcə paytaxtda deyil, eyni zamanda ölkənin ən ucqar kəndlərində də yeni-yeni məktəblər tikilir, köhnələri isə əsaslı təmir olunur. Bütün bunlar da Azərbaycanda təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Arzu edirəm ki, sizinlə «Bilik günü»nü Şuşada, yeni tikilmiş məktəbdə qeyd edək».

Daha  sonra Heydər Əliyev Fondu tərəfindən göndərilən məktəb ləvazimatları ilə təchiz edilmiş çantalar birincilərə təqdim olunub. Bu il ali məktəblərə qəbul olunan şagirdlərə isə mobil telefon hədiyyə edilib.

SEYMUR




Baxış sayı: 2420

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024