12px13px15px17px
Tarix:27/09/12

Yol polisi maşınlarında videonəzarət kameraları quraşdırılıb

Azərbaycanda yol-patrul xidməti avtomobillərində videokameralar quraşdırılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, video və audioyazılar aparılması üçün avadanlıqlar "Yol-Patrul Xidməti haqqında Təlimat"ın göstərişinə uyğun olaraq quraşdırılıb. K.Əliyevin sözlərinə görə, artıq respublikadakı əksər patrul xidməti avtomobillərində bu cür avadanlıqlar istifadəyə verilib.

Şöbə rəisi onu da əlavə edib ki, digər az qisim yol-patrul avtomobillərində də bu vasitələrin quraşdırılması prosesi aparılır: «Patrul avtomobilindəki kamera xidmətə çıxdığı vaxtdan daim işlək vəziyyətdə olur. Sürücü ilə ünsiyyətdə də audio və videoyazı aparılır, bütün danışıqlar qeydə alınır. Sürücülərdən xahis edirik ki, münaqişə yaratmasınlar, yol polisinin fəaliyyəti ilə bağlı yalan, böhtan xarakterli məlumatlar verməsinlər.

Artıq elə faktlar var ki, sürücünün yol verdiyi qayda pozuntusu da, yol polisi əməkdaşının sürücü ilə normal danışığı da video və audioyazılarda qeydə alınıb. Amma vətəndaş müraciət edir ki, yol polisi əməkdaşı onunla kobud rəftar edib. Həmin görüntülərdən aydın olur ki, vətəndaş böhtan xarakterli müraciətlər edib. Bu da məsuliyyətdən yayınmaq üçün atılan bir addımdır. Baş vermiş mübahisələr araşdırılarkən, mübahisəyə baxan orqanın müraciəti ilə video və audioyazılar həmin orqana təqdim olunur».

Çəkilən görüntülər və yazıların yol polisinin maraqları baxımından silinməsi məsələsinə aydınlıq gətirən K.Əliyev bildirib ki, yol polisi əməkdaşı istəsə də, həmin görüntüləri və yazıları poza bilməz: «Buna nəzarət var. Yol patrul xidməti avtomobilindəki radiorabitə sistemi işə düşəndən sönənədək (bu sistem xidmət müddətində açıq olmalıdır) videokamera və audiocihaz daim işlək vəziyyətdədir. Qeydə alınan görüntülər müəyyən müddət saxlanılır. İnspektor-sürücü arasındakı münasibəti araşdıran orqanın müraciəti ilə videogörüntülər və audioyazı həmin orqana təqdim olunur".

Yol-patrul xidməti avtomobillərində sözügedən vasitələrin quraşdırılmasından sonra sürücülər tərəfindən yol polisi əməkdaşları ilə onlar arasında olan danışıqların video və audioçəkilişinin aparılmasına ehtiyac qalmadığını vurğulayan K.Əliyev əlavə edib ki, sürücülər tərəfindən aparılan yazıların sübut kimi qəbul edilib-edilməməsi məhkəmədən asılıdır.

Məlumat üçün bildirək ki, "Yol-Patrul Xidməti haqqında Təlimat"a görə, patrul avtomobili radiocihaz vasitəsi, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.

SEYMUR



Baxış sayı: 2815

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024