12px13px15px17px
Tarix:12/11/12

“CNBC” telekanalının saytında Londonda Azərbaycanın tolerantlıq modelinə həsr edilmiş tədbirlə bağlı material dərc edilib

Amerikanın ən çox tanınan telekanallarından olan "CNBC" kanalının saytında noyabrın 8-də Londonda keçirilən, "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" adlı tədbirə həsr edilən material dərc olunub.

Qeyd edək ki, tədbir sözügedən ölkədə fəaliyyət göstərən "İngiltərə-Azərbaycan Cəmiyyəti" və "Odlar Yurdu" təşkilatı tərəfindən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Yazıda qeyd edildiyinə görə, adıçəkilən konfrans Azərbaycanın dini tolerantlığın Mərkəzi Asiyada və onun hüdudlarından kənarda təbliğ olunması məqsədilə tolerant və çoxdinli dövlətin qurulması sahəsində öz tarixi nailiyyətlərindən faydalanmağa hazır olmasını bir daha bariz şəkildə sübuta yetirdi.

"Konfrans Lord Freyzer tərəfindən təşkil olunub, o, Azərbaycanın dini tolerantlıq məsələlərində əldə etdiyi nailiyyətlərin heç də layiqincə qiymətləndirilmədiyini vurğulayıb", - "CNBC" telekanalı qeyd edir.

Materialda o da qeyd olunur ki, Azərbaycanda əhalinin 95%-nin müsəlman olmasına baxmayaraq, ölkə həm də müsəlman dünyasında geniş təşəkkül tapan yəhudi icmalarının da vətəninə çevrilib.

Məqalənin müəllifi onu da qeyd edib ki, ölkədə çoxlu sayda katolik, protestant və pravoslav dinlərinin nümayəndələri sülh və əmin-amanlıq şəraitində, sıx əlaqələr yaradaraq birgə yaşamaqdadırlar.

"Bakıda bu gün 3 sinaqoq fəaliyyət göstərir, məktəbləri, mədəniyyət mərkəzləri olan yəhudi icması var, hətta universitetlərdən birində ivrit dili də tədris olunur"- "CNBC" telekanalı qeyd edir.

"Sovet İttifaqının süqutundan sonra Bakıda sinaqoq müsəlmanların maliyyə dəstəyi ilə yenidən tikilib"- telekanal Lord Freyzerin sözlərindən sitat gətirir.

"Mən dünyanın daha hansı ölkəsində belə bir şeyin baş verə biləcəyini təsəvvür belə edə bilmirəm"- Lord Freyzer deyib.

Materialda qeyd edilir ki, Azərbaycan əhalisinin çoxdinli tərkibə malik olması ölkənin tarixində özünəməxsus qədim köklərə dayanır.

"Sovet hakimiyyətinin 70 ilik dini repressiyaları faktiki olaraq, həyata keçirilən məqsədin əks-nəticə verməsinə gətirib çıxarıb, Azərbaycanda çoxdinli əməkdaşlıq inkişaf etməyə başlayıb" - materialda qeyd edilir.

Məqalə müəllifinin sözlərinə görə, Sovet İttifaqının süqutundan sonra ötən 20 il ərzində 9 milyon əhaliyə malik olan ölkədə 500 müxtəlif dini icma meydana gəlib.

"CNBC" telekanalının materialında qeyd edilir ki, konfransda həmçinin İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da çıxış edib.

Məqalədə qeyd edildiyinə görə, Leyla Əliyeva bildirib ki, qərb dövlətlərinin Azərbaycanın bu sahədəki rolunu qəbul etməsinin və onun bölgədəki liderliyini dəstəkləməsinin vaxtıdır.

"Tolerantlıq bizim üçün nailiyyət demək deyil, bu bizim üçün kifayət qədər təbii prosesdir, bu həmişə belə olub"- telekanal Leyla Əliyevanın sözlərindən sitat gətirir.

"Hesab edirəm ki, bu gün yəhudi xalqının, xristianların və müsəlmanların sülh və əmin-amanlıq şəraitində, həmahəng şəkildə yaşaya bildiklərini nümayiş etdirmək xüsusilə vacibdir və biz buna nail olduğumuzla da xüsusilə fəxr edirik"- Leyla Əliyeva bildirib.

Məqalədə qeyd edilir ki, Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Müəlliflər tolerantlığın aşılanmasında hökumətin rolunu vurğulayan komitə sədri Elşad İskəndərovun sözlərindən sitat gətiriblər.

"Azərbaycan neft və qazdan savayı başqa sahələrdə də öz töhfəsini verə bilər, belə töhfələrdən biri də dinlərarası tolerantlığın modelidir" – deyə o vurğulayıb və bildirib ki, ölkəmizin tolerantlıq modeli Avropada və daha sıx əməkdaşlığa ehtiyacın yarandığı digər ölkələrdə də istifadə oluna bilər.

"CNBC"-nin məqaləsində qeyd edildiyinə görə, E.İskəndərov onu da bildirib ki, Azərbaycanın uğurlarının sübutuna ən bariz nümunə o ola bilər ki, yəhudi icması ölkədə get-gedə inkişaf etməkdədir.

"Azərbaycan elə bir ölkədir ki, Sovet İttifaqının süqutundan sonra buradan mühacirət edən yəhudilər yenidən ölkəyə qayıtmaq istəyirlər, çünki burada özlərini tam mənada təhlükəsiz yerdə hiss edirlər"- "CNBC" kanalı E.İskəndərovun sözlərindən sitat gətirir.

Azərbaycanın yəhudi icmasının rəhbəri Moşe Bekker konfransda bəyan edib ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb, yəhudilər bu ölkədə müsəlman və xristian qardaşları ilə birgə sülh şəraitində yaşayır və əməkdaşlıq edirlər.

Məqalədə həmçinin Azərbaycanda ən gənc kilsə olan yevangelistlərin "Slovo mira" icmasının pastoru Rasim Xəlilovun da sözlərindən sitat gətirilir, o bildirib ki, ölkənin inanclılarının həyat tərzinə nəzər salmaqla, dövlətin bu sahədə uğurlarını aydın şəkildə görmək mümkündür.

"İnsanlar ürəklərində və ağıllarında olanları azad şəkildə ifadə edə bilirlər"- deyən komitə sədri E.İskəndərov onu da əlavə edib ki, növbəti məqsəd bütün dünyada tolerantlığın aşılanmasına nail olmaqdan ibarətdir ki, Azərbaycan da bu məsələyə öz əhəmiyyətli köməyini göstərə bilər.

"Bizim məşhur olan neftimiz və qazımız kimi, insani münasibətlərimiz və dözümlülüyümüz də dünya üçün vacib məsələdir"- "CNBC" kanalı komitə sədrinin sözlərindən sitat gətirir.

Qeyd edək ki, sözügedən tədbirin əsas məqsədi Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modelinin Britaniyanın siyasi və akademik elitasına təqdim edilməsindən ibarətdir. Tədbirdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının nüfuzlu üzvləri, habelə həm hakim Mühafizəkar, həm də müxalif Leyborist partiyalarından olan parlament üzvləri, hökumət təmsilçiləri, Londondakı diplomatik korpusun nümayəndələri, Britaniyanın anqlıkan, yəhudi və müsəlman icmalarının fəalları iştirak ediblər.




Baxış sayı: 1024

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024