12px13px15px17px
Tarix:11/12/12

Kompakt-diskin ixtiraçısı ondan bir sent belə qazanmayıb

Rəqəmli kompakt-diskin ixtirası ənənəvi olaraq iki şirkətə ("Philips" və "Sony") aid edilir. Lakin digər versiyaya əsasən, "CD" texnologiyasını amerikalı fizik Ceyms Rassel 1960-cı illərdə ixtira edib.

Adı çəkilən firmaların müəllifliyini bir çox mənbələr, məsələn, məşhur "Wikipedia" onlayn-ensiklopediyası təsdiq edir. "Wikipedia" onlayn-ensiklopediyasına inansaq, "Philips" və "Sony" şirkətləri rəqəmli kompakt diski 1980-cı ildə birgə hazırlayıblar, iki ildən sonra isə Langenhagen şəhərində onun kütləvi istehsalına başlanılıb.

Bundan sonra "Microsoft" və "Apple" şirkətləri də bu prosesə qoşulmuş və onların səyi nəticəsində "CD" texnologiyası "CD-ROM"-a çevrildi və 1987-ci ildə fərdi kompüter dünyasında inqilab etdi.

Digər versiya isə Ceyms Rassellə bağlıdır. O, 1931-ci ildə Vaşinqton ştatının Bremerton şəhərində anadan olub.

Birinci ixtirasını 6 yaşında olarkən hazırlayıb. Məsafədən idarə olunan gəmi hazırlamışdı və Rasselin səhər yeməyi həmin gəminin anbarında gəlirdi.

O, 1953-cü ildə Portlend şəhərində yerləşən kolleci bitirərək fizika üzrə bakalavr oldu. Rassel fizik kimi "General Electric" şirkətinin laboratoriyasında işə düzəldi və orada bir sıra təcrübi layihələrə başladı.



Ceyms Rassellin insan-maşın interfeysi kimi rəngli televiziya ekranı və klaviaturadan istifadə etməyə başlayan birinci şəxslərdən olduğu hesab edilir. O, birinci olaraq elektron dəstələrinin qaynağı üçün qurğu layihələşdirmiş və hazırlamışdır.

"Battelle Memorial" institutu 1965-ci ildə Riçlenddə Sakit okean şimal-qərb laboratoriyasını (Pacific Northwest Laboratory) açdı və Rassell onun baş elmi işçisi oldu. Rassel artıq o zaman hansı istiqamətdə fəaliyyət göstərəcəyini bilirdi.

Məsələ ondadır ki, fizik klassik musiqinin çılğın həvəskarı idi. O vaxtın bir çox melomanları kimi Rassell də zamanla vinil plastinkaların keyfiyyətinin aşağı düşməsinə görə tez-tez məyus olurdu.

Təkmilləşdirmələr etməyə çalışan alim adapter kimi hətta kaktusun iynələrindən istifadə etməyə cəhd göstərmişdi.

Rassel bir dəfə şənbə günü günorta zamanı səsin yazılması və səsləndirilməsinin rəqəmli sistemi ilə bağlı sxemin eskizini hazırlamağa qərar verdi.

Nəticədə o, doğrudan inqilabi ideya yaratdı; düşündüyü qurğuda yazının oxudulması prosesinin komponentləri arasında fiziki əlaqə mövcud deyildi.

Rassel o zaman məlumatların perfokart və maqnit lentinə rəqəmli yazılması üsulu ilə tanış idi, lakin o, işıqdan istifadənin ən yaxşı üsul olduğunu başa düşmüşdü.

Fizik 0 və 1, qaranlıq və işıq düşündü. Əgər ikilik kod kifayət qədər yaxşı sıxılsa, o zaman ikilik kodda yalnız melodiyaları deyil, bütöv ensiklopediyaları belə saxlamaq olar.

İnstitutdan alimin analoq siqnalın rəqəmli siqnala çevrilməsi üzrə şəxsi layihəsi üzərində işləməsinə icazə verildi.

Nəticədə Rassel bir neçə ildən sonra səsin yazılması və səsləndirilməsinin birinci optik-rəqəmli sistemini ixtira etdi və 1970-cı ildə onu patentlədi.



O, məlumatların sərt fotohəssas diskə yazılması üsulunu tapdı. Lazer şüası ikilik kodu oxuyurdu, kompüter isə məlumatları elektron siqnala çevirirdi. Bax bu birinci rəqəmli kompakt-disk idi.

Zamanını qabaqlamış bir çox hazırlamalar kimi "CD" də əvvəlcə investorlar üçün o qədər maraqlı olmadı. Lakin 1971-ci ildə riskli biznesmen Eli Ceykobs (Eli Jacobs) "Optical Recording" korporasiyasının əsasını qoydu və komandaya Rasseli dəvət etdi. O, video disk yaratmalı idi.

İdeya televiziya proqramlarını kiçik plastik daşıyıcılarda poçt vasitəsilə göndərməkdən ibarət idi. Nəticədə, insanlar öz sevimli verilişlərinə istənilən zaman baxa bilərdilər.

Şirkət 1974-cü ildə Çikaqoda keçirilən sərgidə optik-rəqəmli televiziya maşınını təqdim etdi. Bu maşın rəngli təsviri rəqəmli təsvirə çevirən birinci qurğu idi. Lakin investorlar heç bir reaksiya vermədilər.

1975-ci ilin yayında "Philips" şirkətinin nümayəndələri Rassellin laboratoriyasına baş çəkdilər və onun işini elə də yüksək qiymətləndirmədilər: "Onlar bildirdilər ki, bu, məlumatların saxlanılması üçün çox yaxşıdır, lakin siz bunu video və ya audio üçün uyğunlaşdıra bilmərsiniz" – fizik belə xatırlamışdı.

Qeyd edim ki, Hollandiya şirkəti laboratoriyaya baş çəkməzdən bir neçə il əvvəl analoq optik video pleyeri üçün lazer diski istehsal etmişdi.

"Philips" şirkəti analoq versiyanın yeganə mümkün variant olduğunu düşünürdü: "Şirkət o zaman lazer diskin hazırlanmasına 60 milyon dollar sərmayə yatırtdıqda heç kim onlara səhv etdiyini demədi" – Rassell bildirib.

"Philips" şirkəti ixtiraçının laboratoriyasına ekskursiyadan iki ay sonra kompakt disk təqdim etdi.

Nəticədə, yalnız "Philips" deyil, həm də "Sony" və digər şirkətlər Rasselin texnologiyasının inkişafı ilə məşğul olmağa başladılar. Lakin ixtiraçının adı heç bir yerdə xatırlanmırdı.

Rassell texnologiya üzərində hüququ inhisarlaşdırmadı: "Bu insanların hər şeyi müstəqil etməsini söyləmək çətindir. Çünki müxtəlif yerdə yaşayan iki insanda eyni ideya ola bilər, burada qeyri-adi heç nə yoxdur. Ola bilər ki, biz eyni ideya üzərində paralel işləmişik. Lakin onlar sonralar bu texnologiyaya görə pul ödədilər".

Doğrudan da, "Philips" və "Sony" şirkətləri kompakt-disk oxuducusunun satışlarından lisenziya ayrılmaları ödədilər. Pula "Battelle Memorial" institutu, "Optical Recording" korporasiyası və onun sahibi Ceykobs sahibləndilər.

1992-ci ildə "Time Warner" və digər disk istehsalçıları "Optical Recording" korporasiyasını məhkəməyə verdilər. Nəticədə patent hüququnun pozulmasına görə 30 milyon dollar ödədilər, çünki məhkəmənin qərarına əsasən, "Optical Recording" korporasiyanın "CD" texnologiyasına xüsusi hüququ var idi.

Bununla belə, Rassell bu puldan heç vaxt bir sent belə əldə etmədi, belə ki kompakt diskə olan 26 patent "Optical Recording" korporasiyasına məxsus idi.

Rassel məlumatların saxlanılmasının optik sistemləri üzərində işləməyə davam edirdi və sərt disklərə yeni rəqib – təsadüfi müraciətli optik yaddaş (Optical random-access memory — ORAM) fikirləşdi.

Yeni sistemdə fırlanan disk yox idi və ümumiyyətlə heç bir hissə hərəkət etmirdi, məlumatlar işıq vasitəsilə oxunurdu. Rassell 1991-ci ildə tərəfdaşı Pol Naumla birgə "Ioptics" şirkətini yaratdı. "Microsoft" korporasiyası tərəfindən bu işə qoyulan milyonlarla dollar investisiyalara baxmayaraq, sistemə tələbat olmadı.

Rassellin hazırda nə ilə məşğul olduğunu söyləmək çətindir. İxtiraçı haqqında mətbuatda son xatırlama 2000-ci ilə aiddir. O zaman Rassell elm və texnikanın inkişafını zənginləşdirdiyi üçün "Vollum Award" mükafatına layiq görülmüşdü.

Emil Hüseynov



Baxış sayı: 1706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024