12px13px15px17px
Tarix:07/01/13

Əhaliyə elektron sənəd mübadiləsi haqqında müqavilə təqdim edilib

Vergilər Nazirliyi əhaliyə elektron sənəd mübadiləsi haqqında müqaviləni təqdim edib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətindən məlumat verilib. Artıq sözügedən müqavilənin elektron versiyası da nazirliyin rəsmi internet səhifəsində (http://www.taxes.gov.az/) yerləşdirilib. Maraqlı şəxslər çox asanlıqla nazirliyin saytından müqavilə formasını endirərək istifadə edə bilər.

Qeyd edək ki, elektron sənəd mübadiləsi haqqında müqavilədə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2009-cu il tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"na və tərəflərin razılığına uyğun tərtib edilib. Müqavilənin predmetini vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə həyata keçirilməsini, o cümlədən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin (məktubların, aktların, protokolların, qərarların, tələbnamələrin, bildirişlərin, xəbərdarlıqların, arayışların, çıxarışların və digər sənədlərin) elektron şəkildə göndərilməsini, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, vergi orqanına müraciətlərin və digər sənədlərin elektron şəkildə göndərilməsini təmin edir.

Eləcə də bura vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, İnternet vergi idarəsində vergi bəyannamələrinin (hesabatların) elektron sənəd formasında göndərilməsini, vergi orqanları tərəfindən onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsi, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, İnternet vergi idarəsində digər vergi ödəyicilərinə alınmış mala (işə, xidmətə) görə ƏDV-nin depozit hesabı vasitəsilə ödənişlərin (məxaric əməliyyatlarının) aparılması, vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, İnternet vergi idarəsində digər vergi ödəyicilərinə satılmış mala (işə, xidmətə) görə elektron vergi hesab-fakturasının hazırlanıb təqdim edilməsi daxildir.

Nazirlik bildirir ki, müqavilənin 2.1.2-ci bəndində qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası"na uyğun həyata keçirilməlidir. «Müqavilənin 2.1.3-cü bəndində qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2007-ci il tarixli, 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na uyğun həyata keçirilməlidir.

Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Vergi ödəyicisi tərəfindən istifadəçi kodu, parol və şifrədən istifadə edilməklə, habelə vergi orqanları tərəfindən müvafiq proqram təminatı vasitəsilə göndərilən elektron sənədlər imzalanmış sayılır. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır».

Müqaviləyə əsasən vergi ödəyicisinin bir sıra hüquqları var. Bura ödəyicinin özünə məxsus olan məlumatlara baxmaq, elektron sənəd mübadiləsi ilə əlaqədar mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə vergi orqanına və ya məhkəməyə müraciət etmək, müqavilədən müvafiq ərizə verməklə imtina etmək (ƏDV ödəyiciləri istisna olmaqla), müqavilənin qüvvədə olduğu müddətdə vergi bəyannamələrini (hesabatlarını) kağız formatda təqdim etməmək, istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, vergi orqanına müraciətlərini və digər sənədləri elektron şəkildə göndərmək daxildir.

Məlumat üçün bildirək ki, vergi orqanının hüquqları isə müqavilənin qüvvədə olduğu müddətdə vergi ödəyicisi tərəfindən göndərilmiş eyni hesabat dövrü üzrə eyni tip bəyannaməni yalnız bir formatda (elektron və yaxud kağız formatda) qəbul etmək. Bu şərt pozulduqda hesabat dövründə daha gec təqdim edilmiş bəyannamənin qəbul edilməsindən imtina etmək, müəyyən olunmuş elektron formata uyğun gəlməyən bəyannamələrin (hesabatların) və digər sənədlərin qəbul edilməsindən imtina etmək, vergi ödəyicisi elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara və normalara əməl etmədikdə hesabat dövrünün başa çatmasına azı 10 gün qalmış xəbərdarlıq edilməklə müqavilədən birtərəfli qaydada imtina etmək, vergi ödəyicisinə sənədləri (məktubları, aktları, protokolları, qərarları, tələbnamələri, bildirişləri, xəbərdarlıqları, arayışları, çıxarışları və digər sənədləri) elektron şəkildə göndərmək aiddir.

Nazirlik bildirir ki, tərəflər bu müqaviləni bağlamaqla öz üzərilərinə vəzifələr götürür. Vergi ödəyicisinin vəzifələri elektron sənəd mübadiləsi ilə bağlı Vergilər Nazirliyinin bütün təlimat və qaydalarına əməl etmək, müəyyən olunmuş formatda tərtib olunan elektron bəyannaməni (hesabatı) qanunvericilikdə müəyyən olunmuş müddətdə vergi orqanlarına göndərmək, elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin etmək, sistem tərəfindən qəbul edilməmiş və səhv aşkar edilmiş bəyannamələri (hesabatları) yenidən hazırlayıb göndərmək, elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, istifadəçi kodu, parol və şifrə unudulduqda və ya istifadəçi kodu, parol və şifrənin başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal qeydiyyat üzrə vergi orqanına yazılı məlumat vermək, vergi orqanlarına təqdim edilmiş elektron bəyannamələri (hesabatları) və vergi orqanlarından alınmış bütün elektron sənədləri azı 7 il ərzində saxlamaq, elektron sənədlərin mübadiləsindən imtina edildikdə vergi orqanına ərizə vermək, vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görməkdir.

Vergi orqanının vəzifələri isə ödəyicinin ərizəsinin qəbulundan sonra 2 iş günü müddətinə elektron sənəd mübadiləsi üçün ona zəruri İstifadəçi kodu, şifrə və parolu təqdim etmək, vergi ödəyicisindən müəyyən edilmiş elektron formatda tərtib olunan elektron sənədi qəbul etmək və bu barədə vergi ödəyicisini məlumatlandırmaq, elektron şəkildə qəbul edilmiş bəyannamənin (hesabatın) ilkin yoxlanılmasını təmin etmək, bəyannamənin (hesabatın) və bildirişin elektron şəkildə tərtib və təqdim olunması üçün zəruri proqram təminatları Vergilər Nazirliyi tərəfindən hazırlanır və müqavilə əsasında əvəzsiz (ödənişsiz) vergi ödəyicisinə təqdim etməkdən ibarətdir.

SEYMUR



Baxış sayı: 2128

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024